Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Xalçalarımız ayda iki dəfə xüsusi təmizlik şirkəti tərəfindən yuyulur" - Məscidin imamı
"Xalçalarımız ayda iki dəfə xüsusi təmizlik şirkəti tərəfindən yuyulur" - Məscidin imamı

“Şübhəsiz ki, bütün məscidlər Allaha məxsusdur. Elə isə, Allahdan başqasına yalvarmayın!” (Cin surəsi, 18-ci ayə)

“Allahın evi” adlandırılan məscidlərdən birində Allahın qonağı olduq. Doğrudur, insanoğlu onsuz da yer üzünə qonaq kimi gəlib. Amma bizim getdiyimiz ünvan məscid olduğundan və orada tək olan Allaha ibadət edildiyindən, özümüzə, zahirimizə çəki-düzən verib həyətə daxil olduq. Əlimizi qapı kənarına qoyulmuş dezinfeksiyaedici maye ilə yuyub, içəri keçdik. Qapıdan içəri daxil olduğumuz zaman bizi içəridən heyva ətrinə bənzəyən gözəl bir qoxu qarşıladı. Ətir vurmaq həzrəti Peyğəmbərin sünnəsi olduğundan, ibadətə gələnlərin çoxusu bu xoş qoxulu ətirlərdən istifadə edir. Ona görə də məscidlər çox zaman özünəməxsus gözəl qoxuları ilə də fərqlənir. İçəridə səliqə ilə sərilmiş xalçaların üzərində sosial məsafəni təmin etmək məqsədilə müəyyən işarələr qoyulmuşdu. Bir çoxları ağızlarında maska, ya ibadət edir, ya Qurani-Kərim tilavət edir, ya da asta səslə nəyisə müzakirə edirdilər.

Az sonra məscidin imamı və müəzzini də gəlib çıxdı. Axşam azanı oxundu. Hər kəs cəm şəkildə namazını qıldıqdan sonra yavaş-yavaş məscidi tərk etdilər. Biz də məscidin imamına yaxınlaşıb, cəmiyyətimizi yaxından maraqlandıran bir neçə sual vermək istəsək də, məscidin imamı bildirdi ki, onun hər hansısa media agentliyinə Qafqaz Müsəlmanları İdarəsinin icazəsi olmadan müsahibə, açıqlama vermə səlahiyyəti yoxdur. Bununla bağlı, gərək, QMİ-nin mətbuat xidməti ilə əlaqə saxlayaq. Hərçənd ki, biz elə həmin məscidə əslində QMİ-nin saytında adı qeyd olunan mətbuat xidmətinin əlaqə nömrəsini tapa bilmədiyimiz üçün getmişdik. İmam bildirdi ki, bunun üçün gərək Ruhanilər İdarəsinə yaxınlaşıb suallarınızı özlərinə verəsiniz.

Daha sonra adətən, məscidlərin həyətlərində gözümüzə dəyən nəzir qutularını bu məsciddə görə bilmədik. Ümumiyyətlə, nəzir qutusu nədir, ora yığılan vəsaitlər hara və kimlərə sərf olunur, bu barədə sualımızı məscidin imamına da yönləndirdik. İmam nəzir qutusuna yığılan pulların adətən, məscidin texniki işlərinə xərcləndiyini bildirdi: “Dövlət, məscidlərdə qanuni şəkildə fəaliyyət göstərən imam və axundlara müəyyən maaş ayırır. Məscidin texniki baxımı, təmizliyi və digər məsələləri barədə isə, əsasən məscidin camaatı tərəfindən müəyyən miqdarda könüllü vəsait toplanılaraq həll edilir. Elə məscidlər var ki, orada nəzir qutuları mövcuddur. Amma bu, həmin qutuya yığılan pulların konkret olaraq, kimlərəsə getməsi anlamına gəlmir. Bildiyimiz kimi, yaşadığımız ölkədə din dövlətdən ayrıdır. Beləliklə də, dövlət tərəfindən inşa edilmiş məscidlər istisna olmaqla, digər məscidlər çox zaman öz camaatının hesabına təmir olunur, texniki problemləri aradan qaldırılır. Nəzir qutuları olan məscidlərdə də məsələ əsasən belədir. Yəni ki, orda da yığılan pullar məscidə xərclənir. Su, işıq, qaz pulu, yayda və qışda məscidin havalandırılması, xalçaların dəyişdirilməsi, yuyulması, dezinfeksiya işləri və s. Hamısı müəyyən vəsait tələb edir. O vəsaiti də çox zaman ya məscidin öz camaatı könüllü şəkildə öz aralarında toplayır, ya da bəzi məscidlərdə bunu nəzir qutularından götürürlər. Əgər məscidlərin kommunal xərcləri və təmir-baxım işləri dövlət tərəfindən qarşılansa, mənə elə gəlir, nə nəzir qutusuna, nə də camaatın öz aralarında vəsait toplamasına ehtiyac qalmaz”. – deyə məscidin imamı qeyd edib.

Məscidin həyəti geniş olsa da, cümə günləri məscidə 50 nəfərdən çox adam buraxılmır. Ümumi olaraq, bütün məscidlərdə vəziyyət belədir. Məscidin ərazisi böyük, yaxud kiçik olsun, fərqi yoxdur, 50 nəfərdən artıq şəxs məscidə buraxılmır. Bu qərarda məntiqi ardıcıllıq tapa bilmədiyimizi məscidin imamına bildirdikdə, O da bizimlə razılaşdı: “Bəli, məscidimizin həyəti kifayət qədər böyükdür, özü də ki, açıq havadır. İçəriyə məhdud sayda şəxsin buraxılmasını anlamaq olar. Amma nə üçün məscidin həyətində ibadətə icazə vermirlər, məscidlərin ərazisini və içinin genişliyini nəzərə almadan bütün məscidlərə yalnız 50 nəfər şəxs buraxırlar? Bunu anlamaq çətindir. Axı böyük məscidlərə daha çox - yüz, iki yüz nəfər buraxıla bilər. Böyük də olsa, balaca da olsa, təkcə 50 nəfər, vəssalam. İbadətə gələnlərin çoxusu da geri qayıdır, narazılıq yaranır”,– deyə, imam əlavə edib.

Məscidin imamı onu da qeyd etdi ki, məsciddə təmizliyə və gigiyenik qaydalara tam ciddi riayət edilir: “Xalçalarımız ayda iki dəfə xüsusi təmizlik şirkəti tərəfindən yuyulur. İçəridəki digər təmizlik işlərini çox zaman elə özümüz aparırıq. İslam, təmizlik dinidir. Dinimizin buyurduğu müəyyən qaydalara uyğun olaraq, təmiz olmayan yerlərdə ibadət etmək doğru olmaz. Ona görə də, məhz təmizliyə xüsusi diqqət ayrılır” - deyə, imam bildirdi.

Qeyd edək ki, İslam, təmizlik dinidir. Təmizlik isə, imandandır. Elə isə, ilk öncə mənəviyyatımızın təmizliyinə riayət edək.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Bakıda qəribə olay: Vəkil qarşı tərəfi döyməkdə günahlandırılır
››› Boş verin heykəlləri-filan...
››› Doğuşlara qoyulan fantastik qiymətlər: Hansı günümüzə yaraşır?..
››› Sabiq biznesmen deputat Qarabağ qazisinə "pul atmaqda" ittiham olunur
››› Yas məclisi təşkil edən polis rəisinə yumruq vurub
››› Hacı Zeynalabdin Tağıyev bu gün sağ olsaydı…
››› Eldar Həsənova hökm oxunub
Son xəbərlər
Bütün xəbərlər »