Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bəs sizin xaricdə nə işiniz var, cənab deputat?
Bəs sizin xaricdə nə işiniz var, cənab deputat?

Ötən gün deputat Musa Qasımlı xaricdə təhsil mövzusunda fikirlər bildirib. Bu fikirlər hər kəs tərəfindən fərqli şərh edildi. Media nümayəndələri də, xaricdə təhsil almış tələbələr də, hətta sosial şəbəkə istifadəçiləri də öz mövqeyini bölüşdü. Kimi qələmiylə, kimi klavyaturasıyla, kimi də səssizliyi ilə...

Səssizliyimə mürəkkəb damcıladıb öz fikirlərimə səs qatmaq istədim. Ən azından bir media nümayəndəsi kimi, sosial şəbəkə istifadəçisi kimi, hətta yüksək nəticələrlə imtahan verib xaricdə həm bakalavr, həm də magistr təhsili almış bir gənc kimi mənim də "çorbada tuzum olsun" - Türk qardaşların sözünə qüvvət.

Azərbaycanın tanınmış özəl universitetlərindən birində təhsil alarkən orta məktəb səviyyəsində ingilis dili biliyi olan müəllimələrin mənə TOEFL/IELTS imtahanını keçəcək səviyyədə ingilis dili öyrədə bilməyəcəyini görmüşəm. Bu səbəblə təhsilinin iki ilini tamamladığım özəl universitetdən ayrılıb Türkiyənin Ərzurum şəhərində bakalavr təhsili almağa yola düşdüm. Evimdən 3 dayanacaq uzaqlıqdakı universiteti yarıda qoyub Palandökən dağlarının ətəyində yerləşən və 11 ayı qış fəsli yaşanan Ərzurum şəhərinə getmək, Türkiyənin ən köklü universitetlərindən olan ATATÜRK Universitetində ali təhsil almaq qəribə gəlməsin sizə. İslam peyğəmbəri "Elm Çində də olsa, onun üçün gedin" deyib. Elmi axtarmağa getdim. Hansı ixtisası oxudun deyə sual formalaşsa, "İctimai əlaqələr və tanıtım" deyərəm. Bu ixtisasdan ötrü ora getməyə dəyərdimi deyənlərə cavabım belə olub: "Mənim ən kiçik ünvanlı müəllimim Araşdırmaçı idi".

Mənim ali təhsilimdə və peşə inkişafımda əməyi keçən bütün müəllimlərimi - araşdırmaçı ünvanından professorlarına qədər saya bilərəm. Onlar xarici ölkənin vətəndaşı olan tələbəni, yerli tələbədən ayırmadan bütün bilik və təcrübələrini bölüşürdülər. Onların əməyi və dəstəyi ilə təhsilimi yüksək dərəcələrlə bitirib İstanbulun köklü Bahçeşehir Universitetində təhsil almaq haqqı qazandım. Təhsil həyatımdan daha ətraflı danışıb heç kimin vaxtını almaq istəmirəm. Sizinlə bir nüansda razıyam ki, hər kəs xaricə oxumağa getmir. Əyləncə və ya turistik məqsədlə gedənlər də var. Əgər ölkəmizdə nə istədiyi təhsili, nə axtardığı əyləncəni, nə də arzuladığı turizmi tapa bilməyənlərə "ümumiləşdirilmiş fikir" leysanı yağdırmazdan öncə, ölkənin "seçilmiş" deputatı olaraq cəmiyyətin tələb və ehtiyaclarının qarşılanması istiqamətində addımlar ata bilərsiniz.

"Ailələrin sponsor olması" fikrinizə gəldikdə isə, ailələr övladlarına ölkəsində tapa bilmədiyi təhsili almasına dəstək olursa, bunda hər hansı problem görməməlisiniz. Əgər həmin tələbə nazirlikdən və ya məsul təşkilatlardan görə bilmirsə, deməli, yanlış çərçivədən baxırsınız. Həm oxuyub həm işləyən, təhsil haqqını özü ödəməyə çalışan gənclərimizin olduğunu görmək üçün çərçivəni sındırın.

Təhsil almaq istəyən gəncləri düşündüyünüzü "ehtimal" edərək belə bir təklifim var: xaricdə təhsil almağa gedən gənclərə, orta aylıq əməkhaqqından qat-qat yüksək maaşınızdan təqaüd ayıra bilərsiniz. Ya da xaricdəki təhsildən daha yaxşı təhsil verdiyini iddia etdiyiniz təhsil ocağına qəbul olan tələbələrin gələcəyinə yatırım edə bilərsiniz. Azərbaycan, Azərbaycan vətəndaşı və Azərbaycan ailəsinin qeydinə qaldığınızı "ehtimal" edərək, onların əvəzinə sponsorluğu siz də təmin edə bilərsiniz.

Xaricdə təhsilin qarşısını almazdan əvvəl ölkədəki təhsilin inkişafını təmin etmək gərəklidir. Xaricə gedənin qarşısını almaq üçün ölkədəki universitetlərin qapılarını taybatay açmaq da "diplomlu işsiz" nəslin formalaşmasına gətirib çıxaracaq. Başqa ölkələrdə bunun nümunələri də var və biz əskik qalıb o nümunədən olmayaq.

Xarici ölkədə təhsil almağın sadəcə mənfi tərəflərini siz dediniz, müsbət tərəflərindən birini də mən deyim. "Dadaşlar diyarı" Ərzurum-un mərkəzində - Cumhuriyyet prospektinin meydanında axın-axın insanın ziyarət etdiyi kitab sərgisinə niyə gəlmişdiniz? Orada kitablarınızın sərgiləndiyi stendinizin yanından keçən azərbaycanlı gənclərlə niyə ünsiyyət qurma ehtiyacı duyurdunuz?

O sərgini ziyarət edən tələbələrin tək işi aldığı təhsili inkişaf etdirmək məqsədiylə yeni kitablar əldə etmək idi. Bəs sizin xaricdə nə işiniz var, cənab deputat?

O'Musa, Bizimyol.info

Paylaş »
››› Ən təhlükəli bürclər: Üzünüzə gülə-gülə sizə zərər verərlər
››› Sevgi ilə bağlı yuxu görməyin mənası nədir - Yuxuyozma
››› “Gün keçdi”: Keçmişdən gələn qonaq, gələcəyə nöqtə qoyan görüş...
››› Cohnson: "Omikron" tam peyvənd edilmişlərədə yoluxa bilər
››› "WhatsApp"dan Android istifadəçiləri üçün yeni funksiya
››› Bakı Nəqliyyat Agentliyi film çəkib: Ciddi təqdim olunan komediya...
››› Türkiyədə zəlzələ olub
Son xəbərlər
Bütün xəbərlər »