Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Biz nə zaman yüksək sürətli internet istifadəçisi ola biləcəyik?
Biz nə zaman yüksək sürətli internet istifadəçisi ola biləcəyik?

Azərbaycanda internetin sürətinin zəif olması hər kəsin sözün əsl mənasında yaralı tərəfidir. Düzdür, bir müddət əvvəl Azərbaycanda internet qiymətləri endirildi. Yəni, ölkədə dövlət provayderləri - Aztelekom və Baktelekom internet tariflərini endirdilər. İnternet qiymətlərinin endirilməsi isə şübhəsiz ki, internetin keyfiyyətinə təsir edəcək. Və yaxşı olmayan bu təsir, onsuz da tarıma çəkilmiş əsəblərimizi bir qədər də tar-mar edəcək.

Qeyd edilən provayderlərin müştərilərinin böyük əksəriyyəti aşağı sürətli internetdən istifadə edir. İndi isə abunəçiyə əvvəl ödədiyi məbləğə daha yüksək sürətli internet təklif edilir. Bəli, "yüksək sürətli", "kəsintisiz" internet hamımızın arzuladığı bir internetdir. Ancaq təəsülər olsun ki, ölkədə provayderlərin heç biri müştərilərini istəklərinə uyğun internetlə təmin edə bilmir. Bu, yerli provayderlərin ən yaramaz tərəfidir.

Qiymətlər, kifayət qədər yüksək olsa da, qiymətlərə uyğun internet "yox" səviyyəsindədir. Bu gün azərbaycanlı internet abunəçisi, gününü saatlarla komputer qarşısında keçirib internetin zəif olmasından şikayətçidir. İnternetin zəif olması bir kənara tez-tez baş verən kəsintilər səbr kasanı doldurmasın, neyləsin? Provayderlərə zəng edəndə isə, "texniki problemlər aradan qaldırılır" deyə bir cavab verilir. Həqiqətən çox maraqlıdır - bizim kəsintisiz, texniki problemlər yaşamadığımız, sürətli internetdən keyiflə istifadə edəcəyimiz gün olacaqmı? Biz ödədiyimiz vəsaitlə yanaşı, həm də sakitliyimizi, hissə-hissə provayderlərə ödəmiş oluruq. Arada isə heç nə yoxdur.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüzün məlumatına görə, bir müddət əvvəl Britaniyanın nüfuzlu Cable qurumu yüksək sürətli internetlə bağlı dünya ölkələrindəki statistikanı yenidən açıqlayıb. Və acınacaqlısı budur ki, Azərbaycan bu siyahıda 167-ci yeri tutub. Reytinq cədvəlinə görə, Azərbaycanda əldə olunan orta sürət 6.6 Mbit/s olub. Osman Gündüzün fikrincə, bu xoşagələn bir göstərici deyil. Reytinq cədvəlinə görə bu göstərici, qonşu ölkələr içərisində də yetərincə aşağı nəticədir. Və Baktelekom və Aztelekom dövlət provayderlərinin böyük əksəriyyət müştərilərinin 1-2 Mbit/s internet xidməti əldə etməsi də bu cür nəticə üçün əsas olub.

Qeyd edək ki, bu il dünya üzrə orta sürət, təxminən 30 Mb/san olub. Ölkələr arasında ən yüksək sürət 270 Mbit/s, ən aşağı sürət 0.5 Mbit/s olub. AİF rəhbəri qeyd edib ki, 2019-cu ildə bu qurumun Reytinq Cədvəlində Azərbaycan, 208 ölkə arasında 142-ci yerdə, 2018-ci ildə 135-ci yerdə və 2017-ci ildə 102-ci yerdə olub. Bu göstəriciləri nəzərə alsaq Azərbaycanda internet sürətinin gerilədiyini görmüş olarıq.

Strateji Yol Xəritəsinə görə, Azərbaycanda internet sürəti 2020-ci ildə 20 Mbit/s-ə və 2025-ci ildə 50 Mbit/s-ə çatdırılmalıydı. "Biz nə zaman yüksək sürətli internet istifadəçisi ola biləcəyik?" - sualı isə bizim üçün belə gediaştla hələ uzun illər açıq qalacaq.

Bərbad xidmət göstərən provayderlər, zəif internet və XXI əsrin Azərbaycanı...

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »