Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Buna görə şəhid ailələri və qazilərin üzərinə getməyi məqbul saymıram”
“Buna görə şəhid ailələri və qazilərin üzərinə getməyi məqbul saymıram”

“İntizam bir ordunun ruhudur. O, kiçik cəmiyyətlərə məğlubedilməzlik, zəiflərə uğur, orduya hörmət qazandırar”. Corc Vaşinqton (ABŞ-ın 1-ci prezidenti)

Nizam-intizam bir ordunun bel sütunudur. İntizamsız bir ordu hər zaman məğlubiyyətə məhkumdur. Bu reallıq bizə həm dünya, həm də öz doğma tariximizdən məlumdur. Hələ 1990-cı illərin əvvəllərində -Birinci Qarabağ Müharibəsi zamanında işğalçılara qarşı döyüşən Ordumuzun yeni-yeni formalaşması, rəhbərliyinin hərbi işlərin təşkilində qeyri-peşəkar, səriştəsiz olması, şəxsi heyət arasında tabesizlik halları, əmr və tapşırıqların sorğulanması, bölmələr arasında sağlam rabitə əlaqəsinin olmaması və sair problemlər, təəssüf ki, həmin dövrdə məğlubiyyətimizin ciddi səbəblərindən biri olmuşdu.

Bu gün Azərbaycan Ordusu keçmişin acı təcrübələrini unutmayıb. Həmin acı təcrübələr, düşmənə qarşı yaranmış nifrət hissi və bütün bunlarla bütünləşmiş dəmir hərbi intizam bu gün Azərbaycan əsgərini qəti qalibiyyətə, düşməni isə alçaldıcı məğlubiyyətə düçar edib.

Şübhəsiz ki, hər bir orduda olduğu kimi, bizim ordumuzun da fəaliyyəti, xidməti nizamnamələrə söykənir. O nizamnamələrdə hərbi qulluqçularımızın hərbi salam vermə şəklindən, ictimaiyyətdə özünü aparma şəklinədək hər bir detal qeyd olunub.

Bəs bu gün dəmir hərbi intizam Azərbaycan Ordusunda hansı şəkildə qorunub saxlanılır?

8 Noyabr Zəfər Günü münasibətilə keçirilən yürüşdə vətəndaşlarımızla birlikdə, həm də bir çox veteranlarımızın, qazilərimizin iştirakını qeyd etmişdik. Onlar bu yürüşə elə öz hərbi geyim formasında qatılmışdı. Təbii ki, o hərbi formaları daha da şərəfli edən, məhz onun daşıyıcısı olan şərəfli insanlar – qazilərimiz, veteranlarımız, hərbçilərimizdir. Ancaq bu gün cəmiyyətimizi narahat edən suallardan və müşahidələrdən biri də həmin hərbi geyimlərin əsgəri nizamnaməyə uyğun formada qorunub saxlanılma şəkilləridir. Məsələn, müharibədə sıravi əsgər kimi iştirak edən bəzi qazi və veteranlarımızın Xüsusi Təyinatlı Qüvvələrə məxsus zoğalı beret və bunun kimi digər hərbi atributları üzərində daşıması, hərbi geyimdə ikən üz nahiyəsinin tüklü saxlanılması, hərbi geyimlə uyğunlaşmayan saç kəsimi, hərbi geyimin yığışdırılaraq daraldırması, səhra geyim formasının üzərinə hərbi medalların vurulması və sair kimi məsələlər və bunlara qarşı Ordu rəhbərliyinin reaksiyasız qalması, təbii ki, müəyyən sualların yaranmasına da səbəb olur.

Elxan Şıxəliyev Elxan Şıxəliyev

Mövzu ilə əlaqədar Bizimyol.info ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyevlə söhbətləşib. Hərbi ekspert bu məsələni postmüharibə dövrünün elementlərindən biri adlandırıb: “Hər zaman müharibələrdən sonra qazilər dalğası, müharibədə iştirak etmiş şəxslər, veteranlar bir müddət bu formanın daşınmasına meylli olarlar və bu, keçid dövrü üçün məqbuldur. Bizə məlumdur ki, hərbi formanın daşınmasının pozulması elementləri çox ciddi şəkildə var. Hər bir hərbi güc strukturlarının öz hərbi atributları var. Həmin atributlar kimin üzərindədirsə, o, öz əksini tapmalıdır. Əlavə olaraq da, bizim silahlı qüvvələrin nizamnamələrində necə tələb olunursa, o şəkildə daşınmalıdır. Sifətlərin təmizliyi, saç düzümünün tərtibatı hərbi geyim formasının daşınması barədə əsasnamələrdə öz əksini tapıb. Bu, bəzi veteranlar və qazilər tərəfindən pozulurmu? Bəli, pozulur. Müvafiq qurumlar, o cümlədən, Müdafiə Nazirliyinin hərbi polis və Daxili İşlər Nazirliyinin müvafiq strukturları buna keçici olaraq, göz yumurlarmı? Bəli, yumurlar. Ona görə ki, bu, həssas bir dönəmdir. Qalibiyyətimizin birinci ildönümü çərçivəsində baş verir. İndi bu məsələ ilə bağlı şəhid ailələrinin və qazilərin üzərinə getməyi məqbul hesab etmirəm. Amma bu, necə yekunlaşacaq? Bizim 1-ci Qarabağ Müharibəsi zamanından təcrübəmiz var. Bir neçə müddətdən sonra, xüsusilə, növbəti illərdə bu saylar, görünən problemlər azalaraq gedəcək. Günün birində bu istək öz-özünə aradan qalxacaq.

Hal-hazırda Ordumuzun Türkiyə Cümhuriyyəti Ordusuna paralel keçidi ilə yanaşı, onu da misal gətirmək olar ki, Türkiyədə ümumiyyətlə, mülki həyatda insanların hərbi geyimi geyinməsi mənəvi olaraq dəstəklənmir. Çünki onlar düşünür ki, mən hərbi forma daşıyıcısı olaraq əhaliyə hər hansısa rahatsızlıq yaşada bilərəm. Təbii, biz Ordumuzun nimzamnamələrində də bunun qadağan olunduğunu qeyd etdik. Amma nə üçün baş verdiyinin də səbəbini bir daha qeyd etmək istəyirəm ki, həssas dönəmdəyik. İnsanlar o formanı geyinməklə özlərində mənəvi rahatlıq tapırlar. Bəs bu gün üçün onların həmin formanı o şəkildə daşıması bizlər üçün ciddi problem mənbəyidirmi? Elə hesab etmirəm.

Bu problemlə bağlı hansısa şəhid ailəsi, qazi və yaxud veteranlarımızın üzərinə gedilməsini də doğru hesab etmirəm. Onsuz da bir müddət sonra, bu proses öz sürətini azaldacaq. Günün birində biz bu şəkildə hərbi formada gəzən insanları görməyəcəyik”,- deyə hərbi ekspert Elxan Şıxəliyev əlavə edib.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Azərbaycanda "təmiz ətir" biznesi: Məşhur mağazalar da saxtakarlıq edir
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
Son xəbərlər
Bütün xəbərlər »