Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda qiymət tragikomediyası: "Sərxoş qaldırımlar" şousu... - Fotolar
Azərbaycanda qiymət tragikomediyası: "Sərxoş qaldırımlar" şousu... - Fotolar

- Şura hökumətinin topu var, tüfəngi var, sənin nəyin var, Kərbəlayi?

- Namusumuz, qeyrətimiz var, bəy!

"Axırıncı aşırım" (1971) filmindən.

Hələ Azərbaycanda Şura hökuməti qurulan zamanlarda evində bir ovuc buğdası, həyətində bir öküzü, atı, ulağı, yaxud bir neçə meyvə ağacı olanların qarnına ağrı dolmuşdu ki, aha, Şura hökuməti quruldu, daraşacaqlar canımıza, əlimizdə nəyimiz var, nəyimiz yox, hamısını tutub alacaqlar”.

Elə düşündükləri kimi də oldu. Şura hökuməti gəldi, əlində-ovucunda bir balaca var-dövləti olan kim var, kim yox, adını “qolçomaq” qoyub, mal-mülkünü əlindən aldı, özünü də ya güllələtdirdi, ya da gedər-gəlməzə yola saldı. Hələ onda var-dövləti olan da, olmayan da “Şura” adını eşidəndə canına üşütmə düşürdü. Daha sonra kolxoz-sovxozlar yarandı. Ora təyin edilən sədrlər, direktorlar sovxoz tövlələrində doğulan körpə quzunu gətirib evində sobanın yanında özü ilə yatırırdılar ki, amandır, birdən quzu xəstələnər, ya ölər, ondan sonra başlı-gözlü gedərəm.

Elə xalq olaraq, o gündən bu günə harda “Şura” sözü görürük, dalağımız sancır. Əvvəl “Şura hökuməti” idi, sonra gəldik çıxdıq 21-ci əsrə, burda da bizi özündə həmin şuranın genlərini daşıyan Tarif Şurası qarşıladı. Yenə əvvəlki şuranın bir adət-ənənəsi var idi, gəlməmişdən öncə öz Abasqulu bəyini göndərər, xəbərdarlıq edərdi: “Bax, gəlirəm ha, topu-tüfəngi qoyun yerə”.

İndi özünü Şura hökumətinin xələfi kimi aparan Tarif Şurası nə adət bilir, nə ənənə. Hətta qəbul etdiyi qərarlarda öz sələfini də keçib.

Keçən ay “İphone 13” model telefonların satışı mağazalardan birində izdihamın yaranmasına səbəb oldu. 2 saat ərzində yüzlərlə insan arzuladığı smartfonu ala bildi. Qiyməti iki min manatdan başlayan bu telefonların sürətlə satılması və alıcıların çoxluğu, görünür, Tarif Şurası üçün “göydəndüşmə Kərbəlayi” oldu. “Şura üzvləri” düşünüb, bu qənaətə gəldilər ki, əgər əhali 2 saat növbədə gözləyib bir telefona 2 min manat pul xərcləyirsə, deməli, pul ciblərini deşir. Elə yaxşısı odur, həmin cibə bir deşik də onlar açsın. Və başladılar qazın, işığın qiymətini qaldırmağa.

Nəhayət, sabah oldu, hər kəs bu xəbəri öyrəndi. O telefonu yatıb yuxusunda görməyənlərin də “ah-naləsi” elə telefon alanların dərd-qəminə qarışdı. “Şura” ağına-bozuna baxmadan, qərarı vermiş, varlını kasıba, kasıbı varlıya qatmışdı. Necə deyərlər, qurunun oduna yaş da yandı.

Bu gün mən bir sıra iri mağazalara baş çəkdim ki, görüm Şuranın qərarları qiymətlərə necə təsir edib. Ərzaq və başqa mal və məhsulların qiymətləri ilə maraqlandım. Qiymətlər bir kənara dursun, mağazada elə mənzərələrlə qarşılaşdım ki…

Görünür, dərsdən yenicə çıxmışdılar. Oğlunun əlindən tutub mağazaya daxil olan ana, uşağın: “Ana, bunu alaq da” deməsi ilə dönüb “plitka” şokolada baxdı. Daha sonra üzünü oğluna tutub, dedi: “O, ziyandır. gedək, qabaqda daha yaxşıları olacaq, onlardan alarıq”. Uşaq israr etmək istəsə də, anasının qətiyyətini görüb, susdu.

Onlar uzaqlaşdıqdan sonra uşağın maraqlandığı şokolada yaxınlaşdım. Altında yazılan qiyməti görəndə, həqiqətən, anladım ki, bu şokolad “ziyanlıdır”. Analar da hər zaman haqlıdır…

“Pınar Labne pendir” məhsuluna gülməli endirim “Pınar Labne pendir” məhsuluna gülməli endirim

Daha sonra başqa məhsullara da göz gəzdirdim. “Süd məhsulları” bölməsində üzərində “Pınar Labne pendir” yazılmış 400 qramlıq məhsulun qiyməti 5 manatdan 4 manat 99 qəpiyə salınmışdı. Əvvəl düşündüm ki, bu məlumatı bura üz-gözündən onsuz da qəm-qüssə yağan camaatın üzünü azca güldürmək üçün yerləşdiriblər. Yəni, yumor məqsədlidir. Çünki elə bu məlumatın yer aldığı rəngli kağızın qiyməti hardan baxsan, 10 qəpikdən başlayırdı. Deməli, 10 qəpiyindən keçib, insanların üzünü güldürmək istəyən “geniş ürəkli” insanlar hələ də dünyada var imiş. Bir müddət sonra anladım ki, yox, burda məsələ ciddidir. Məqsəd, məhsulun qiymətini aşağı salmaq yox, öz səviyyələrini aşağı salıb vətəndaşları ələ salmaqdır. Bunun başqa bir adı ola bilməz. Yaxud olarsa, ümid edirəm, həmin ifadə leksikonumuzda hələ öz yerini tapmayıb. Elə isə həyatda öz yerini tapa bilməyən bu şəxslərə vətəndaşların maddiyyatı, eləcə də mənəviyyatı ilə oynamaq səlahiyyətini kim, yaxud kimlər verir?!

“Mamedoff"-dan "sərxoş güzəşt" “Mamedoff"-dan "sərxoş güzəşt"

Ordan çıxıb, başqa mağazalara yönəldim. Qiyməti 1 manat 20 qəpik olan makaron 1 manat 15 qəpiyə düşmüş, üzərində “Mamedoff klassik araq” yazılmış məhsulun qiymətində isə ...“güzəşt” olunaraq 6 manat 39 qəpikdən, 6 manat 99 qəpiyə qaldırılmışdı (?!) Görünən odur ki, məhsulun üzərinə “güzəşt” yazıb, o qiyməti qeyd edən şəxsin özü həmin məhsulun təsiri altında olub.

Yoxsulları da güldürmək gücündə olan endirim Yoxsulları da güldürmək gücündə olan endirim

Əvvəlcə qiymətlərin yerləşdirilməsinin market, yoxsa firma rəhbərliyi tərəfindən edildiyini öyrənmək istəsəm də, sonradan bu cür tragikomediya ilə rastlaşdığımdan, həmin fikirdən əl çəkməli oldum.

İndi Tarif Şurasının topu-tüfəngi olmasa da, necə deyərlər, kəsdikləri başa sorğu-sual da yoxdur, qılınclarının dalı da kəsir, qabağı da. Biz elə zənn edirdik ki, “Şura”nın qılıncının dalının, qabağının kəsdiyi dövrlər qaldı 90-cı illərdən əvvəldə. Sən demə, qılınc hələ yenicə qınından çıxır...

Ancaq, Kərbəlayi demiş, insanların da namusu, qeyrəti var axı... O mağazaya uşağı ilə addım atan ana-ata, övladı ondan nəsə istəyəndə, “filan şeyi al” deyəndə, onların ömürlərindən ömür gedir. O uşaqların hər istəyinə: “Bu ziyanlıdır, sənin yaşına uyğun deyil, yekə kişisən, neynirsən axı bunu?” deyib nəyə görə onları yola verirlər? Məşhur icra başçısı demişkən: “Niyə belə olmalıdır axı?!”

Əvvəllər “qəpiyə güllə atırıq” deyənlərin indi atmağa “gülləsi” də yoxdur. Qiyməti iki min manatı keçən telefonlar isə 10 milyonluq xalqın maddiyatının meyarı deyil. Hər kəsin maddiyyatını öz arşını ilə ölçən Tarif Şurasının boyuna ölkə rəhbərliyinin nə zaman qamış ölçəcəyi isə hələ də öz məxfiliyini qoruyur.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »