Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bu gün də davam edən "Təhminə" sindromu: O vaxtdan bu yana cəmiyyət dəyişibmi...
Bu gün də davam edən "Təhminə" sindromu: O vaxtdan bu yana cəmiyyət dəyişibmi...

İstanbulda açılan bir səhər, xatirələr, yarımçıq siqaret kötüyü... Film iki gəncin ümidsiz sevgisindən bəhs edir. Evli qadın və subay oğlan.

Təhminə heç bir zaman həqiqətən sevilməmişdi. Heç Zaur da onu sevə bilməmişdi. Təhminə mehribanlığı, gözəlliyi ilə hamının diqqətini cəlb etsə də, ünsiyyətcil olsa da, həyatına aldığı insanları özü seçirdi. Bu səbəbdən də, əli çatmayan hər kəs ona əxlaqsız kimi baxırdı. Keçmiş müdiri Həsənov belə onun haqqında yaxşı danışmır: "Bu arvada baş qoşma, xatalı adamdı e. Başa düşürəm, qəşəngdi zaddı, sən də cavan adamsan da. Amma yırtıcıdır, özü də ağına-qarasına baxan deyil ha. Kim gəldi, kimlə gəldi".

Əslində isə Təhminə sadəcə, müasir, gözəl qadın idi. Cəmiyyətin qəbul edə bilmədiyi, həzm edə bilmədiyi bir qadın. Hər kəsin boğazında ilişib qalan qadın...

"O qızın başıbəlalıdır. Heç özü də bilmir nə istəyir".... - Haqqında belə desələr də, Təhminə sadəcə sevir - Zauru təmiz, ülvi hisslərlə sevir. Sevilmək istəyir, sevdiyi kişinin hörmətini istəyir. Ancaq azad davranışları onun xoşbəxtliyinə mane olur. Cəmiyyət bu qadını qəbul etmək istəmir. Qınaq...

Zaur üçün isə Təhminə sadəcə, ehtiras idi, bitib keçəcək bir ehtiras... Əgər elə olmasaydı, başqalarının dediyi kimi: Təhminə ilə əxlaqsız kimi davranmazdı. Əgər elə olmasaydı...

Əslində Zaur Leninqrada Təhminənin deyil, öz hisslərinin arxasınca getmişdi. Deyilənlərə inanmaq, Təhminədən vaz keçmək o qədər asan idi ki... Zaur yalan vədlər verməyi sevirdi və Təhminə də inanmağı. Bu sevginin bitəcəyini bilirdi Təhminə. Hər dəfəsində bunu Zaura başa salmağa çalışırdı. Zaur isə cəsarətsizliyindən bunu qəbul etməyə çəkinirdi.

Təhminə kimi qadın həyat yoldaşı ola bilməzdi, Zaurun fikrincə. Buna görə də bir zamanlar "sevirəm" deyən Təhminəni əxıaqsız adlandırmaqdan da çəkinmədi. Zaur da Təhminəyə hamının baxdığı kimi baxırdı...

"Təhminə" filmi 1993-cü ildə yazıçı Anarın "Beşmərtəbəli evin altıncı mərtəbəsi" romanı əsasında ekranlaşdırılıb. Filmin quruluşçu rejissoru Rasim Ocaqov, quruluşçu operator Kənan Məmmədov, quruluşçu rəssam Rafiz İsmayılov, bəstəkar Emin Sabitoğlu və filmin direktoru Nadir Əliyev olub. Filmdə “Küçələrə su səpmişəm” xalq mahnısından və Fredirik Şopenin musiqisindən istifadə edilib, Rafiq Babayevin instrumental ansamblının ifası yer alıb. Filmdəki “Əlvida” mahnısını Rafiq Babayev ifa edir. Rollarda Fəxrəddin Manafov, Meral Konrat, Zərnigar Ağakişiyeva, Həsən Məmmədov, Həsənağa Turabov və başqaları çəkiliblər. Filmin çəkilişləri Bakıda pavilyonda baş tutub.

Filmin çəkilişindən 30 il keçməsinə baxmayaraq, bu gün də cəmiyyətin azad, gözəl qadına münasibəti eynidir. Gözəl qadınlar, təhlükə kimi görülür. Gözəl qadınlar nə qədər acınacaqlı olsa da, sevgili, məşuqə kimi qəbul edilir.

Zaurun anası Zivər rolunu oynayan Zərnigar Atakişyeva müsahibələrinin birində film haqqında belə danışır: "Filmdə Zaurun valideynlərinin Təhminənin ünvanına söyüş işlətdikləri epizod var. Ata rolunu oynayan Həsən Məmmədov bu söyüşü işlətməmək üçün rejissordan çox xahiş edir... Amma Rasim Ocaqov razı olmur..."

Küçələrə su səpmişəm, yar gələndə toz olmasın...

Təhminənin həyəcanla dinlədiyi mahnılara belə Zaur önəm vermir. Zaura Təhminənin ruhu yox, bədəni lazım idi doyana qədər. Və Təhminə ölür, sevgisindən ölür, sevgisizlikdən ölür, Zaurun anasının təhqirlərindən ölür, cəmiyyətin qınağından ölür...

Aradan 30 il keçməsinə baxmayaraq, mövzu bu gün üçün də aktualdır. Sevgilər yalan, müvəqqətidir.

"Həyatda hər şeyin axırı olduğu kimi bunun da axırı olur. İnan mənə, həyatda ən çılğın ehtiras belə bir gün tükənir. Əgər kişi ilə qadını ehtirasdan başqa bir şey bağlamırsa, yəni ailə, uşaqlarla bağlılığı yoxdursa, bu, sonradan elə bir işgəncəyə gətirib çıxarır ki, gəl görəsən. Yox, əgər indi ayrılsanız, ömrünüzün bu günlərini bir xatirə kimi yad edəcəksiniz. İnan, mənə" - deyir Həsənov.

Beləcə bitir bir sevgi, bir ehtiras...

Filmdə istfadə edilən musiqilər, Fəxrəddin Manafovun soyuqqanlılığı, Meral Konratın gözəl çöhrəsi və Zivər ananın oğlunu bu "əxlaqsız" qadından qurtarmaq istəyi bəlkə illər keçsə belə, dövrün mövzusu olaraq qalacaq. Son sevənlərə isə "Görüşdük nə çətin, ayrıldıq, ayrıldıq nə asan" demək qalacaq.

Təhminələr sevgisindən öləcək. Zaurlar yaşadığı ehtirası unuda bilmək üçün siqareti siqaretə calayacaq...

İlahin, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 04 dekabr, 2021-ci il – Vəziyyətə real baxmaq uğurun açarıdır
››› "Məcburi köçkünlər dünyada bənzəri olmayan ağıllı kəndlərə köçürüləcək"
››› Sinifə girən bəbir 10 yaşlı şagirdə hücum edib - Video
››› Azərbaycan Ordusunun hərbi qulluqçusu həlak olub
››› Bağçalar uşaqların sağlamlığını təhlükəyə atır
››› Bayram gəlmədən qiymətlər artır... və bir daha enməyəcək - Yeni ilə doğru
››› “Yeni il” yolkası bəzəmək neçəyə başa gəlir - Qiymətlər
Son xəbərlər
Bütün xəbərlər »