Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Qadın zərif varlıq olmaqla yanaşı, həm də dözümlüdür"
"Qadın zərif varlıq olmaqla yanaşı, həm də dözümlüdür"

Biz adətən ailədaxili zorakılıq, məişət zorakılığı deyildiyi zaman qadınların və uşaqların zorakılığa məruz qaldığını sanırıq. Döyülmək, təhqirlərə məruz qalmaq, iqtisadi zorakılıq, təhdid-psixoloji zorakılıq və s. zorakılıq halları sanki qadınların alnına yazılıbmış kimi düşünürük. Amma bəzən əks cinsin nümayəndələri də zorakılığa məruz qalır.

Bəli, yanlış oxumadınız. Bəzən kişilər də qadınları və ya övladları tərəfindən zorakılığa məruz qalır. Ailə, Qadın və Uşaq Məsələləri üzrə Komitənin məlumatına görə, ilin 9-ayı ərzində komitəyə müxtəlif zorakılıqlara məruz qalan 255 nəfər müraciət edib. Komitənin qaynar xəttinə isə 369 müraciət olub. Məlumata görə, müraciət edənlərin 81 nəfəri kişi, qalanları isə qadın olub.

Kişilərin zorakılığa məruz qalması, çox zaman birmənalı qarşılanmır. Hər zaman "güclü" cinsin nümayəndələri qadınlara zorakılıq faktları ilə gündəmə gəldikləri üçün onların da zorakılıq qurbanı olduğu inandırıcı görünmür.

Güclü nəslin nümayəndələri hansı zorakılığa məruz qalır?

Mütəxəssislərə görə, kişilərə qarşı zorakılıq halları təkcə Azərbaycanda deyil, dünyanın müxtəlif ölkələrində; İsveçdə, Türkiyədə, ABŞ-da, Kanada və s. digər ölkələrdə də mövcuddur və rəsmi statistikadan daha yüksəkdir. Sadəcə olaraq kişilər, bəzi səbəblərdən qarşılaşdıqları zorakılıq halları ilə bağlı müvafiq qurumlara müraciət etməyə çəkinirlər. Araşdırmalara görə kişilər, daha çox partnyorları tərəfindən zorakılığa məruz qalırlar.

Ramin Hacıyev Ramin Hacıyev

Psixoloq Ramin Hacıyevin sözlərinə görə, bu hallar daha çox depressiv, stres keçirən qadınlar və psixoloji pozuntuları olan qadınlar tərəfindən baş verir: "Ümumiyyətlə, qadın zərif varlıq olmaqla yanaşı, həm də dözümlüdür. Yəqin ki, hamınız daha çox qadınların zorakılığa məruz qaldığını görmüsünüz. Amma bəzən əsəblər gərilir, bıçaq sümüyə dirənir. Və qadın da qarşılıq verməyə başlayır. Bu, evliliyin 7-12-ci illərində özünü göstərir. 3 və 5 illik sınağı geridə qoyan ailələr, 7 və ya 12 -ci ildə dözülməz həddə çata bilər. Qadın iqtisadi sıxıntılarla üzləşdiyi zaman, kişilər isə öz məsuliyyətini dərk edə bilmədiyi zaman, kişi və ya qadının alkoqollu içki və ya narkotik maddə aludəçisi olduğu zaman sinirlər gərilir və qadın da kişiyə qarşı zorakılıq tətbiq edə bilir. Amma bu, çox az baş verən haldır".

Ekspert qeyd edir ki, kişilər təkcə həyat yoldaşları deyil, eyni zamanda övladları tərəfindən, əgər bir qədər yaşlıdırsa və ona dayə baxırsa, dayələri tərəfindən zorakılığa məruz qala bilir.

"Bilirsiniz, burada bir qədər mentalitet məsələsi var. Hər kişi çıxıb deyə bilmir ki, "arvadım məni döyür", "məni oğlum-qızım döyür" və yaxud deyə bilmir ki, "evdə mənə psixoloji təzyiq var", "yemək verilmir" və s. Kişilər bunu özünə yaraşdımır. Amma bəzən övladlar, ana ilə birləşib atanı döyə və hətta öldürə də bilir. Burada günah hər iki tərəfdə ola bilər. Qadın, rahatlıqla cinayət işləyə bilən varlıq deyil" - ekspert deyir.

Azərbaycanda qeyri-hökumət təşkilatlarının sığınacaqları var. Və bəzən zorakılığa məruz qalan kişilər də bu sığınacaqlara müraciət edə bilər. Ancaq sığınacaq, zorakılığın tamamilə aradan qaldırılması istiqamətində həll yolu deyil. Kişi və ya qadınlar, zorakılığa məruz qaldıqları zaman hüquq mühafizə orqanları ilə yanaşı, psixoloqlara da müraciət etməlidir və ya yönləndirilməlidir. Ailələrdə səbəblər aradan qaldırılmalıdır.

Kişi, zorakılığa nə zaman məruz qalır?

Kişilər, daha çox ahıl yaşlarında zorakılığa məruz qalırlar. Zorakılığı tətbiq edən şəxslər onların övladları, həyat yoldaşları və ya qohumları ola bilər.

"Yaşlı kişilər, onlara baxan dayələr tərəfindən, qocalar evində onlara baxan şəxslər tərəfindən, nadirən övladları və ya həyat yoldaşları tərəfindən zorakılığa məruz qalır. Yaşlı olduqları üçün onların əli heç yerə çatmır. Ancaq orta yaşlı kişilər də zorakılığa məruz qalır. Məsələn; illərlə həyat yoldaşına əziyyət vermiş bir kişi, həyat yoldaşı tərəfindən öldürülə bilər. Və yaxud bəzi ailələrdə kişilər, qadınları vurmağa çalışdıqları zaman qadınlar daha cəld hərəkət edə bilər. Artıq əzilmək istəmirlər" - deyən ekspert bildirir ki, ümumiyyətlə ailədə zorakılıq varsa, bu istər qadına, istərsə də kişiyə qarşı olsun ailəni davam etdirməyə dəyməz. Çünki ailə, artıq iflas olub.

Qeyd edək ki, məişət zorakılığı ilə bağlı Cinayət Məcəlləsinin 126-134-cü maddələri ilə cinayət işi açıla bilər. Bu zorakılığa məruz qalan şəxsin vəziyyətindən asılı olaraq tətbiq edilir.

Zorakılığın qarşısının alınmasında, cəmiyyət də böyük rol oynayır. Bunun üçün zorakılıq halları ilə qarşılaşdığınız zaman və yaxud qonşunuzda, qohumunuzda belə hallara şahid olduğunuz zaman polisə müraciət edin. Çox zaman vətəndaşlar, bu kimi hallarla bağlı hüquq mühafizə orqanlarına müraciət etməyi "xəbər daşımaq" və ya "söz gəzdirmək" kimi qəbul edir. Xeyr. Bu, əsla belə deyil. Zorakılıq, cinayət hadisəsidir. Siz də bu cinayət hadisəsinin qarşısını almağa çalışan vətəndaş olun. Odur ki, qarşılaşdığınız zorakılıq hallarına biganə qalmayın!

İlahin, Bizimyol.info

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb saytlara) maliyyə dəstəyi ilə hazırlanıb

İstiqamət 6.3.18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Paylaş »
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
››› "Görüntünü mühakimə etdikdə mahiyyət kənarda qalır"
Son xəbərlər