Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bu zaman bədbəxt hadisələrin baş verməsi qaçılmaz olacaq"
"Bu zaman bədbəxt hadisələrin baş verməsi qaçılmaz olacaq"

Oktyabrın 25-i fəhlə - 1972-ci il təvəllüdlü İqram Dervişov Suraxanı rayonu ərazisində yerləşən “Xəyal Adaları” yaşayış kompleksində, fitness-spa mərkəzi üçün nəzərdə tutulmuş tikilidə suvaq-təmir işlərini görən zaman üzərində dayandığı iki metr hündürlüyündəki ayaqaltıdan yerə yıxılıb və baş nahiyəsindən xəsarət alaraq ölüb. Faktla bağlı Suraxanı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, tikinti sahəsində baş verən qəzalar, ümumi istehsalat qəzaların 25 faizini təşkil edir.

Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevin fikrincə, tikinti sahəsi potensial təhlükə riski yüksək olan sahədir: "İstehsalat qəzalarına diqqət yetirsək tikintidə baş verən qəzaların birinci yerdə olduğunu görərik. Hər il tikintidə onlarla qəza hadisəsi baş verir ki, bunun nəticəsi olaraq, orada çalışan işçilər ağır bədən xəsarətləri alır, əmək qabiliyyətini itirir və peşə xəstəliklərinə məruz qalırlar. Ölüm hadisələri də istisna deyil".

Ekspert qeyd edir ki, ümumiyyətlə isə istahsalatda baş verən qəzaların 30 faizi ölümlə nəticələnir. Bunun qarşısını almaq üçün isə, istehsalatda və iş yerlərində işçilər üçün sağlam əmək şəraiti yaratmaq lazımdır. Belə olan təqdirdə; xoşagəlməz hadisələrin baş vermə halları azalar, baş verə biləcək bədbəxt hadisələrin qarşısı öncədən alınmış olar, baş verən istehsalat qəzaları zamanı insanların ağır zədə alması və əmək qabiliyyətinin itirilməsi kimi ağır halların sayı və ölümlə nəticələnmə ehtimalı azalar.

"Ancaq təəssüflər olsun ki, bir çox müəssisələr və iş yerləri buna əməl etmir. Tikinti sahəsinin təhlükəlilik dərəcəsinin nə qədər yüksək olduğunu nəzərə almırlar. Tikinti sahəsi təhlükə riski yüksək olan sahədir" - deyə ekspert bildirib.

Təhlükə potensiallı obyektlər nə deməkdir?

Əhali və ətraf mühit üçün təhlükə yaradan, yanğın və ya partlayış törədə bilən, zəhərləyici maddələrin emalı və daşınması, həmçinin sosial təyinatlı obyektlər də potensial təhlükə hesab olunur.

"Tikinti sahəsində kimyəvi tərkibli tikinti materialları var. Tez alışan və yanma riski yüksək olan materiallar, ağrtonnajlı nəqliyyat vasitələri, yükqaldıran kran, uçma və ya dağılma ehtimalı ola biləcək dəmir-taxta konstruksiyalar, qaynaq işi və elektrik mişarlarının işləməsi, çoxmərtəbəli binanın yuxarı mərtəbəsində işlər aparan zaman materialın aşağı düşməsi və ya işçinin yıxılma riski var. Bütün bunlar bu tikinti sahəsinin nə qədər təhlükə potensiallı olduğunu göstərir. Bu səbəbdən də, tikinti sahəsində təhlükəsizlik qaydalarına ciddi riayət etmək lazımdır. Tikinti sahəsində işçilər əvvəlcə texniki təhlükəsizlik və əməyin mühafizəsi üzrə təlimatlandırılmalıdır, hər gün təlimat verildikdən sonra işə başlanılmalıdır. Daha sonra işçilər, kollektiv və fərdi mühafizə vasitələri ilə təchiz edilməlidir. Başında dəbilqə, xüsusi geyim forması, iş ayaq geyimi, görəcəyi işlə bağlı təhlükəsizlik kəməri, baş geyimi, eynək vı əlcək ilə təmin olunmalıdır. İşçilərin tətbiq olunan qaydalara riayət etmələrinə nəzarət edən mexanizm də olmalıdır. Təlimat ver, fərdi mühafizə vasitələri ilə təmin elə, ancaq nəzarət etmə. Bu zaman bədbəxt hadisələrin baş verməsi qaçılmaz olacaq" - deyə ekspert qeyd edib. Onun sözlərinə görə, tikinti sahəsində çalışan işçilərlə əmək müqaviləsi bağlanmalıdır. Buna tikintini aparan şəxslər, iş icraçıları və sahibkarlar ciddi yanaşmalıdır.

İşçilərin də əmək müqaviləsi tələb etmək vərdişini formalaşdırmaq lazımdır: "Başa düşürük ki, bir çox hallarda əmək müqaviləsi tələb edən işçiyə “əlaqə saxlayarıq sizinlə” deyərək işə götürmürlər. Ancaq bunu bir iki nəfər yox, böyük əksəriyyət tələb etsə, əminəm ki, əmək müqaviləsi ilə bağlı problem olmayacaq. Bu zaman işçinin başına bir iş gəldiyi halda hüquqları pozulmaz, həm də sahibkar özünü digər məsuliyyətlərdən qorumuş olar. Nəzərə almaq lazımdır ki, iş icraçıları iş yerində təhlükəsiz əmək şəraiti yaratmağa borcludur. İşçilərin də rahat, sağlam və təhlükəsiz şəraitdə işləmək kimi konstitusion hüquqları var".

E.Nurəliyev bildirir ki, tikinti sahəsində təhlükəsizlik kəməri olmadan yüksəklikdə işləyən, ayaq geyimi olmadan tikinti sahəsində gəzən və s. hallara çox rast gəlinir. İki metr hündürlükdən yuxarıda işləməyin, hündürlükdə görülən işlər sayıldığını və təhlükəsizlik kəmərindən istifadə etməyin vacib olduğunu qeyd edən ekspert bildirir ki, tikinti şirkətləri bu kimi təhlükəszilik qaydalarına əməl etmir: "Bəzən yük qaldıran kranlar yükü qaldırdığını, ancaq altında digər işçilərin işlədiyinə şahid oluruq. Bu yolverilməzdir. Eləcə də, ağırtonnajlı nəqliyyat vasitələrinin arxasında durmaq və ya yanından keçmək olmaz. Yükqaldıran kranın da altından keçmək olmaz. Tikintidə hərhansı bir iş görülərkən onun təhlükəsiz şəkildə tamamlanacağına əmin olduqdan sonra işə başlanmalıdır. İstər yükü qaldıranda, istər hündürlükdə işləyəndə, istər betonqarışdıran maşını işə salanda, istərsə də qaynaq və elektrik mişar işi görəndə təhlükəsizlik nəzərə alınmalıdır.

Heç kim hadisələrdən sığortalanmayıb. Ancaq təhlükəsizlik qaydalarına riayət etməyəndə, məsuliyyətsizlik və işə biganə yanaşanda bədbəxt hadisələrin olma riski artır".

İlahin, Bizimyol.info

Paylaş »
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Zakir Qaralov, Rüstəm Usubov və Eldar Mahmudov məhkəməyə çağırıldı
››› "Yer yarıldı" - çinli qadın marketə düşdü - Video
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
››› Dövlət qurumlarının "əsir" götürdüyü şəhər...
››› Hərbi qulluqçumuz şəhid olub - Ermənistanın növbəti təxribatı
Son xəbərlər
Bütün xəbərlər »