Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təcavüzə uğrayanlar niyə bunu yaxınlarına vaxtında deyə bilmir?
Təcavüzə uğrayanlar niyə bunu yaxınlarına vaxtında deyə bilmir?

İmişlidə 11 yaşlı qıza təcavüz edən atalığı 1978-ci il təvəllüdlü Qurban Fərəcov haqqında 4 ay müddətinə həbs qətimkan tədbiri seçildi. Yəni 4 aylıq istintaqdan sonra materiallar məhkəməyə göndəriləcək və cinayət sübuta yetirilərsə, təqsirləndirilən şəxs məhkum ediləcək.

İmişlidə baş verən hadisə bütün ölkə gündəmi tutmuşdu. Ananın laqeyidliyi, ata qohumlarının məsələyə biganəliyi diqqətlərdən qaçmırdı. Ana da evində baş verən belə bir hadisəni 7 ay müddətində gizlədə bilmişdi. Bəlkə də o qızcığaz hamilə qalmasaydı və bəlkə təcavüzçü daha professional şəkildə davransaydı, hələ uzun illər o qız təcavüzə məruz qalacaqdı. Elə Xəzər rayonunda 6 il atalığı tərəfindən təcavüzə uğrayan qız kimi...

Təcavüzə uğrayanlar niyə bunu yaxınlarına vaxtında deyə bilmir?

Təcavüz qızlar üçün həyatlarının ən ağır hadisəsidir. Həyatı başa düşməyən, cinsi hissləri tam formalaşmamış biri özündən dəfələrlə böyük birinin təcavüzünə məruz qalır, ağrılar yaşayır. Bu ağrılar təkcə cismani olmur. Bu ağrılar azyaşlı qızların iliklərinə işləyir. Başlarına nə gəldiyinin fərqində olmurlar. "Kiməsə desən, səni öldürərəm" təhdidi bəs edir ki, qız sussun. Bu susqunluq müəyyən zaman keçəndən sonra aqressiyaya, depresiyaya və intihara gətirib çıxara bilir. Uşaq yaşlarından qızın bütün arzuları, düşüncələri, sevə bilmə duyğusu, cinsi hissləri məhv edilir. Təcavüzə uğrayan qızlar, sonradan özlərinə rahat həyat qura bilmirlər. Onlara yaxınlaşmaq istəyən hər kəsə inamsızlıqla yanaşır, təcavüzçünün ona yaşatdığını bir daha yaşamaq istəmirlər. Bəzi təcavüzə uğrayan qızlar isə, sonradan bunu normal qəbul edib əxlaqsız həyatı seçirlər.

Etiraf edək ki, ictimai qınaq və ya veriləcək həbs cəzası, təcavüzə uğrayan qızların həyatını dəyişməyəcək. Hətta edilən psixoloji yardımlar belə onlara kömək olmayacaq. İnsan həyatında yaşadıqlarını heç bir zaman unutmur. Bu körpədirsə və ya azyaşlıdırsa, heç unutmur. Yaşadıqları kabusuna çevrilir. Gözlərini yumanda o şəxsin verdiyi ağrıları, qorxusunu xatırlayır. Və bu heç bir zaman keçmir...

Azyaşlı qızları təcavüzdən necə qoruyaq?

Əgər diqqət yetirirsinizsə, qızlar çox zaman atalıqları tərəfindən təcavüzə uğrayırlar. Həyat yoldaşından boşanmış və yaxud ayrılmış qadınların da yenidən ailə qurmaq haqqı var. Amma bu ailəni uşaqların xoşbəxtliyi üzərində qurmaq olmaz. Düzdür, həyatımızda insanları seçərkən onların başımıza gələcəkdə hansı oyunları açacağından xəbərsiz oluruq. Amma qızı olan hər bir ana ikinci dəfə ailə həyatı qurarkən bu barədə iki dəfə düşünməlidir. Bəli, ağrılı olsa da, bu mövzuda heç kimə güvənmək olmaz.

Bəzən analar həyat yoldaşlarının bu qədər alçalacağını düşünmür. Hətta qızlarını yalan danışmaqda ittiham edənlər və yaxud hadisəni qəbul edib ört-basdır etməyə çalışanlar da olur. Amma unutmamaq lazımdır ki, hər bir ana öz övladına görə məsuliyyət daşıyır. Bu gün bu qızların təcavüzə uğramasının günahkarlarından biri də elə analarıdır. Qızlara qarşı laqeyd, biganə davranmaq onları təcavüzçü kişilərin qurbanına çevirir. Azərbaycan kişisinin isə həyat yoldaşının qızına təcavüz edəcək qədər acizləşməsi daha ağırdır. Öz cinsi təlabatını, cinsi hisslərini azyaşlı qızlar üzərində təmin etmək, nə kişiliyə, nə ata adına yaraşmır.

Kişilər! Siz boşanmış qadınla ailə həyatı qurmağı düşünəndə, onların övladlarını da övladınız kimi qəbul etmiş olursunuz. Ata qızına göz dikərmi? Sizi bu qədər acizləşdirən, alçaldan nədir? Niyə hisslərinizə hakim ola bilmirsiniz? Bəli, seks orqanizmin tələbi ola bilər. Ancaq siz təlabatınızı azyaşlı uşaqlarla ödəməməlisiniz. Bu həm cinayətdir, həm günahdır. Tutaq ki, məhkəmə sizə 6-7 il cəza verdi, azadlığa çıxdınız. Bəs sonra insanların üzünə necə baxacaqsınız?

Siz, qızlarını zorlamış atalarsınız və zorlanmış qızların da atası...

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »