Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bir müddət sonra o həddə çatır ki, daha gözünü heç nə qorxutmur"
"Bir müddət sonra o həddə çatır ki, daha gözünü heç nə qorxutmur"

Bakıda qadını şantaj edən Lənkəran rayon sakini saxlanılıb. Adı mətbuata açıqlanmayan bu üzdəniraq "qəhrəman", qadını ona aid videonu yayacağı ilə hədələyərək 7000 dollar istəyirmiş. İştəhası da pis deyilmiş "adamın". Hazırda bu şəxsiyyət(?)lə bağlı Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanıb.

İndi keçək mətləbə. Artıq bu neçənci faktdır ki, qadınlar yaşadıqları, sevdikləri, həyat yoldaşları və ya dost hesab etdikləri insanlardan uzaqlaşandan - ayrıldıqdan sonra şantaja məruz qalırlar. Bu kişiciklər, qadınla müəyyən müddət yaşayıb, keyfilərini aldıqdan sonra pul almaq eşqinə də düşürlər. Qısascası, qadını ona ər-sevgili deməyə peşman edirlər. Şantaja aldanıb pul verən qadınlar, uzun müddət bu şantajçıları sözün əsl mənasında "saxlayırlar". Sonda ya pul bitir, ya səbr. Yol, yenə hüquq mühafizə orqanlarından düşür. Şantajçını yaxalamaq, həbs etdirmək o qədər də asan başa gəlmir. Qadının keçirdiyi həyəcan, stress, bir zamanlar sevdiyi və ya sevməsə belə, yaşadığı insanın ona qarşı atdığı bu iyrənc addımını qəbul etməsi asan məsələ deyil.

Şantajçı ilə necə davranmalı?

Mütəxəssislərə görə, şantaj cinayət hadisəsidir. Və bu sübut edildiyi təqdirdə, şantajçını həbs cəzası gözləyir. Psixoloq Səbinə Bayramlının sözlərinə görə, əgər bir adam qarşısına şantaj edərək pul qazanmağı məqsəd qoyubsa, onu bu fikrindən daşındırmaq mümkün deyil.

"Onunla qarşılıqlı söhbət etmək, müzakirə etmək, niyə belə etdiyinin səbəbini soruşmaq, razılığa gəlmək, istədiklərini vermək və ya hədələmək çıxış yolu deyil. Çünki bu şəxsin qarşısında məqsəd var. Məqsəd, ya sizinlə yenidən münasibətə başlamaq və ya əldə edə bilmədiyini əldə etmək və yaxud da pul qazanmaq. Siz nə desəniz, nə danışsanız, heç bir fərqi olmayacaq. Bəzən qadınlar şantaj edilən zaman qorxuya düşür, yaşadıqlarına görə təhqir ediləcəklərindən qorxur və yaxud nəyisə, kimisə itirməkdən qorxurlar. Buna görə də şantajçının şərtləri ilə razılaşırlar" - deyə psixoloq bildirib. Onun sözlərinə görə, şantajçı ilə qarşı-qarşıya qalan qadın, ilk növbədə yaşadıqlarına cavabdeh olmağı öyrənməlidir. Qorxmamalı və şantajçı ilə bağlı hüquq mühafizə orqanlarına müraciət etməlidir.

"Şantajçı psixologiyası, fərqlidir. Aldıqca almaq istəyir. Bir müddət sonra o həddə çatır ki, daha gözünü heç nə qorxutmur. Və şantaja davam edir. Qurbanının nə düşündüyünün fərqində olmur. Havadan gələn pul, o qədər gözlərini bağlayır ki, qurbanının intihar edəcəyini belə düşünmür. Məqsəd, daha çox qazanmaqdır. Qurbanını "biabır" edəcəyi ilə hədələyib, bu yöndə kiçik-kiçik addımlar da atır. Bu sizi qorxutmasın. Səhvlərinizi qəbul edin, polisə zəng edin, hər şeyə hazır olun",- deyə eskpert bildirib.

Qeyd edək ki, konstitusiyanın 32-ci maddəsinin 3-cü hissəsinə əsasən, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz.

Şantajçını hansı cəza gözləyir?

Şantaj vasitəsilə pul tələbi, cinayət məsuliyyəti yaradır. Cinayət məcəlləsinin 182-ci maddəsinə əsasən, intim şəkillərlə və sair rüsvayedici məlumatların yayılacağı ilə şantaj edərək pul tələb edən şəxsi, 3 ildən 5 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir. Əgər bu hərəkətlər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə və ya zor tətbiq etməklə törədildikdə və ya təkrar törədildikdə və ya xeyli miqdarda pul tələb etməklə törədildikdə, təqsirkar şəxsləri 5 ildən 10 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.

Şantajla bağlı qanunvericilikdə ciddi cəzalar nəzərdə tutulsa da, təəsüüf ki, bu cəzalar heç kimi qorxutmur. Odur ki, siz də qorxmayın, polisə zəng edin!

İlahin, Bizimyol.info

Paylaş »
››› Çində uyğurların kütləvi saxlandığı yeni düşərgələr aşkar olunub
››› Dekabrın 15-dən sonra necə olacaq: İki dövlət qurumu döyüşür, zərbə xalqa dəyir...
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Barmaq şaqqıltılarının əsl səbəbi
››› Milli ruhsuzların “Elitizm” xəstəliyi
Son xəbərlər
Bütün xəbərlər »