Paytaxtda çoxmənzilli binalarda qanunsuz artırmaların edilməsi demək olar ki, ənənə halını alıb. Bu gün paytaxtın müxtəlif rayonlarında, xüsusən sovet dövründə tikilmiş binalarda bu hallara rast gəlmək olur. Bu hallar daha çox aşağı mərtəbələrdə qeydə alınır. Biz bunu "Yaşayış sahəsinin qanunsuz artırılması" kimi qəbul etsək, hamımız yaxşı bilirik ki, qanunsuz heç nə yoxdur, sadəcə icra edici şəxslərin göz yumması var. Bu artırmalar həyətlərə, binların giriş-çıxışlarına sirayət etsə də, kimsə bu günə qarşı həmin tikililərin qarşısını ala bilməyib.
Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyevin sözlərinə görə, belə "qanunsuz" artırmalara sovet dövründə inşa edilən binalarda rast gəlinir. Bu binaların əksəriyyəti isə, istismar müddətini bitirib. Yəni, həmin binalar bir neçə ilə sökülərək yeni binalarla əvəzlənəcək. Mütəxəssis qeyd edir ki, "qanunsuz" artırmalar söküntü zamanı müəyyən istisnalarla hesablanır.
"Həmin artırmalar, müəyyən istisnalarla nəzərə alınır. Və hər zaman nəzərə alınmır",- deyə ekspert bildirib.

Bəs bu "qanunsuz" artırmalar necə tikilib?
Qeyd edək ki, belə artırmalar şəhərin bütün rayonlarında binalarda müşahidə edilir. Qanunsuz olaraq daşı-daş üstünə qoymaq mümkün olmadığı üçün bu artırmalar da icra hakimiyyətinin "xüsusi" razılığı ilə inşa edilir. Bu artırmalara çox zaman sənəd verilmir, bu səbəbdən həmin artırmalar "qanunsuz"adlanır. Belə qanunsuz artırmalar şəhərin estetik görünüşünə zərər versə də, təəssüf ki, uzun illər bunun qarşısı alınmayıb. Məsələn, Bakının Nərimanov rayonunun eyni adlı metrostansiyası yaxınlığında Ağanemətulla, Faiq Yusifov, Yusif Vəzir Çəmənzəminli və s. küçələrindəki binalarda belə qanunsuz artırmalar kifayət qədərdir. Ümumiyyətlə, şəhərin bütün rayonlarında 3 və 5 mərtəbəli binalarda qanunsuz artırmalar var.
Mütəxəssislərin fikrincə, mənzil sahibləri qanunsuz artırma "həvəsinə" düşdükləri zaman binaların yeniləri ilə əvəz ediləcəyi istisnasını gözdən qaçırıb. Buna görə, bəlkə də həmin artırmalar, vətəndaşlara yüksək məbləğə başa gəlib.
Ekspert qeyd edir ki, həmin artırmalar aşağı mərtəbələrə olduğu zaman binaların konstruksiyasına zərər vermədiyi halda, yuxarı mərtəbələrdə edilən artırmalar binanın təməlini zədələyir, binaya ağırlıq salır.
"Onsuz da istismar müddəti bitmiş binalar, bu artırmalara uyğun olaraq əyilir. Yəni, qısacası təhlükəlidir. Qanunsuz artırma müəyyən müddət rahatlığa səbəb olsa da, sonradan təkcə mənzil sahibinə deyil, bütün binaya zərər verir. Vətəndaşlar bunu nəzərə almalıdır" - deyə ekspert əlavə edib.
E.Fərzəliyev qeyd edir ki, pilot layihələr və söküntülərlə bağlı ölkə başçısının tapşırığı var ki, "vətəndaşlar incidilməsin".
"Söküntülər zamanı həyət evləri, çıxarışı olmayan ərazilər və s. kvadratına görə hesablanır. Bəzi artırmaların sərəncamları var. Çox hissəsində isə heç bir sənəd yoxdur. Artırmalar sənədsiz həyata keçirilib. Söküntü zamanı mövcud kvadrata uyğun ya pul, ya da tikinti sahəsi verilir. Biz bu artırmalara qanunsuz deməyək. Bir var rəsmi icazə, bir də var qeyri-rəsmi icazə. Qeyri rəsmi icazə ilə icazəsini alıb tikiblər. Mən dəfələrlə qarşılaşmışam ki, bu artırmaların kvadratına uyğun vəsait və ya yeni mənzildə artıq kvadrat verilir" - deyən Fərəzliyev bildirir ki, mənzillərin çıxarışında sadəcə yaşayış ərazisinin kvadratı qeyd edilir.
"Məsələn, ümumi sahəsi 65 kvadrat metr olan mənzil çıxarışda 45 kvadrat metr olaraq qeyd edilir. Burada iki yataq, bir zalın kvadratı qeyd edilir. Ümumi sahə, texniki pasportda qeyd edilir. Bu isə demək olar ki, əksər mənzil sahiblərində olmur" - deyə E. Fərzəliyev bildirib.
Bir zamanlar çoxmənzilli binada artırma etmək, mənzil sahibinin gücünü və maddi vəziyyətinin sübutu kimi nəzərə alınırdı. Axı, kimin pulu olmasa qanunsuz artırma edə bilər ki? Ekspertin fikrincə, bu gün paytaxtda yüzlərlə istismar müddətini bitirmiş, qəzalı vəziyyətdə olan binalar var ki, onlar sökülməlidir.
"Artırmaların çox olması, tikinti şirkətlərinə də sərf etmir. Çünki artırmaların sayı çox olduqca, tikinti şirkəti vətəndaşa daha çox vəsait və ya kvadrat verməli olur. Buna görə də belə artırmalar söküntü prosesini uzadır. Binalar isə belə artırmalara görə, daha da qəzalı vəziyyətə düşür" - deyə E.Fərzəliyev qeyd edib.
İlahin, Bizimyol.info