Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Daş qırılar, tunc əriyər, amma Türklük əbədidir" - Bu gün Atatürkün anım günüdür (Video)
"Daş qırılar, tunc əriyər, amma Türklük əbədidir" - Bu gün Atatürkün anım günüdür (Video)

"Daş qırılar, tunc əriyər, amma TÜRKLÜK əbədidir" deyən Başkomandan Qazi Marşal Mustafa Kamal ATATÜRK-ün ölümündən 83 il keçir.

Bu gün Mustafa Kamal ATATÜRK, Türkiyənin hər yerində saat 09:05-də "sayğı duruşu" ilə yad edilidi. Çağırış zəngi çalındı və hər kəs 1 dəqiqə müddətində millətin qurucusunu yad etdi. Sonra şair Mehmet Akif Ərsoyun yazdığı İstiklal marşı çalındı. Və bu ənənə, illərdir belə davam edir. Ölümündən 83 il keçsə də, bu gün Türk xalqı öz xilaskarını unutmur, xatirəsini yad edir, sözlərini həyat prinsipinə çevirir və onun yolu ilə addım atmağa çalışır.

Mustafa Kamal Atatürkün dillərdən düşməyən onlarla ifadələri var. "Nə mutlu, Türküm deyənə", "Yurtta sülh, cihanda sülh" və s. bu kimi ifadələri bu gün də insanların dilindən düşmür. Atatürk sevilir. Atatürk, Türk milləti üçün böyük dəyərdir.

Türk xalqının gələcəyi üçün mübarizə aparan Atatürk deyirdi ki, "Hər bir halda mənim bədənim bir gün torpaq olacaq, amma Türkiyə Cümhuriyyəti əbədi yaşayacaq".

Atatürkün doğum günü və ayı ilə bağlı tarixdə rəsmi rəqəmlər olmasa da, məlumatlara görə, O, 1881-ci ildə Selanikdə dünyaya gəlib. Hərbi Akademiyanı kapitan rütbəsi ilə bitirən Mustafa Kamal, Osmanlı dövləti adından könüllü olaraq müxtəlif döyüşlərdə iştirak edib. Ancaq Msutafa Kamalın və Türk millətinin dönüş nöqtəsi, onun Samsuna çıxması ilə bərqərar olub. Bu səfərlə birlikdə I Dünya Müharibəsində məğlubiyyətlə üzləşən Osmanlı dövlətinin işğalına qarşı, xalq arasında bir mübarizə başlamışdı. Yəni "Millətin gələcəyini, yenə milətin əzim və iradəsinin qurtaracağı" inancına bağlanaraq milli mübarizənin təməlləri atılmışdı. İzmirin işğalı ilə başlayan Qurtuluş Müharibəsi boyunca, müxtəlif cəbhələrdə mübarizə aparan və Türk millətinin zəfəri elan edilmişdi. Müharibə davam etdiyi dövrdə 1920-ci ilin aprelin 20-də Türkiyə Böyük Millət Məclisi açılmış və Mustafa Kamal Atatürk, hökumət başçısı seçilmişdi. Bu addım Türkiyə Cumhuriyyətinin qurulması baxımından olduqca əhəmiyyətlidir. 1923-cü il oktyabrın 23-də Cümhuriyyət elan edilmiş və Mustafa Kamal Atatürk, yeni qurulan dövlətin ilk başçısı seçilmişdi.

Hərbi və siyasi problemlərlə keçən uzun illərdən sonra Mustafa Kamal Atatürkün səhhətində 1937-ci ildə ciddi problemlər yarandı. Bir müddət sonra ona serroz diqanozu qoyuldu. Ona həm Türk, həm də əcnəbi həkimlər tərəfindən müxtəlif müalicə kursları keçilsə də, xəstəliyi irəliləyirdi. O, 1938-ci ildə noyabrın 10-da dünyasını dəyişir.

Atatürk, Dolma Bahçe Sarayında vəfat edir. Ancaq dəfn mərasimində nəşi Ankaraya aparIlır. 15 il Etnoqrafiya muzeyində müvəqqəti məzarda dəfn edilsə də, sonradan "Anıtkabir"ə köçürülür.

"Məhəmməd Əmin bəy, mən dünyaya səndən 3 il əvvəl göz açmışam Ancaq bütün Türk aləmində Türk-ün istiqlal bayrağını sən qaldırmısan və bayraq enməsin deyə, mən sənin əlindən alıb Türkiyə üzərində dalğalandırmışam. Enməz demisən bu bayraq, enməyəcəkdir"...

Bu sözlər, Türkiyə Cumhuriyyətinin qurucusu və ilk dövlət başçısı Başkomandan, Qazi Marşal Mustafa Kamal Paşa Atatürkün 1918-ci ildə mayın 28-də Azərbaycan Demokratik Cümhuriyyətini quran Məhəmməd Əmin Rəsulzadəyə yazdığı məktubddandır. Atatürk, bu məktubu Məhəmməd Əmin Rəsulzadəyə Azərbaycan dilində yazmışdı.

Azərbaycan-Türkiyə arasında münasibətlər də elə 28 may 1920-ci ildən başlayır. Nuri Paşa, Türkiyə və Azərbaycan hərbçilərindən ibarət olan Qafqaz İslam Ordusu ilə Azərbaycanı erməni və bolşevik-rus işğalından qurtardıqdan sonra iki ölkə arasında sarsılmaz qardaşlıq bağları möhkəmlənir.

Türkiyə Böyük Millət Məclisi yarandıqdan sonra Mustafa Kamal Atatürk, Mehduh Şevket Esendalı Bakıya Türkiyə Böyük Millət Məclsinin təmsilçisi kimi təyin edir. Eyni şəkildə Azərbaycan Hökuməti, İbrahim Əbilovu Ankara təmsilçi olaraq təyin edir. Əbilov, etibar məktubunu 1921-ci ildə Atatürk-ə təqdim edir. Və bu mərasimdə Atatürk, ölkələr arası münasibətlərdən danışır:

“Azərbaycan Türklərinin dərdləri dərdimiz və sevincləri bizim sevincimiz olduğu üçün onların arzularına çatması, azad və müstəqil olaraq yaşamaları bizi çox sevindirir".

Azərbaycan-Türkiyə münasibətlərinin təməli belə qoyulur. Aradan uzun illər keçsə də, bu qardaşlığı heç kim, heç nə poza bilməz. Əksinə bizi müharibə, yaşadığımız sıxıntılar birləşdirir. Türkiyə, hər zaman Azərbaycanın tək olmadığını hiss etdirir. Türkiyə, hər zaman böyük öndər Mustafa Kamal Atatürk-ün yolunu davam etdirir. Yüz illər keçəcək, təməli Atatürk və Məhəmməd Əmin Rəsulzadə tərəfindən qoyulan bu dostluq və qardaşlıq hər zaman davam edəcək.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »