Türkiyənin Adana şəhərinin hava limanının fəaliyyəti bir saat yarım dayandırıb.
Bizimyol.info xəbər verir ki, bu barədə CNN Türk telekanalı məlumat yayıb.
Hadisə səhər saatlarında polis Əfqanıstandan olan 70-dən çox qeyri-qanuni miqrantı daşıyan yük avtomobilini hava limanı yaxınlığında saxlayarkən baş verib.
Avtomobilin yük yerində Türkiyəyə daxil olmaq üçün sənədləri olmayan qeyri-qanuni yollarla ölkəyə gəlmiş 72 əfqan miqrantın olduğu bildirilib. Qanunsuz olaraq ölkəyə daxil olan şəxslər qaçmağa çalışıb. Onlar hava limanının hasarını aşaraq yenicə eniş etmiş laynerin hərəkət etdiyi uçuş-enmə zolağına çıxıblar. Pilotlar təyyarənin təcili dayandırmaq məcburiyyətində qalıb.
Hadisə ilə əlaqədar hava limanının fəaliyyəti bir saat yarım dayandırılıb. Polisin qaçan bütün qeyri-qanuni mühacirləri saxladığı bildirilir.
Bizimyol.info