Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şəhid anası kirayəsini ödəyə bilmir - Gəncənin başçısı "lal muncuğu" udub
Şəhid anası kirayəsini ödəyə bilmir - Gəncənin başçısı "lal muncuğu" udub

Beş-altı il əvvəl Gəncə şəhərində olduğum zaman bu şəhərin insanları, gülərüz və mehriban idi. "Qadan alım" deyə sənə buyur-buyur edər, yuxarıbaşda yer göstərib dərdlərini danışmaqdan çəkinməzdi.

5-6 il əvvəl Gəncə sakinləri icra başçısı Elmar Vəliyevdən narazı olsa da, həyatlarını birtəhər idarə edib, intihara cəhd etməyi və yol bağlamağı düşünmürdülər.  Yox, Elmar Vəliyevi tərfiləyəcək yazı deyil bu. Vəziyyəti izah etməyə çalışırıq.

2018-ci ildə Gəncədə qarışıqlıq baş verdi.Elmar Vəliyev güllələndi. Bu qarşıdurmada Vəliyev sağlamlığını itirdi. Elə həmin il, Niyazi Bayramov icra başçısı təyin edildi. Gəncə əhalisinin bir hissəsi buna sevinsə də, bir hissəsi də "heç bir fərq olmayacaq" deyə düşünürdü.

Bu il yenə Gəncəyə getmişdim, Gəncə şəhidləri barədə yazı yazmağı düşünürdüm. Gəncə, çox yorğun idi. Havası, suyu, yolları, insanları - hər şeyi ilə yorulmuşdu Gəncə. Şəhidlər xiyabanını gəzib şəhid ailələri ilə danışdım və geri qayıtdım. Dedilər ki, Gəncə haqqında yazı hazırlamaq daha o qədər asan deyil. Məlum hadisələrdən sonra Gəncəyə gələn bütün jurnalistlər hesabat verməli, xüsusi icazə məktubu ünvanlamalı, sonra yazmalıdır. Düzü, bunun üçün səy göstərməyə dəyməzdi. Gördüklərimi çəkib yazmağa qərar verdiyim üçün geri qayıtdım.

Bir müddət sonra 2020-ci il Müharibə zamanı evi dağılan Vüsalə Əliyevanı tanıdım. Dəfələrlə bu xanımla söhbətlərimiz oldu. Onun sayəsində yeni icra başçısını da tanımış olduq. Vüsalə xanım, icra başçısının dövlətdən ona ayrılan yardımı vermədiyini dilə gətirirdi. Xatırladım ki, müharibə dövründə Gəncəyə atılan raketlər, Vüsalə Əliyevanın 500 kvadratmetrlik evini yarasız hala salıb. Həmin ev, Vüsalə xanım üçün həm də iş yeri olub. Belə ki, burada şirniyyat sexi və gözəllik salonu olan Əliyevlər ailəsi, elə evlərindən gələn gəlirlə ailəni saxlayırmış. Əliyevlər ailəsinin evi dağılan zaman Vüsalə Əliyeva ciddi xəsarət alır və qadının dişləri tökülür. Bir müddət xəstəxanada müalicə alan qadın, sağlamlığına tam qovuşmamış, icra hakimiyyəti ilə haqqını tələb etmək üçün mübarizəyə qalxır. Aksiyalar keçirir, yol bağlayır, video çarxlar çəkib səsinin ölkə başçısına çatdırmağa çalışır. Amma nə fayda...

Bu məsələ ilə bağlı biz İcra Hakimiyyətinin elektron poçt adresinə sorğu da ünvanlamışdıq, amma təəsüf ki, sorğumuz cavabsız qalmışdı. Sorğumuzun cavabsız qalması faktları ilə çox qarşılaşdığımız üçün bu vəziyyətə təəccüblənmədik.

Ötən günlərdə isə, Vüsalə Məmmədova adlı şəhid anasının intihara cəhd xəbərini aldıq. Şəhid Sahib Həsənovun anası olan bu xanım, dəfələrlə icra hakimiyyətinə müraciət etsə də, onu eşidən olmayıb. Qaldığı evin kirayə pulunu belə ödəyə bilməyən şəhid anası, son çıxış yolunun intihar olduğunu düşünüb. Şəhid anasının intihar xəbərini bütün saytlar tirajladı. İcra başçısı bundan sonra xəstəxanada şəhid anasına da baş çəkdi. Hətta İcra Hakimiyyətindən hadisənin intihara cəhd olmaması ilə bağlı açıqlama da yayıldı. "Şəhid anası, icra hakimiyyətində olarkən, halı pisləşib və xəstəxanaya çatdırılıb"mış!?

Gəncə şəhər İcra Hakimiyyətinin üzrü qəbahətindən böyükdür.

Ümumiyyətlə, bəzi bölgələrdə icra hakimləri özlərini həmin bölgənin şahı kimi hiss edir. Şahın qəbuluna düşmək isə, o qədər çətindir ki, əyanlar belə səni yaxın buraxmır. Biz nə qədər danışsaq da, yazsaq da, bu məmurlar onsuz da deyiləni qulaqardına vurur. Bəlkə də Azərbaycan dilini yaxşı bilmədikləri üçün yazdıqlarımızı da başa düşmürlər.

  • Yeganə övladını Qarabağ müharbəsidə itirmiş şəhid anası, niyə icra hakimiyyətinə ayaq döyməlidir?
  • Niyə tənha şəhid anasının vəziyyəti ilə İcra hakimiyyəti özü maraqlanmayıb ki?

O qədər cavab axtardığımız sual var ki...

Amma, kiçik bir xatırlatma: Bu günə qədər 6 bölgənin icra başçısı həbs edilib. Görünən odur ki, özünü şah hesab edən icra hakimiyyətləri, mat olacaqları günü düşünmürlər. Ölkə başçısının xüsusi tapşırığı var ki, şəhid ailələri və Vətən Müharibəsi zamanı zərərçəkmişlərə dövlət qayğısı göstərilsin.

Şəxsən mənim üçün çox maraqlıdır, Gəncə Şəhər İcra Hakimiyyətinin bu iki Vüsalə xanımla nə alıb-vermədiyi var?Vəzifə icra edilmək üçündür. Yuxarıda oturub daha yuxarıya baxmaq üçün deyil, nəzər salıb aşağıdakıları görmək üçündür.

"Şahlar" bir gün mat olacaqları günü unutmamalıdır.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »