Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Həqiqətən biz sənə açıq-aşkar bir zəfər bəxş etdik!” (“Fəth” surəsi)
“Həqiqətən biz sənə açıq-aşkar bir zəfər bəxş etdik!” (“Fəth” surəsi)

“Həqiqətən biz sənə açıq-aşkar bir zəfər bəxş etdik!” (“Fəth” surəsi, 1-ci ayə)

Bu gün – 8 noyabr 2021-ci il, Qarabağda Azərbaycan əsgərinin qanı bahasına qazandığı zəfərin bir ili tamam olur. Bu gün qanı ilə zəfər qazanıb, o zəfəri Azərbaycan, eləcə də bütün Türk dünyasına ərmağan edən Azərbaycan Ordusunun, əsgərinin günüdür. Eyni zamanda, o əsgəri illərlə isti, soyuq, yarı ac, yarı tox, min bir əziyyətlə yetişdirib, boya-başa çatdırıb, gözünün nuru ilə böyüdüb, öz bağrından çıxaran müzəffər Xalqın günüdür.

Bu gün “Zəfər Günü” münasibətilə “Azneft Meydanı”ndan “Qənimətlər Parkı”nadək təşkil edilmiş yürüşə qatıldıq. Azərbaycan Ali Hərbi Məktəbinin Kursantlarının və Müdafiə Nazirliyinin hərbi orkestrnın müşayiəti ilə aparılan yürüşdə demək olar ki, insan seli əlindən yer yox idi. Hələ saat 10:00 olmamışdan, meydana yığılan əhali və onlarla birlikdə yürüşü izləmək üçün gələn İkinci Qarabağ Müharibəsi veteranları, qazilər də hərbi yürüşün başlamasını səbrsizliklə gözləyirdi.

Nəhayət, ən öndə hərbi orkestrın musiqi sədaları altında, gözlənilən yürüş, təyin olunmuş vaxtda başladı. Çiyinlərində uzunluğu 470 metr olan Azərbaycan bayrağını nizami sıra addımları ilə daşıyan kursantlar və onların arxasınca gələn Dövlət Sərhəd Xidmətinin süvariləri vətəndaşlarımızın “Şəhidlər ölməz, Vətən bölünməz!”, “Ən böyük əsgər, bizim əsgər!”, “Qarabağ Azərbaycandır!” şüarları altında Qənimətlər Parkına doğru irəliləyirdi.

Coşğu və təntənə ilə keçirilən yürüşdə diqqətimizi cəlb edən maraqlı hadisələr də yaşandı. Belə ki, hər kəs kursantların, süvarilərin sıravi addımlarla keçidini telefonları ilə qeydə alarkən, onlardan bir qədər arxada dayanmış, əllərindəki təmizlik ləvazimatlarını bir əli ilə tutub, o biri əlini qaldıraraq şəhidlərimizə, qazilərimizə, eləcə də yürüşdəki gənc kursantlara ürəkdən dualar edən təmizlik işçilərini müşahidə etdik. Onların əksəriyyəti ahıl yaşa çatmış xanımlar idi və maraqlıdır ki, qeyr-iş günündə də onlar öz işlərinin başında idilər. Yürüş, avtomobil yolunun üzərində keçirildiyindən, yola çıxmaq qadağan olunsa da, o işçilər həmin yollarda öz işlərini görürdülər. Bizə elə gəldi ki, burdakı hərbçilərimizin yerə basdığı o sağlam addımlar elə məhz həmin bu xanımların, anaların duaları hesabınadır. Hətta aralarında kövrəlib, ağlayanlar belə oldu. Biz onlarda olan bu duyğusallığı başqa heçkəsdə müşahidə etmədik.

Daha sonra kənardan sakit şəkildə yürüşü izləyən qazilərimizə yanaşdıq. Bəzilərinin gözündə sevinc, bəzilərində kədər hiss olunurdu. Əsasən, bir neçəsi bir yerə yığılıb, öz aralarında söhbət aparsalar da, bir çoxu yürüşü təkbaşına izləyirdi. Onlardan birinə yaxınlaşdıq. Çəliyinə söykənib, damağında siqaretlə yürüşü izləyirmiş kimi görünsə də, gözləri bir nöqtəyə dikilib qalmışdı. Yaxınlaşıb, salam verdikdə, diksinib, bizə baxdı. Daha sonra da salamımızı aldı. Onunla biraz söhbətləşdik. Məlum oldu ki, O, müharibə zamanı onunla birlikdə döyüşə girən bütün döyüş yoldaşlarını itirib. Özünün isə bir ayağı amputasiya olunub: “Füzuli, Cəbrayıl istiqamətlərində döyüşmüşəm. Döyüşə 8 nəfər döyüş yoldaşımla birgə girdim, aralarından bir mən sağ çıxa bildim. Hamısı şəhid oldu. Minaatanlarla olduğumuz yerləri vururdular. Alçaqların nəyi olmasa da, minaatanları çox dəqiq vururdu. Bəlkə də dünyaya indi ikinci dəfədir gəlmişəm. Bilmirəm, buna görə şükr edim, ya... Necə oğullar tanıyırdım, canını o can bazarında qoyub, getdi. İndi o gördüyünüz qrup halında söhbət edənlər, əsasən, döyüşlərdən sağ-salamat çıxa bilmiş döyüş yoldaşlarıdır. Əksəriyyəti illərin dostlarıdır. İndi bizim o şəhid olan qardaşlarımız da sağ olsaydı, yəqin biz də indi bu günü ən azı onlar qədər gülərüzlə qeyd edərdik. Amma qismət belə imiş. Hər işdə bir xeyir var. Allah onlara qəni-qəni rəhmət eləsin. Əsas odur, məqsədimizə çatdıq, Allah bizə o qələbəni, zəfəri bəxş etdi. Onların da qanı yerdə qalmadı. Bilirsiniz, bu yük bizim nəslin çiyinlərində idi. Biz bunu nə olur-olsun, həll etməli idik ki, bax, o çiyinlərində bayraq daşıyan gənc kursantların, körpələrin üzərindən həmin məsuliyyət yükü qalxsın. Onlara bütöv Azərbaycanı biz ərmağan etməli idik və etdik də. Bu problemi həll etməyi bizdən əvvəlki nəsil çalışsa da, həll edə bilmədi. Amma şükürlər olsun, biz həll etdik və gələcək nəsillərə belə problem buraxmadıq. Allah bundan sonra bu Xalqa, millətə qəm-kədər göstərməsin” – deyə yürüşü izləməkçün gələn qazi bildirib.

Zəfər günü, 8 noyabr 2021-ci il

Daha sonra bir yerə yığılıb, söhbət edən qazilərimizə yanaşdıq. İkinci Qarabağ Müharibəsində iştirak etmiş keçmiş döyüşçü, baş kəşfiyyatçı İsmayılla söhbətləşdik: “Döyüşlərə könüllü qatıldım. Füzulidən Şuşayadək döyüş gedən bütün istiqamətlərdə iştirak etdim. Bir çox döyüş yoldaşım qollarımda canını tapşırdı. Allah hamısına rəhmət eləsin” –deyə, qazimiz qeyd edib.

Daha sonra İsmayılla veteranlar üçün ayrılmış “veteran pulu” və “veteran” adı məsələsini müzakirə etdik. O, bildirdi ki, biz bununla bağlı nə qədər müraciət etsək də, bizə deyirlər ki, “səbrli olun, veriləcək”. Bir ildir ki, bu adı bizə vermirlər. Sadəcə olaraq, belə görsənir ki, başımızı aldadırlar. Aidiyyatı qurumlara müraciət etsək də, müraciətimiz boş qalıb” – deyə, İsmayıl bildirib.

Yürüşə baxmaq üçün gələn valideynlər özləri ilə birlikdə körpə uşaqlarını da gətirmişdilər. Görünür, o uşaqlar daha bir neçə gün öncədən bu gün üçün hazırlaşıb, şeirlər əzbərləmişdilər. Bəziləri süvari dəstələri keçərkən, onlara ucadan şeirlər oxuyur, bəziləri də həyəcanlanıb, əzbərlədiyi şeiri unudurdu. Digərləri 470 metr uzunluğundakı bayraq qarşılarından keçib gedənədək “hərbi salam” vəziyyətində durub, bayrağı və onları daşıyan hərbçiləri salamlayırdılar.

Maraqlıdır ki, burda da hər yerdə olduğu kimi, bayrağımız tək dalğalanmırdı. Qardaş Türkiyə Cümhuriyyətinin bayrağı da şanlı bayrağımızla birgə vətəndaşlarımızın əllərində dalğalanır, uşaqların, körpələrin üzündə əks olunurdu.

Bayraqlardan söz düşmüşkən, elə həmin bu xüsusi gündən istifadə edib, “bayrağını satmağa çalışan”lara da rast gəldik. Hər il olduğu kimi, bu il də əlamətdar günlərdə öz cibini güdən, alverini davam etdirənlərə rast gəldik. “20 Yanvar”-da, 26 fevral “Xocalı soyqırımı” günündə qərənfillərin qiymətini bir neçə qat bahasına satanlar bu il də “Zəfər Günü” münasibətilə üçrəngli bayrağa üçqat qiymət oxuyurdu. Böyük dirəyə sarılmış bayraqların qiyməti 35-40 manatdan, orta ölçülü bayraqlar 15-25 manatdan, daha kiçikləri isə 1-3-5 manatdan başlayan qiymətlərlə satılırdı. Hətta yürüşdən sonra avtobuslara girənlər, marketlərin, yolüstü keçidlərin önündə durub, bayraq satanlar da az deyildi. Bəlkə də həmin bayrağı hazırlamaq üçün verilən əməyi, əziyyəti dəyərləndirib, bu alveri bir qədər mülayim qarşılamaq da olardı. Ancaq əlamətdar günlərdə bu şəxslərin peyda olaraq, əllərindəki bayraqları bir neçə qat yuxarı qiymətlərlə satmağa çalışması, bir çox vətəndaşlarımız tərəfindən yaxşı qarşılanmır. Hətta həmin şəxslərə qarşı irad bildirənlərə də rast gəlinir. Nəinki bayraq, hətta digər əlamətdar günlərdə güllərin, eləcə də qərənfilləri bir neçə qat baha satmağa çalışanların, bu alverə nəzarət edənlər və bu alverdən “haqq” alanlar barəsində ciddi tədbirlərin görülməsi labüddür. İnsanların mənəvi-psixoloji həssaslıq keçirdiyi günlərdə kimlərinsə bundan istifadə edərək öz cibini, boğazını güdməsi yolverilməzdir.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Bir məmurun imzaladığı qərar on minlərlə vətəndaşın kabusuna çevrilib
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› Soçidən gözləntilərimiz və ya bizi nə gözləyir?
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
››› “Qara” camaatın “Qara Cümə”si Azərbaycan əhalisinin könlünü qazana bildimi?
Son xəbərlər
Bütün xəbərlər »