Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Özünü maşına sürtüb yerə yıxılanlardan necə qorumalı...
Özünü maşına sürtüb yerə yıxılanlardan necə qorumalı...

Son zamanlar sosial şəbəkələrdə bəzi vətəndaşların özlərini avtomobillərin qarşısına ataraq sonradan sürücülərdən pul tələb etməsi ilə bağlı videolar yer alır. Belə ki, avtomobilin yaxınlaşdığını görən şəxs özünü avtomobilə sürtür, sonra da sürücünün qarşısına keçərək, avtomobilin onu vurduğunu və bunun qarşılığında ona pul verməli olduğunu, əks təqdirdə polisə müraciət edəcəyini deyir. Bəzi özündən əmin olan və avtomobilində video registrator olan sürücülər, belə şəxslərə qarşı müqavimət göstərə bilir. Bəzi "təcrübəsiz" sürücülər isə, dələduzların toruna düşə bilir. Qeyd edək ki, belə vəziyyət əvvəllər də Bakının küçələrində müşahidə edilirdi. Son günlər isə, daha da artıb.

DYP-nin baş inspektoru Araz Əsgərli də belə hadisələrin çox olduğunu təsdiqləyir. O, bildirir ki, belə şantajlara alət olmamaq üçün istənilən hadisə baş verdiyi zaman polisə müraciət etmək lazımdır. Belə hallarda sürücü, əvvəlcə polis və ardınca Təcili Yardım çağırmalıdır. Xəsarət olduğu halda, sürücü, həmin şəxsi xəstəxanaya çatdırmalıdır. Sürücünün belə davranışları, onun üçün yüngülləşdirilmiş hal kimi qəbul edilə bilər. Bundan sonra məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, aparılacaq araşdırma prosesinin istiqaməti müəyyən edilir.

Araz Əsgərli qeyd edib ki, əgər vətəndaşa yüngül xəsarət yetirilibsə, bu zaman İnzibati Xətalar Məcəlləsinin 327.8 maddəsinə sürücü 200 manat və yaxud bir il sürücülük hüququndan məhrum edilir. Xəsarət ağır olduqda isə, Cinayət Məcəlləsinin 263-cü maddəsi nəzərə alınır. Əgər xəsarətin dərəcəsi təyin edilə bilmirsə, o zaman inzibati tənbeh tədbiri seçilir.

A.Əsgərli onu da bildirib ki, hadisə zamanı "zərərçəkmiş" şəxs, şikayətçi olmasa belə, sürücü ərizə ilə DYP-yə müraciət etməlidir. Bu ərizə, sürücüləri şantajçı dələduzlardan qoruya bilər. Əgər həqiqətən hadisə baş veribsə, zərərçəkmiş pul tələb edə bilər. Bu zaman zərərin dəyəri, sübut edilməlidir.

Nəqliyyat məsələləri üzrə ekspert Fazil Məmmədov qeyd edib ki, bu hallar daha əvvəllər də baş verirdi: "Belə şantajçılar hər zaman olub. Əvvəllər bu kimi şantajlarla məşğul olanlar arasında qadınlar da vardı. O dövrdə videoregistratorlar yox idi. Buna görə də, çox zaman sürücü "zərərçəkmiş"lə razılaşmalı olurdu. Hətta bir dəfə elə bir sürücü mənə şikayət ünvanlamışdı. "Zərərçəkmiş", sürücüdən o qədər vəsait almışdı ki, adam qorxusundan evini satıb ona hissə-hissə vermişdi. Deyirdi ki, artıq heç nəyim yoxdur. Sonra zərərçəkmiş olduğunu iddia edən şəxslə qanun çərçivəsində danışdıq. Nəticədə, dələduz olduğunu aşkar edə bildik".

F.Məmmədovun sözlərinə görə, artıq videoregistratorlar olduğu üçün sürücülər belə hallar zamanı vəziyyəti çəkib sübut qismində saxlaya bilir. Avtomobildə registrator olmasa belə, bu gün Bakının küçələrində kifayət qədər kamera var. Bütün hadisələr qeydiyyata alınır.

"Belə hal baş verərsə, yəni, şərə düşdüyünüzü və şantaja uğradığınızı düşünürsünüzsə, "zərər" verdiyinizi iddia edən şəxsə, polis vasitəsilə, məsələni həll etməyi təklif edin. Hətta deyin ki, Təcili Yardım da çağırırsınız ki, ona vurduğunuz zərəri müəyyən etmək üçün qeydiyyat aparılsın. Hörmətlə davranın və səbrli olun. Heç kimə pul verməyin və ya pul təklif etməyin. Çünki belə şantajçılar, sizdən 50-100 manat istəməklə əl çəkməyəcək. Şantajçıya bir dəfə pul verdinsə, ilişəcəksən və şantaj obyektinə çevriləcəksən. Vətəndaşa gerçək zərər vermiş olsanız belə, siz polisə müraciət etməklə sadəcə cəriməni ödəyəcəksiniz. Çünki hadisə ilə bağlı qərar verilmədən öncə, araşdırma aparılacaq. Bəlkə də, sizə şər atmağa çalışan şəxs haqqında cinayət işi aşıla bilər" - deyə qeyd edən ekspert, bütün sürücülərə səbrlə davranmağı tövsiyyə edib. Həmçinin avtomobillərində videoregistrator quraşdırmağı məsləhət görüb.

Belə... Hər zaman aramızda bu və ya digər sahələrdə şantajçılar, şər atanlar olub. Rahat yolla pul qazanmaq istəyən və istədiyini əldə etmək istəyən minlərlə insan var. Və bu prosesdə itirən tərəf olmamaq üçün qorxmamaq, qanunlara güvənmək və şantajçının üzərinə getmək lazımdır. Qorxmaq;  itirmək, boyun əymək deməkdir.

İlahin, Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »