Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ömürlük məhkumluq ölüm hökmündən də sərt cəzadır”
“Ömürlük məhkumluq ölüm hökmündən də sərt cəzadır”

Bir neçə gün öncə İmişli rayonunda 11 yaşlı qızın atalığı tərəfindən təcavüzə uğraması və uşaq dünyaya gətirməsi haqqında müəyyən xəbərlər, ictimaiyyətdə geniş narahatlıq yaratdı.

Hadisə ilə bağlı Bizimyol.info saytı hüquqşünas Əli Mustafa ilə söhbətləşib.

Əli Mustafa Əli Mustafa

- Əli bəy, baş vermiş hadisə ilə əlaqədar həmin hadisəni törətmiş şəxs və ya şəxslərə qarşı Azərbaycan Qanunvericiliyində nə kimi cəzalar nəzərdə tutulub? Ümumiyyətlə, bu növ hadisələrin qarşısının alınması üçün nə kimi addımlar atılmalıdır?

- Qanunvericilik, ümumiyyətlə, belə cinayət əməllərinin cəzalandırılmasını nəzərdə tutur. Ancaq bu cür hadisələr, cəmiyyətin infrastrukturunu dağıdan və milli əxlaqa yaraşmayan davranış şəklidir. Təbii ki, bu, təəssüf doğurur. Amma belə insanların mənə elə gəlir, birinci növbədə psixologiyasını yoxlamaq lazımdır. Hər halda, sağlam birinin belə cinayətlər törətməsi ağlabatan, anlaşılan deyil. Belə düşünürəm ki, bu növ cinayətlərə və cinayətkarlara qarşı ən sərt cəzalar tətbiq olunmalıdır.

- Uşaqlara qarşı cinsi zorakılıq edən şəxslərə qarşı cəza növü olaraq ölüm hökmü bərpa oluna bilərmi?

- Ölüm hökmü barədə, BMT-nin müvafiq qərarı var. 1966-cı ildə qəbul edilən pakta iki protokol əlavə olunub. Onun biri vətəndaşların beynəlxaq məhkəmələrə müraciəti, digəri isə ölüm hökmünün ləğvi ilə bağlıdır. Amma eyni zamanda Avropa İnsan haqları Konvensiyasında da bu ölüm hökmünün ləğvi ilə bağlı müddəa var idi. Həmin müddəaya Azərbaycan da qoşulduğu üçün biz artıq beynəlxalq öhdəlik götürmüşük ki, ölüm hökmü qanunvericilikdə olmasın. Ümumiyyətlə, qanunvericilikdə uzunmüddətli azadlıqdan məhrumetmə cəzası olsun.

Düşünürəm ki, ömürlük azadlıqdan məhrumetmə ölüm hökmündən də sərt cəzadır. Biri var ki, həmin şəxs bir dəfə ölür və canı qurtarır, biri də var ki, həyatının sonunadək həmin ağrı, acı, lənətlə yaşayır. Burda önəmli olan odur ki, gərək cəmiyyətin özü belə məsələlərə fərqli yanaşsın. Görünür, dünyada baş verən proseslər, milli və əxlaqi dəyərləri bir qədər arxa plana atıb. Əslində hadisə onu göstərir ki, həmin dəyərlər son dərəcə önəmlidir. Yəni, cəmiyyətdə bir qınaq olanda, abır-həya gözləniləndə və namus-qeyrət kimi dəyərlər öndə olanda, insanlar da, təbii ki, belə yaramaz hərəkətlərdən çəkinir. Amma bu dəyərlər bir küncə qoyulanda və ya önəmsənilməyəndə, belə arzuolunmayan hadisələr baş verir.

- Bəs belə hadisələrin qarşısının alınması üçün ailə institutlarının üzərinə düşən vəzifə nədir?

Zərərçəkmişin ailəsinin və başqa yaxınlarının adının və foto-videogörüntülərinin mətbuatda yayılması nə dərəcədə düzgündür?

- Belə hallarda ailənin də şərəf-ləyaqəti, heç şübhəsiz ki, qorunmalıdır. Bu məsələlərdə mətbuat da, əlbəttə ki, bir qədər səliqəli davranmalıdır. Onsuz da bu ailəyə zərbə dəyib. Mənəvi-psixoloji sarsıntı yaşayan bir ailəni təzədən bir də ictimailəşdirirsən, ifşa edirsən, bədnam edirsən. Artıq orda bir nəfər yox, bir ailə informasiya mənəvi terrorunun altında əzilir. Əbəttə, belə məsələlərdə səliqəli olmaq lazımdır, amma həmin cinayətdə əli olan adamların da ifşa olunması zəruridir. Mövzu barədə diqqətlər daha çox həmin cinayətkara yönləndirilməlidir. O, qınanmalı və biabır edilməli, ümumiyyətlə, cəmiyyətdə elə bir ab-hava yaradılmalıdır ki, başqa insanlara da dərs, görk olsun. Anlasınlar ki, belə davranışlara qətiyyən yol vermək olmaz. Çünki bu hadisə ilə təkcə özünü yox, bütün ailəsini, qohum-əqrabasını, nəsil-nəcabətini rüsvay edir. Hədəfdə daha çox təcavüzkar olmalıdır.

Ailə institutuna gəldikdə isə, deyə bilərik ki, həmin institutun sosial bazaları zəifləyib. Valideynlər uşaqlarla kifayət qədər ciddi məşğul ola bilmir, uşaqpulunun nə qədər vacib amil olduğu burda da gündəmə gəlir. Əgər ailələrin sosial təminatları yerində olarsa, valideynlər də uşaqlarına düzgün nəzarət edə bilər və onlara düzgün tərbiyə verə bilər. Təkcə burada qız uşaqlarından yox, həm də oğlan uşaqlarından, onlara nəzarətdən və təlim-tərbiyəsindən söhbət gedir. Əfsus ki, indiki maddi sıxıntılar, sosial proqramların olmaması, yardımların zəifliyi, işsizlik və s. problemlər belə bir ovqat yaradır ki, hamı öz başının hayındadır və bu baxımdan da uşaqlar diqqətsiz, qayğısız, nəzarətsiz qalır. Sonunda da belə arzuolunmaz hadisələr baş verir.

Ailə institutlarının möhkəmləndirilməsi üçün ciddi bir dövlət siyasəti olmalıdır. Dövlət ailəni qoruya bilməyəndən sonra o, kimə lazımdır? Dövlətin bazası, özülü cəmiyyətdir, millətdir. Millətin də qalası ailədir. Ailə millətin sağlam hüceyrəsidir. Ailələr güclü, sağlam olanda, millət də, dövlət də güclü olur.

Müsahibəni aldı: Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »