Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qlobal Bakı Forumu çərçivəsində iqlim dəyişiklikləri ilə bağlı panel keçirilib
Qlobal Bakı Forumu çərçivəsində iqlim dəyişiklikləri ilə bağlı panel keçirilib

VIII Qlobal Bakı Forumu çərçivəsində "Qlobal iqlim dəyişiklikləri ilə mübarizə və enerjiyə qlobal ehtiyacların qarşılanması. Hər iki məsələni eyni vaxtda necə həll etmək olar?” adlı panel keçirilib.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Robert Sekuta panelə moderatorluq edib.

Moldovanın keçmiş Baş naziri Kirill Qaburiç paneldə çıxış edərək deyib ki, hər kəs öz qarşısındakı öhdəliyi başa düşməlidir. "Biz gələcək nəsli düşünməliyik. Ekologiyanı indi daha çox düşünməli, eqoist yanaşmanı kənara qoymalıyıq. Ətraf mühit bizim planlarımıza uyğunlaşmalıdır deyə düşünmüşük, indi isə vəziyyət əks istiqamətdə dəyişib”.

BMT Baş Assambleyasının 73-cü sessiyasının prezidenti, Ekvadorun keçmiş xarici işlər və müdafiə naziri Mariya Fernanda Espinoza çıxışında bildirib ki, iqlim tarazlığı barədə düşünülməlidir. "Artıq məsələ bəşəriyyətin bu planetdə mövcudluğu səviyyəsinə gəlib çatıb. Biz həyəcan təbili çalmalıyıq. Kömür istehsalının və hasilatının qarşısını almalıyıq. Sosial iqtisadi islahatlar aparmalıyıq, bu xüsusilə inkişaf etməkdə olan ölkələrdə nəzərə alınmalıdır. Təbii ki, bu ölkələr inkişafdadır, onlar üçün bu resurslardan istifadə vacibdir və bunlardan imtina çətindir, ancaq bu, tədrici olmalıdır, belə ölkələrə dəstək verilməlidir", - o deyib.

Mariya Fernanda Espinoza dünya ölkələrinin Paris İqlim Sazişinin reallaşmasından çox geridə olduğunu vurğulayıb: “Dünya sistematik problemlə üzləşir. Bizə dayanıqlı, çoxtərəfli yanaşma lazımdır, bu bir ölkənin məsuliyyəti deyil, məsuliyyəti bölüşməliyik".

Nobel Sülh Mükafatı laureatı Uided Buşamai çıxışında su resurslarının iqlim dəyişikliyinin təsirlərinə məruz qaldığını və ölkələr üçün yaratdığı problemlərdən danışıb. O bildirib ki, su ehtiyatlarının qorunması və iqlim dəyişikliyinin nəticələrinə adaptasiya olmaq üçün inkişaf etmiş ölkələr inkişaf etməkdə olan ölkələrə yardım etməlidir.

İSESCO-nun keçmiş baş direktoru Əbdüləziz əl-Tuveycri çıxışında deyib ki, onun ölkəsinin qaz və neft resursları olsa da günəş və külək enerjisindən istifadə edir və ölkə bunu genişləndirir. "Biz hazırkı enerji istehsalı metodlarını məhdudlaşdırmalıyıq, alternativ enerji resurslarına yönəlməliyik. Biz bunu təbliğ etməliyik. Qalıq yanacaqları məhdudlaşdırmalıyıq, bu bizim ətraf mühitimizə zərər vurur. Bərpa olunan enerji istehsalının bahalı olduğu deyilir, doğrudur, amma texnologiya inkişaf etdikcə bu daha da ucuzlaşacaq və səmərəli olacaq".

İspaniyanın keçmiş xarici işlər naziri Ana Palasio isə çıxışında deyib ki, bütün vasitələrlə dekarbonizasiya reallaşmalıdır: “İstixana qazlarının, emissiyaların məhdudlaşdırılması qlobal səviyyəli məsuliyyətdir. Bu, çoxtərəfli problemdir ki, biz üzləşirik. Birgə səylər göstərməliyik ki, hədəflərimiz reallaşsın”.

Nüvə enerjisinə resurs kimi baxıldığını deyən A.Palasio qeyd edib ki, Avropa regionu buna çox da meyl göstərmir: “Deyilir ki, nüvə enerjisi qəbulediləndir, səmərəlidir, yaxşı, bu kimin üçün belədir? Mən bu sualı vermək istərdim".

Rumıniyanın keçmiş xarici işlər naziri Lazar Komanesku da paneldə çıxış edib. O deyib ki, bu mövzu zamanın çağırışı, problemidir: “Əməkdaşlığın vacibliyi ilə bağlı vurğu artmalıdır, Paris İqlim Sazişinin hədəflərinə nail olmaq üçün bu vacibdir. Regional, ikitərəfli və qlobal səviyyədə əməkdaşlıq dərinləşməlidir."(apa)

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
Son xəbərlər
Bütün xəbərlər »