Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya-Belarus İttifaqı vahid dövlətə çevriləcəkmi...
Rusiya-Belarus İttifaqı vahid dövlətə çevriləcəkmi...

Siyasi analitik Aqşin Kərimov: “Dərin dövlət bunun mümkün olmadığını anlayır”

Məlum olduğu kimi, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko, “2021-2023-cü illərdə Belarusiya və Rusiya İttifaq Dövlətinin yaradılması haqqında Müqaviləsinin icrasının əsas istiqamətlərinə dair” sənədləri qarşılıqlı imzalayıblar. Bu, iki slavyan dövləti arasında müdafiə, xarici siyasət, energetika siyasəti, iqtisadiyyat da daxil olmaqla 28 sahə üzrə daha da sıx inteqrasiyanı nəzərdə tutur. Əgər bu sənədlər icra olunarsa, iki dövlətin vahid mərkəzdə birləşməsi prosesinin getdiyi təəssüratı yaranır. Bəzi analitiklər, bunu yeni SSRİ-nin yaradılmasına doğru bir addım kimi qiymətləndirir. Bunların da arasında İttifaqın yenilənmiş hərbi doktrinasının qəbul edilməsi xüsusi diqqət çəkir.

Aqşin Kərimov Aqşin Kərimov

Siyasi analitik və araşdırmaçı-jurnalist Aqşin Kərimov bu imzalanan sənədləri Bizimyol.info saytına şərh edib. Siyasi analitik hesab edir ki, Rusiya ilə Belarus arasında ittifaqın hərbi doktrinasının imzalanması iki ölkənin ortaq maraqlarının ifadəsindən çox bir-birlərindən yararlanaraq müdafiə mexanizminin yaradılması elementləridir: “Nəzərə almaq lazımdır ki, iki ölkə arasında İttifaq Müqaviləsi 1999-cu ilin dekabrın 8-də imzalanıb və ancaq bu dövrdə Moskva ilə Minsk mehriban-düşmən olublar. Aleksandr Lukaşenko isə ölkəsindəki sonuncu prezident seçkilərindən sonra beynəlxalq aləmin ona olan basqısının artdığını görərək, son ümid yeri kimi Rusiyaya meyillənən siyasət yürüdür. Məncə, Lukaşenkonun davranışları strateji ortaq maraqlardan daha çox, özünün hakimiyyətinin qorunmasına hesablanıb. Moskva isə proseslərin ona fürsətlər təqdim etdiyini anlayır, hazırda Qərblə Moskvanın münasibətlərində hökm sürən gərginlik fonunda Kremlə əlavə müdafiə zolağı lazımdır. Belarus, Moskva üçün NATO-dan gələ biləcək təhdidlərə qarşı preventiv tədbirlərin cəmləşdiyi coğrafiyadır. Yəni, Belarus Rusiyaya bufer zona kimi yararlıdır.

İttifaq Dövləti ideyasından Rusiyanın Belarusu özünə birləşdirəcəyi nəticəsini çıxarmaq da çətindir. Ona görə ki, Aleksandr Lukaşenko bir neçə dəfə Rusiyanın Belarusu birləşdirmək cəhdlərinə vurğu edərək buna qarşı çıxışlarını gündəmə daşıyıb. Bəs, bu, Rusiyanın SSRİ-nin bərpası yolunda addımıdırmı? Məncə bu suala cavab vermək üçün təkcə siyasi təşəbbüslərdəki güc balansını, proseslərə birbaşa müdaxilə imkanlarını, hərbi gücü nəzərdən keçirməməliyik. Düşünürəm ki, Kreml divarları arasında SSRİ nostalgiyasına vurğu edilsə də, Moskvanın “dərin dövləti” soyuq başla düşünərək bunun mümkünsüzlüyünü anlayır.

Birincisi, nəzərə alaq ki, keçmiş SSRİ məkanı zəngin etnik tərkibə malikdir, indi hər hansı birlik üçün göstərilən təşəbbüslər perspektiv üçün təhlükələrə yol açar. Axı, SSRİ-ni həm də millətlərin savaşı çökdürmüşdü, Qərbin əlində ən yaxşı fürsətlərdən biri də SSRİ-nin hansısa yeni formatda yaranacağı təqdirdə belə kontur planlarını işə salmasıdır. Üstəgəl, müasir dövrdə SSRİ modeli Rusiyanın əlini gücləndirən amildən çox, onun mövqelərinin zəiflədilməsi deməkdir. Rusiya hazırda, keçmişdəki proseslərdən dərs çıxarır və əlini isə bölgədən çəkməyərək keçmişə söykənən münaqişələri əlində kozır edir. Rusiya siyasətinin məhək daşında “mübahisəli məsələlərlə mövqelərini, təsir imkanlarını möhkəmləndir” prinsipi dayanır. Üstəgəl, Qərb-Rusiya-Çin üçbucağında Çinin də Rusiya ilə rəqabətləri az deyil, ona görə Pekin də SSRİ modelinin yaranmasına əngəllər yaradar”.

“Bir neçə il öncə Rusiyanın patronajlığı altında Gömrük İttifaqı, ardınca isə Avrasiya İttifaqı yaradıldı, bu da hansısa formada nəzəri də olsa SSRİ-nin kiçik modeli idi. Ancaq bu ittifaqlar özünü doğrultmadı, çünki iqtisadi gücü zəifdir, yeni siyasi model isə iqtisadi güclər tələb edir. Bu baxımdan düşünürəm ki, üzdə Rusiya-Belarus ittifaqı SSRİ-nin yaradılması ideyası kimi görünsə də, dərin qatda heç də bu ideya prioritet deyil. Rusiya-Belarus ittifaqının vahid dövlət ölçüsünə gəlməsi real görünmür, sadəcə vahid maraqlardan çıxış etmək və prosesdə Rusiyanın maraqlarını təmin etməyə hesablanmış addımdır”- deyə siyasi analitik, fikrini yekunlaşdırıb.

Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
Son xəbərlər
Bütün xəbərlər »