Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəzi kafe və restoranlarda da uşaq əməyinin istismarı ilə qarşılaşırıq"
"Bəzi kafe və restoranlarda da uşaq əməyinin istismarı ilə qarşılaşırıq"

Uşaq əməyinin istismarı təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində qarşısıalınmaz problemdir. UNICEF-in 2020-ci il hesabatına görə, uşaq işçilərin sayı son 20 ildə artaraq 160 milyona çatıb. Qurumun hesabatına görə, COVID-19 pandemiyası səbəbilə 9 milyon uşaq da risk altındadır və artım son 4 ildə baş verib. Belə ki, 4 ildə 8,4 milyon uşaq işə cəlb edilib.

Qeyd edilir ki, 2000-2016-cı illər ərzində uşaq işçilərin sayı, 94 milyon azalıbmış. Hesabat, dünyada uşaq əməyinin istismarının artdığını göstərir. İşləyən uşaqların yarısından çoxu isə 5-11 yaşlı uşaqlardır. Sağlamlıqlarına, təhlükəsizliklərinə və əxlaqlarına zərər gələn işlərdə işləyən 5-17 yaşlı uşaqların sayı 2016-cı ildən bu günə qədər 6,5 milyon artaraq 79 milyona çatıb.

Səhra Afrikasındakı əhali artımı, son 4 ildə 16,6 milyon uşaq işçisinin artmasına səbəb olub. Hesabatda 2022-ci ilin sonuna qədər 9 milyon uşağın da əməyə cəlb edilmə riskinin olduğunu deyir. Mütəxəssislərə görə, koronavirus pandemiyası ilə bağlı iqtisadi sıxıntılar və məktəblərin bağlanması, uşaqların daha uzun və ağır işlərə cəlb edilməsinə səbəb olub. Hesabatda qeyd edilir ki, işləyən uşaqların 70 faizi kənd təsərrüfatı sahəsində, 20 faizi xidmət sektorunda, 10 faizi isə sənaye sektorunda işləyir. Uşaq əməyinə cəlb edilən 5-11 yaşlı uşaqların 28 faizi və 12-14 yaşlı uşaqların 35 faizi məktəbə getmir. Hesabata görə, işləyən uşaqların çox hissəsi, oğlan uşaqlarıdır. Və kənd yerlərindəki uşaqlar (14 faiz), şəhərlərlə (5 faiz) müqayisədə daha çox əməyə cəlb edilir.

Hüquqşünas Fərid Həmidovun sözlərinə görə, Azərbaycan qanunvericiliyinə görə, uşaqların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə biləcək işlərə cəlb edilməsi qadağandır.

"Azərbaycanda Əmək Məcəlləsinə görə, uşaqların işə qəbul edilməsi üçün minimum yaş həddi 15 yaş müəyyən edilib. 15 yaşa çatmamış uşaqlarla bağlanılan əmək müqaviləsi etibarsız sayılır. Eyni zamanda 15 yaşlı uşaqla müqavilə bağlayan işəgötürən-sahibkarlar inzibati məsuliyyətə cəlb edilir. 15 yaşdan 18 yaşadək işçilərin əməyindən istifadə ilə bağlı onlar üçün əmək şəraiti, iş və əmək məzuniyyəti vaxtı, müddəti və s. qeyd edilib".

Mütəxəssis bildirir ki, uşaqlar ailələri tərəfindən əməyə cəlb olunduğu üçün çox zaman bu prosesin qarşısını almaq olmur. Bu kimi hallar daha çox kənd yerlərində müşahidə edilir.

"Qızlar ev işlərinə, oğlan uşaqları isə kənd təsərrüfatı işlərinə cəlb edilir. Uşağı işə cəlb edən valideyn olduğu halda müdaxilə etmək çətin olur. "Oğlumdur, həyətdə işləyir, bizə yardım edir, işə alışmalıdır" və s. fikirlərlə uşaqların əməyi istismar edilir. Bununla yanaşı, bəzi bölgələrdəki kafe və restoranlarda da uşaq əməyinin istismarı ilə qarşılaşırıq" - deyən mütəxəssis, Bakıda uşaqların daha çox təkər qaraltma, bazarlarda araba sürmə, avtomobillərin şüşələrini silmə və s. kimi işə cəlb olunduqlarını qeyd edir. Onun firkincə, şəhərdə daha çox valideyni olmayan və ya bir valideyni olan uşaqlar işləyir. Onların əksəriyyəti, dilənçiliklə də məşğul olur. Mütəxəssis qeyd edir ki, bu problem, bütün dünyada mövcuddur. Yəni təkcə Azərbaycana xas vəziyyət deyil.

Psixoloq Leyla Zamanova isə, uşaqların işə cəlb olunmasının onların həm fiziki, həm də ruhi sağlamlıqları üçün təhlükəli olduğunu deyir.

"5-11 yaşlı uşaq, valideyn qayğısına möhtac uşaqdır. Bu yaşda uşaqların işə cəlb olunması, onların fiziki görkəmini və orqanizmini inkişafdan saxlayır. Daşıdıqları ağırlıqlar və gördükləri işlər, onların inkişafına mane olur. Qayğıya və sevgiyə ehtiyacı olan azyaşlı uşaqlar işə cəlb olunursa, bu cəmiyyətin gələcəyinin təhlükə altında olması deməkdir. Uşaq körpə ikən, onun ruhu yox edilir və mənəviyyatı sındırılır. Böyüyəndə ondan nə gözləmək olar ki? Bu səbəbdən də gələcəyin təhlükə altına atılmaması üçün uşaqları əməyə cəlb edilməsinin qarşısını almalıyıq" - deyə psixoloq bildirib.

İlahin, Bizimyol.info

Paylaş »
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Ulduz  falı: 02 dekabr, 2021-ci il – Əməyinizin mükafatını alacaqsınız
››› Hamının sevimlisinə çevrilən müəllim təzyiqlərə məruz qaldı
››› Yol polisindən növbəti xəbərdarlıq və ya hökumətin işləməyən qərarı
››› Rusiya Krımda tələyə düşüb: Ukrayna ətrafında NATO qüvvələri artmaqdadır
››› "Qara pişik" doğrudanmı təhlükəlidir... - Batil inanclar və din
››› Paytaxtın mərkəzində etiraz aksiyası keçirməyə cəhd edilib
Son xəbərlər