Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ailə dəyərlərinə... ikiqat təcavüz
Ailə dəyərlərinə... ikiqat təcavüz

“Ədalətin olmadığı yerdə əxlaq yoxdur”. Mişel de Monten (fransalı filosof)

Daha bir neçə gün öncə rayonlarımızın birində yenidən insanlığımızı, vicdanımızı və fitrətimizi öz-özlüyümüzdə sorğuya çəkdirən növbəti hadisə baş verdi – 11 yaşlı qız uşağının təcavüzə uğradığı və 7 aylıq hamilə olduğu cəmiyyətimizdə şok təsiri yaratdı. Bir il öncə Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərminin yandırılmış cəsədi gündəmlərə başlıq və manşetlərə şəkil olarkən, bəlkə də qarşımızda daha neçə-neçə Nərminləri itirəcəyimizi, daha ağrılı və daha iyrənc hadisələrlə üzləşəcəyimizi təsəvvür etməzdik. Sanki, o hadisə özündən sonra bir ardıcıllıq yaratdı. Demək olar ki, bir aydan bir, bir körpə ölümü, bir təcavüz, bir qadın cinayəti eşitmək, getdikcə adiləşdi, getdikcə manşet xəbərdən gündəm xəbərə, gündəmdən aktuala, aktualdan da adi xəbərə çevrildi. Bir zamanlar oxuyub, içdən-içə yanıb-yaxıldığımız bu tip xəbərlər sanki keçən hər gün, hər həftə adiləşdi. Yaxud adiləşdirildi. Bir insan ölümü, xüsusilə bir körpə, uşaq ölümü heç bir zaman adi hadisə hesab edilə bilməz. Əgər hesab edən biri varsa, o, artıq potensial qatildir.

Bəs elə isə bu qəbildən olan hadisələri müxtəlif başlıqlarla tirajlayan, onu getdikcə sadələşdirən, adiləşdirən, cinayətkarı buraxıb, zərərçəkmişin özünün və ailəsinin abrını ətəyinə bükən, yaxud bükdürənlər kimlərdir? Yaxud da gəlin, sualı belə verək: bu gün medianın işi, konkret olaraq nədən ibarətdir? Problemi işıqlandırmaq, ya insanların abrını aparmaq? Mediaya alver mənbəyi kimi yanaşanlar, insanları da alverçi nəzəriylə süzərlər - “Görək, bundan çörək çıxır, ya yox?”.

Son bir neçə gündür, baş vermiş hadisəni yaxından izləyir, cəmiyyətimizin yanaşmasını özlüyümdə təhlil edir və hər kəsin öz ədalət anlayışını tətbiq etmə istəyini anlayışla qarşılayıram. Mənəviyyat hissi fərqli olduğu kimi, hər kəsin ədalət anlayışı da fərqlidir. Cəmiyyətimizin, insanımızın hadisəyə, hadisəni törədənə və bundan zərərçəkənə münasibəti ortadadır - erməniyə əsir düşəndə namusunun tapdalanmaması üçün öz canına qəsd edən analarımızın, qızlarımızın, xanımlarımızın olduğu bir millət üçün bu, təkcə həmin evin, həmin ailənin yox, bütün Azərbaycan xalqının dərdidir, yarasıdır. Və hər kəs o yaranın sağalması üçün bir an öncə baiskarı ortaya çıxarıb, ən layiqli şəkildə ədaləti təmin etmək istəyir. Ədalət isə əxlaqlı birinin əlində olduğu zaman ədalət olar. Əxlaqsızın əlində olduğu zamansa, zülm...

Mən media əxlaqından danışmaq istəyirəm. Yadıma gəlir, bir zamanlar hər hansısa namus cinayəti baş verərdi və həmin cinayətə uzaqdan-uzağa şahid olanların, hətta hal şahidliyi edənlərin səsi efirdə dəyişdirilər, üzü gizlədilər, adı şərti olaraq verilərdi. Həmin hadisədə zərərçəkmişin yaxınlarının isə demək olar ki, adı-bənsi çəkilməzdi. Hər kəsə məlum idi ki, bu adamın üzü görsənsə, adı çəkilsə, olduqca kiçik olan bu cəmiyyətdə həmin adam tezliklə ətrafı tərəfindən tanınacaq və küçə-bacaya çıxdığına peşman ediləcək. Bəyəm, hər kəs həzrəti İsadır ki, “daşı günahsız olanınız atsın” desin? Təbii ki, yox. Bu səbəbdən də bir çox media qurumları, belə hadisələrdə həmin şəxslərin kimliyinin gizliliyinə xüsusi həssaslıqla yanaşardılar.

Bəs, bu gün biz nəyi müşahidə edirik?

Əlində mikrofon və çiynində kamera olan şəxslər, təcavüzə uğramış 11 yaşlı qızcığazın evinə yaxınlaşır və yaxınlarından müsahibə alır. Yaxınları da bildirir: “Xəcalətimizdən evdən çıxa bilmirik”. Daha sonra bəs etmirmiş kimi, qızcığazın dünyaya gətirdiyi körpənin çəkisi də çox keçmədən bəlli olur, 1 kq 500 qram... Bir müddət sonra da xəbər başlıqlarında “Pedofilliyin kökünü necə kəsək?”, “Uşaqlara təcavüz edənlərə qarşı hansı cəzalar tətbiq edilməlidir?”, “Milli Məclisdə belə məsələlərlə bağlı hansı qərarlar verilməlidir?” kimi yox, məhz “İmişlidə 11 yaşlı qız uşaq dünyaya gətirdi” kimi başlıqlarla hadisənin ağırlığını, ciddiliyini kölgədə qoyub, sanki, rekord yeniləyən bir idmançının nəaliyyəti paylaşılır. Hətta bəzi media mənbələri hadisəni Qərb dövlətlərində, ABŞ-da baş verən analoji hadisələrlə müqayisə edib yaş fərqi çıxarırlar. Bu gün bu cür başlıqlarla, bu cür videomateriallarla paylaşılan xəbərlər bir neçə il sonra (əgər özünəqəsd etməsə, həyatda qala bilsə) qarşısına çıxdıqda, həmin qızcığaz üçün onsuz da məhv olmuş həyatını işgəncə maşınına çevirəcək.

Artıq 1 həftə deyil, bir çox media orqanı həmin qızcığazı və onun dünyaya gətirdiyi körpəni heç kəsin qəbul etmək istəmədiyini bar-bar bağırır. Sual yaranır, nə üçün hadisənin baiskarı olan həmin pedofil barədə bu qədər geniş materiallar hazırlanmır? Nə üçün hadisənin qısa zamanda həll edilib bağlanılması, artıq camaatın abır-həyasının daha da getməməsi, hüquq-mühafizə orqanlarına işin daha da sürətləndirilməsi və daha da peşəkar şəkildə araşdırılması üçün tapşırıq verilməsi, gələcəkdə bu kimi hallara qarşı daha kəskin mübarizə aparılacağı, bu barədə çox sərt qərarlar veriləcəyi ilə bağlı məsələlər qabardılmır? Belə rəzilliklərin bir daha baş verməməsi, baş verdikdə isə kəskin şəkildə cəzalandırma ilə bağlı Milli Məclisə, eləcə də ölkə rəhbərliyinə müraciətlə bağlı təşviqat nə üçün aparılmır?

Məlum məsələdir, hər insan öz ədalətini tətbiq etsə, ölkə qatil əlindən keçilməz. Elə isə ədaləti insanlar yox, özünə “ədalətin keşikçisi” adı verilən dövlət qurumları tətbiq etməlidir. Bəs bu qurumları hərəkətə keçməyə, onu işinə qarşı daha da məsuliyyətlə yanaşmağa vadar edən kim olmalıdır? Media, bir çox hallarda, ölkənin, dövlətin “təhlükə bildirən qırmızı işıqları” rolunu oynamalı, onu problemi tezliklə həll etməyə kökləməli, təşviq etməli, hətta yeri gəldiyində, öz qələmi ilə təzyiq göstərməlidir. Daha, xəcalətindən küçəyə çıxmaq istəməyən bir ailənin el içində abır-həyasını aparmaq problemi həll edə bilməz.

Mətin Şükürlü, Bizimyol.info

Bu məqalə Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

İstiqamət: 6.3.18. Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Son Günəş tutulması bürclərə necə təsir edəcək
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› TƏBİB və Səhiyyə Nazirliyinin Operativ Qərargahdakı rolu nədir?
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »