Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qubadlının da strateji əhəmiyyəti böyükdür”
“Qubadlının da strateji əhəmiyyəti böyükdür”

Vətən Müharibəsi iştirakçısı Məğrur Əli Polad: “Döyüşlərdə Sərhəd Xidmətinin xüsusi bir rolu vardı”

Oktyabrın 25-də Prezident İlham Əliyev və Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev, Qubadlı rayonunda istifadəyə verilmiş hərbi hissənin açılışında iştirak ediblər. Qubadlı rayonunda, eləcə də işğaldan azad olunmuş digər bölgələrimizdə son zamanlar sürətlə tikilib istifadəyə verilən hərbi hissələr, onların əhəmiyyəti, xüsusilə də, Qubadlı rayonunun strateji üstünlüyü və orada yeni açılmış hərbi hissədə mövcud olan yeni silah sistemlərinin sərhədlərimizin qorunmasında göstərdiyi təsir barədə müsahibə hazırladıq.

Bizimyol.info olaraq, Qubadlı rayonunun işğaldan azad edilməsinə görə medalla təltif olunmuş, ehtiyatda olan hərbçi Məğrur Əli Poladla məsələni müzakirə etdik.

Məğrur Əli Polad Məğrur Əli Polad

- Məğrur bəy, Prezidentin və DSX rəisinin iştirakı ilə Qubadlı rayonunda yeni hərbi hissənin açılışı baş tutub. Ümumiyyətlə, Qubadlının və Hərəki çayının strateji əhəmiyyəti barədə nə deyə bilərsiniz?

- Qubadlı rayonu, Azərbaycanın qərb bölgəsində yerləşir və Ermənistanla bizim sərhəd xəttimizi təşkil edir. Bu baxımdan, əlbəttə ki, çox böyük əhəmiyyətə malikdir. Ölkəmizin daxilindəki rayonlarla müqayisə etdikdə, sərhəd rayonlarımızın əhəmiyyəti daha böyükdür. Eyni zamanda, nəzərə alaq ki, Qubadlı rayonu bizim digər qonşu dövlətlə - Ermənistanla həmsərhəd olan rayonlarımızdan biridir. Qubadlı rayonunun üstün əhəmiyyətlərindən biri də o bölgədə yeni infrastrukturların, o cümlədən, sərhəd infrastrukturlarının qurulmasıdır.

Həkəri çayına gəldikdə isə, qeyd edə bilərik ki, həmin çay da Qarabağda mövcud olan digər çaylar kimi böyük əhəmiyyətə malikdir. İstər dünya səviyyəsində get-gedə azalan su ehtiyatları baxımından, istər təbii sərvətlər baxımından.

- Qubadlının azad olunmasının, Laçına yolun açılması və Laçın dəhlizinin nəzarətə götürülməsi baxımından əhəmiyyəti barədə fikirləriniz nələrdir?

- Bəli, əlbəttə ki, əhəmiyyəti böyükdür. Ümumiyyətlə, işğaldan azad edilən hər qarış torpağımızın çox böyük əhəmiyyəti var. Zaman keçdikcə, bunlar bizim üçün adiləşir və növbəti illərdə bəlkə də daha da adi olacaq, amma biz buna 2020-ci ilin Vətən Müharibəsi gözü ilə baxsaq, anlayarıq ki, nəinki Qubadlının, azad olunan bütün bölgələrimizin hər qarışı böyük əhəmiyyət daşıyır. Həm ölkəmizin bütövlüyünün və suverenliyinin bərpası baxımından, həm də mənəvi olaraq.

Müharibənin gedişi zamanı isə Qubadlının azad edilməsi ona görə əhəmiyyətli idi ki, Füzuli, Cəbrayıl və Zəngilandan sonra biz, İranla dövlət sərhəddimizi bərpa etdik. Burada isə Ermənistanla keçmiş “Dağlıq Qarabağ” bölgəsi arasındakı əlaqənin itməsindən də söhbət gedirdi. Bu baxımdan, Zəngilandan şimala doğru hərəkət etmək nöqteyi-nəzərdən, Qubadlı rayonunun azad olunması böyük əhəmiyyətə malik idi. Qubadlıdan Laçın rayonuna və dəhlizinə birbaşa çıxış əldə olunurdu.

- Qubadlı rayonunda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışının əhəmiyyəti haqqında nə düşünürsünüz?

- Ümumiyyətlə, Azərbaycan Dövlət Sərhəd Xidmətinin son dövrlər işğaldan azad olunmuş ərazilərimizdə dövlət sərhədi boyunca yeni strukturlarının, postlarının açılması, hərbi komplekslərinin istifadəyə verilməsi çox sevindirici haldır, məmnunluq doğurur. Artıq bizim də öz sərhədlərimizin öz hərbçilərimiz tərəfindən nəzarətə götürülməsi onu göstərir ki, biz öz dövlət sərhədlərimizdə daha da güclənirik. Torpaqlarımızın gələcək təhlükəsizliyi ilə bağlı şübhələr aradan qaldırılıb. Müharibənin nəticələrinə uyğun olaraq, təbii ki, gec-tez sülh müqaviləsi və sərhədlərin delimitasıyası və demarkasiyası (Ermənistan tərəfi nə qədər müqavimət göstərsə də) davam etdiriləcək. Bu baxımdan da dövlət sərhədlərimizdə hərbi infrastrukturlarımızın qurulması çox böyük əhəmiyyət daşıyır.

- Hərbi Kompleksin döyüş texnikası parkında müasir silah sistemlərinin mövcudluğunun Azərbaycanın hərbi qüdrəti və sərhədlərinin etibarlı qorunmasına təsiri necə ola bilər?

- Yerində və yaxşı sualdır. Vətən Müharibəsi dövründə Azərbaycanın qələbəsini təmin edən amillərdən biri də müasir silah sistemlərinin mövcudluğu olub. Bu, apardığımız müharibənin daha qısa müddətdə başa çatmasına və eyni zamanda itkilərimizin az olmasına səbəb oldu. Azərbaycan öz maliyyə resurslarını illər boyu bu məsələyə cəlb etmişdi. Nəticə isə göstərdi ki, bu, çox doğru və yerində qərar olub. Müharibənin iştirakçısı kimi onu deyə bilərəm ki, müharibənin gedişində DSX-nin özünəməxsus rolu olub. Artıq bu barədə Azərbaycan cəmiyyətində də kifayət qədər məlumatlar var. DSX-nin müasir silah-sursatla təchiz olunması çox önəmlidir. Bu, həm də torpaqlarımıza göz dikən bəzi qonşularımıza bir mesajdır ki, belə bir fikri heç bir zaman ağıllarından keçirməsinlər. Onlar, üzləşdikləri ağır məğlubiyyətin daha betəri ilə üzləşə bilərlər.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
››› Ulduz  falı: 05 dekabr, 2021-ci il – Vəziyyət gözləriniz önündə dəyişəcək
››› Gürcüstanda qətlə yetirilən gəncin soydaşımız olduğu məlum olub
››› Tapdığı 2 milyonluq boyunbağını sahibinə qaytardı, təhqir olundu
››› Bayden: "Mən heç bir qırmızı xətt tanımıram"
››› Prezident Ərdoğan Siirtdə həbsinə səbəb olan şeiri yenidən oxudu - Video
››› XİN: Ermənistan görüşdən öncə təxribat törətdi
››› Baydenin səhhətində problemlər yaranıb
Son xəbərlər
Bütün xəbərlər »