Bərdədə "Kalaşnikov" avtomatından havaya atəş açan şəxs saxlanılıb.
Bizimyol.info xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumata görə, Bərdə Rayon Polis Şöbəsinə noyabrın 1-də saat 20 radələrində Mirzalıbəyli kəndi ərazisində avtomat silahdan atəş açılması barədə məlumat daxil olub. Məlim olub ki, kənd sakini Ə.Nəsirovla Tərtər rayon sakini Ə.Bağırovun idarə etdiyi “VAZ-21102” markalı avtomobildə mübahisə zamanı onun qoluna bıçaqla xəsarət yetirib avtomobildən düşərək qaçıb. Daha sonra Ə.Bağırov avtomobilin yük yerində olan avtomat silahı götürüb onun həyətinə gələrək orada havaya atəş açdıqdan sonra avtomobillə hadisə yerndən uzaqlaşıb.
Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Bağırov saxlanılıb, ondan “AK” markalı avtomat silahı, 1 ədəd patron darağı və 1 ədəd patron götürülüb. Tibbi müayinədən keçirilərkən onun orta dərəcəli sərxoş olması müəyyən edilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə (Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) cinayət işi başlanıb.