Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Nanotexnologiya, yoxsa "nənətexnologiya"... - Video
Nanotexnologiya, yoxsa "nənətexnologiya"... - Video

Deputat Musa Qasımlını tanıyırsınız. Son seçkidə “nənəöpmə kampaniyası” yadınıza düşdü, yəqin ki. O, bu yeni seçki texnologiyasının banisidir. Musa Qasımlıdan sonra çox namizəd harda qoca nənə gördü, fərqinə varmırdı ki, öz seçicisidir, ya qonşu dairədə yaşayır – tutub öpürdülər. Hətta elə nənələr vardı ki, rayondan Bakıya, ya bir şəhərdən başqa şəhərə, bir rayondan başqa rayona qonaq gedib siyasətən öpülmüşdülər.

Və o zaman yeni seçki sloqanı da meydana gəlmişdi: “Hərəyə bir nənə öpək!” Bu yeni seçki texnologiyasının adını bəlkə "nənətexnologiya" qoyaq. Nanotexnologiyanı başımıza icad çıxarmış əcnəbilərin acığına. Yəni, sizdə nanotexnologiya ola bilər, amma bizdə də "nənətexnologiya" var. Necədir?! Hə, o seçkidə o namizədlərin çoxu deputat ola bilməsə də, əməlli-başlı savab qazandı; elə nənələr var idi ki, son 30-40 ildə heç cür “siyasi-fiziki” təmasa məruz qalmamışdılar. Musa Qasımlı isə bu öpüşlərin “yardımı ilə” Yardımlıdan mandat qazandı.

Yox, nənələrin seçkidə verdiyi səslərlə deyil; çox nənə heç məntəqələrin yolunu tanımır. Onsuz da onların əvəzindən topa-topa bülleten atanlar vardı və nənələr bu sayədə rahat və xoşbəxt yaşayır. Musa Qasımlını da deputat edən, elə o topa bülletenlər oldu. Ancaq hər şeydən əfzəl nənələrin duasıdır. Adam o boyda savaba imza atıb, bunun qarşılığında bir mandat nə olan şeydir ki?!

Musa müəllim, çox çevik adamdır. 2003-də deyirdi ki, iqtidar başçısı batan günəşdir, müxalifət lideri isə doğan günəş. 2013-də isə günəşlərin yerini çoxdan dəyişmişdi. İndi də təzə bir fikir deyib və bu saat qiymət-rüsum “dəyişməsi”ndən qəzəbli camaat feysbukda əmvatına salavat oxuyur.

Bu dəfə nə deyib, Musa müəllim?! Deyib ki, ölkədə universitetlərinin qapısını açaq, hamı tələbə olsun, ancaq elə eləyək ki, hamı məzun ola bilməsin. Deyir, bizim növcavanlar xaricdə gedib oxuyurlar, təsir altına düşürlər. Yaxşı, mən razı. Bəs xaricdə təhsil alıb gəlib nazir olandan, icra başçısı-filan olandan sonra burda korrupsionerlərə çevrilənlərlə nə edək?! Hələ mən onu demirəm ki, atası xarici pasport alveri edən - rüşvətxorluqda ad çıxarmış birinin övladı gedib xaricdə təhsil alıb qayıdıb, sonra da gəlib bir nazirliyin başında oturub və camaatın başında turp əkir...

Nə təsir, Musa müəllim, adam rüşvətlə böyüyüb deyirəm. Hələ doğulmadan, yaxud bələkdəykən pis təsir altındaydı. Həm də burda. Nəyi qoyub nəyi danışırsınız ki?!

Hə, deyirsiniz ki, uşağı xaricdə oxuyan azərbaycanlı ailələr əcnəbi universitetlərin sponsoru olur. Bax, qara qızın dərdi buymuş. Pul, pul və pul! O xaricdə təhsil üçün gedən tələbənin – ailəsinin pulunu içəri axıtmaq istəyi var. O pullar yerli universitetlərdə qalsın. Onlar da kimindir, nədir?! Məlum.

Deyirsiniz, universitetlərimizin qapısını açaq. Əşi, istəyirsən, lap bacasını da aç. Pəncərəsini yerindən çıxar, at. Orda normal təhsil olmasa, nə xeyri var?! Ağlı başında, pulu cibində olan daha uzaqdakı daha yaxşı təhsiri qoyub da milli təhsilsizliyə addım atar?! Yox!

Musa müəllim, öz aramızdır, heç kimə demərəm, deyin görək, bu çıxışınızdan qabaq rektorlar, Sizi milli əskinaslarla “görüb”, yoxsa xarici valyutada?!

Qara Şəhərli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »