Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“NATO ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirməsi ciddi məsələdir”
“NATO ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirməsi ciddi məsələdir”

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bir neçə mühim aspektlərlə zəngindir. Birincisi, geosiyasi məsələdir. Çünki Türkiyə və Azərbaycan növbəti dəfə bəyan etdilər ki, biz tək müttəfiq, tərəfdaş, dost ölkələr yox, həm də qardaş ölkəyik”.

Bu fikiləri tanınmış jurnalist və siyasi şərhçi Elçin Alıoğlu Bizimyol.info-ya bildirib. Onun sözlərinə görə, qardaşlıq emosional və ya mənəvi məsələ deyil.

Elçin Alıoğlu Elçin Alıoğlu

“Geosiyasətdə qardaş ölkələrin nümunəsi çox azdır. Bu o deməkdir ki, müdafiə sistemləri unitarlaşdırılır. Yəni, Azərbaycanın Silahlı Qüvvələri Türkiyə Silahlı Qüvvələrinin təcrübəsindən, hərbi, iqtisadi, texniki və s. bazalarından istifadə edərək, həmin bazalar əsasında öz bazasını yaradır və inkifaş etdirir.

İkincisi, biz unutmayaq ki, Türkiyə bayrağının Azərbaycanda olması həm də NATO üzvü olan ölkənin bayrağının olması deməkdir. Azərbaycan Şimali Atlantika Alyansı ilə bir sıra sahələrdə tərəfdaşdır və əməkdaşlıq edir. Biz keç bir siyasi və ya hərbi bloka qoşulmaq niyyətində deyilik. Bununla bahəm NATO ölkəsinin Azərbaycan Silahlı Qüvvələrinin təkmilləşdirilməsində, çağdaş dünya standartlarına cavab verəcək şəkildə olmasına öz töhvəsini verməsi ciddi bir məsələdir.

Üçüncü məsələ isə ondan ibarətdir ki, Türkiyə şirkətləri hal-hazırda Qarabağda, işğaldan azad edilmiş ərazilərin konstruktsiya və bərpasında çox fəal iştirak edirlər. Cənab prezident də həmin şirkətlərə öz minnətdarlığını bildirdi”.

Elçin Alıoğlunun sözlərinə görə, Ərdoğanın səfəri Türkiyənin böyük, transmilli şirkətlərinin Qarabağdakı proseslərdə daha aktiv iştirakını təmin etməklə bərabər bu prosesə müəyyən mənada təkan verəcək.

“Digər məsələ isə siyasi məsələlərdən ibarətdir. İndiki dünya düzəni elədir ki, hər hanısa bir ölkə hətta ABŞ və yaxud Çin kimi qüdrətli ölkələr belə müttəfiq və tərəfdaş olmadan bu və digər kimi məsələlərdə sərbəst hərəkət etmək imkanından məhrumdur. Azərbaycan isə Türkiyə kimi müttəfiqlə yerləşdiyimiz coğrafiyada çox ciddi uğurlara nail olub. Bu proses bundan sonra da davam edəcək.

Zəngəzur dəhlizinin təməlinin atılması isə simvolik məsələdir. Çünki Zəngəzur dəhlizi ilə bağlı bəzi himayədarlarına arxalanan Ermənistan bu dəhlizin heç vaxt baş tutmayacağını bildirsə də, bu dəhlizin özü keçən ilin noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Ermənistan və Azərbaycan arasında imzalanmış üç tərəfli bəyənatda ehtimal olunub və orada göstərilib. Yəni, Zəngəzur dəhlizi ilə bağlı məsələ Ermənistanın istəyindən asılı deyil. Çünki o bəyənatı Paşinyan yox, Ermənistan imzalayıb. Əgər Ermənistan imzaladığı sənədə bu cür yanaşarsa, siyasət aləmində boynuna götürdüyü vədləri yerinə yetirməyən ölkə kimi özünü nümayiş etdirməsinə səbəb olacaq. Düşünmürəm ki, Ermənistan belə bir addım atsın. Çünki bu faktiki olaraq “siyasi defolt” elanına bənyəyir. Ermənistan belə bir addımı atmaqla siyasi intihar etmiş olardı.

Zəngəzur dəhlizinin önəmli hissəsinə çevriləcək avtomobil yolunun təməlinin atılması həm də texniki baxımdan çox önəmlidir. Çünki işğaldan azad edilmiş ərazilərdə hətta sovet dönəmlərində belə bu cür infrastruktur olmayıb. Ümumiyyətlə Qarabağda nə dörd cərgəli, nə altı cərgəli yol, nə də yol qovşaqları olmayıb. Qarabağdakı nəqliyyat infrastruktoru Azərbaycanın digər bölgələrindən üstün və müasir səviyyədə olacaq. Bu, yükləri Qarabağdan Azərbaycanın digər bölgələrinə çatdrılmasını və həmin bölgələrdən Qarabağa zəruri mal, məhsul və işçi qüvvənin gətirilməsini dəfələrlə asanlaşdıracaq.

Sonda isə onu deyə bilərəm ki, təməl atma mərasimində həm Azərbaycanın dövlət və özəl qurumlarının, həm də Türkiyənin şirkət rəhbərlərinin iştirakı onu göstərdi ki, biz, Azərbaycanda qeyri-neft sektorunun inkişafında Türkiyə şirkətlərindən daha aktiv iştirak gözləyirik. Yəqin ki, bu iştirak çox qısa müddətdə özünü göstərmiş olacaq”.

Leyla Mirzə

Son xəbərlər
Bütün xəbərlər »