Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Baş redaktorun döyülməsi barədə qarşılıqlı iddialar: Kim haqlıdır?..
Baş redaktorun döyülməsi barədə qarşılıqlı iddialar: Kim haqlıdır?..

Yazartv.az-ın baş redaktoru Elşən Oktayoğlu bloger kimi fəaliyyət göstərən Saməddin Məmmədov və onun yaxınları tərəfindən döyüldüyünü iddia edir. O, bildirir ki, sentyabr ayının 27-sində şəhidlərin anım tədbiri keçirilən zaman Cəlilabad rayonunda yerləşən Şəhidlər xiyabanının qarşısında döyülərək ağır xəsarətlər alıb.

“Son günlər sosial şəbəkələrdə mənim şəkillərimi paylaşıb, təhqir yazırlar. Amma bunlar tam əsassızdır.

25 Sentiyabr gecə saat 22:25-də Saməddin Məmmədov mənim mobil nömrəmə zəng edərək ölümlə hədələyib. Mən həmən vaxt Daxili İşlər Nazirliyinin 102 çağrı mərkəzinə məlumat vermişəm və Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları izahat alıb.

Saməddin Məmmədov oğlu Nahid Məmmədov və bacısı oğlu məni 27-də şəhidlərin anım tədbiri keçirilən zaman Cəlilabad rayonunda yerləşən Şəhidlər xiyabanının qarşısında döyərək ağır xəsarətlər yetiriblər. Hadisə şahidləri məni Cəlilabad rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Xəstəxanadan Rayon Polis Şöbəsinə məlumat verilib, ora hüquq-mühafizə əməkdaşları gəlib. Hadisə araşdırılır.

Odur ki, hər kəsdən xahiş edirəm araşdırmadan, bilmədən yazmayın. Biz hüquqi dövlətdə yaşayırıq, hər kəs etdiyi əmələ görə cavab verir”,- deyə o bildirib.

Məmmədov Nahid Saməddin oğlu isə Bizimyol.info-ya açıqlaması zamanı iddiların tamamilə əsassız olduğunu bildirib.

“O, bununla bizə qarşı əks-tədbirə keçib.  Mən onu ifşa etdiyim üçün bu cür hallara əl atır. Mən deyə bilmərəm ki, döyülməyib. Bəlkə başı pozulub, gedib özü özünü döyüb, ya da kimisə tutub özünü döydürüb. Atam ona əlini belə vurmayıb. Atam və atamın arxasında gedən 20-25 nəfər kütlə var. Hamı həmin gün orada olub, baş verənləri görüblər. Özlərindən nağıl uydururlar. Həmin adam atama olmazın söyüşlər, təhqirlər səsləndirib. Lakin atam heç ona yaxınlaşmayıb da. Biz onun kim olduğunu yaxşı bilirik, tanıyırıq. Bundan da əlavə atam bloger olduğu üçün bütün girişini, çıxışını, yolda getməyini çəkib. Biz tələb edirik ki, təhlükəsizlik kameralarında olan görüntüləri üzə çıxartsınlar”.

Daxili İşlər Nazirliyindən məsələyə aydınlıq gətirilərək bildirib ki, sentyabrın 27-də Saməddin Məmmədov, oğlu Nahid və bacısı oğlu birlikdə Cəlilabad rayonundakı Şəhidlər Xiyabanının qarşısında rayon sakini Elşən Cəfərova qarşı heç bir əsaslı səbəb olmadan xuliqanlıq hərəkətləri törədiblər.

“Vətəndaşın müraciəti əsasında Cinayət Məcəlləsinin 127.2.3 (Xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.2.1 (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddələri ilə cinayət işi başlanılıb və Saleh Məmmədov barəsində Cəlilabad Rayon Məhkəməsinin qərarı ilə haqqında həbs-qətimkan tədbiri seçilib”.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »