Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Həm ötən il, həm cari ildə sığorta ödənişlərində fantastik artım baş verib"
"Həm ötən il, həm cari ildə sığorta ödənişlərində fantastik artım baş verib"

"Gələn il sığorta bazarı, 40 milyon manata qədər kəskin azalacaq"

Sığorta eksperti İlkin İbrahimov sığorta bazarında azalmaların səbəblərini Bizimyol.info saytına açıqlayıb.

İlkin İbrahimov

Cari ilin 9 ayı ərzində sığorta şirkətləri tərəfindən yığılan sığorta haqlarının ümumi həcmi 655 620 200 manat, sığorta ödənişlərinin həcmi isə 373 491 200 manat olub. Mərkəzi Bankın açıqladığı son hesabatda göstərilir ki, sığorta haqlarının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,7 faiz, sığorta ödənişlərinin həcmi isə 21,3 faiz artıb. Bu da ölkədə sığorta sektorunun 12,7 faiz böyüdüyünü göstərir. Eləcə də, sığorta ödənişlərinin də həcmi əhəmiyyətli dərəcədə - 65 729 500 manat artıb. Belə ki, könüllü sığorta növü üzrə sığorta şirkətləri tərəfindən 447 971 700 manat, icbari sığorta növü üzrə isə 207 648 500 manat sığorta haqqı yığılıb. Könüllü sığorta növü üzrə yığımların həcmi icbari sığorta üzrə yığımların həcmindən 2,1 dəfə çox olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə könüllü sığorta növü üzrə yığım həcmi 11,5 faizə qədər, icbari sığorta növü üzrə yığımlar isə 15,5 faiz artıb. Könüllü sığorta növü üzrə sığortalanan şəxslərə şirkətlər tərəfindən 280 839 500 manata qədər, icbari sığorta növü üzrə isə 92 651 700 manata qədər sığorta ödənişi edilib. Könüllü sığorta üzrə ödənişlərin həcmi icbari sığorta ödənişlərinin həcmini üç dəfə üstələyir. 2020-ci ilin eyni dövrü ilə müqayisədə könüllü sığorta növü üzrə sığorta ödənişlərinin həcmi 9,1 faiz, icbari sığorta növü üzrə ödənişlərin həcmi isə 42,2 faiz artıb.

Hər il, sığorta bazarının 2012-ci ildən bu günə qədər durmadan böyüdüyünü deyən sığorta eksperti İlkin İbrahimov Bizimyol.info saytına açıqlamasında, bu böyümənin 5 faizdən 20 faizə qədər dəyişdiyini söylədi. Artımların baş verməsini müsbət tendensiya adlandıran ekspertin sözlərinə görə, bu il də pandemiya dövrü olmasına baxmayaraq, artım müşahidə olunur: “Artımlar, əsasən könüllü və həyat sığorta növləri üzrə baş verir. Belə aydın olur ki, vətəndaşlar həyat sığortasına daha çox etibar edirlər. Həm ötən il, həm cari ildə sığorta ödənişlərində fantastik dərəcədə, yəni 20-30 faiz aralığında artım baş verib”.

Müsahibimiz, gələn il sığorta bazarında 30-40 milyon manata qədər kəskin azalmaların olacağını da diqqətə çatdırdı: “Çünki, bu ilin may ayında Prezident İlham Əliyev tərəfindən imzalanan müvafiq sərəncamla icbari-şəxsi sığorta növləri üzrə hüquqlar, Dövlət Sığorta Şirkəti ASC-dən alınaraq Dövlət Sosial Müdafiə Fonduna həvalə edildi. Qeyd edək ki, hər il 40 milyon manat civarında toplanan sığorta ödənişləri, adıçəkilən şirkətə yönləndirilirdi. Həmin ödənişlər gələn ilin yanvar ayından etibarən DSMF tərəfindən toplanacaq ki, bu da istər-istəməz sığorta sektorunun ümumi statistikasına mənfi təsir göstərəcək. Bu itkinin isə gələn ildən aqrar sığorta və daşınmaz əmlakın icbari sığortası növləri üzrə kompensasiya olunması nəzərdə tutulub”.

Son dövrlər aqrar sığorta və daşınmaz əmlakın icbari sığortası bazarlarında bir qədər acınacaqlı vəziyyətin olması ilə bağlı məlumatlar yayılmaqdadır. Bunu Aqrar Sığorta Fondunun ötən il yaranması ilə əlaqələndirən müsahibimiz qeyd etdi ki, Fond, Türkiyənin TARSİM modeli əsasında fəaliyyət göstərəcək: “Qurum, yeni olduğu üçün hələlik sığorta yığımlarında böyük gözləntilər yoxdur. Daşınmaz əmlakın icbari sığortası sektorunda isə yığımların həcmi əvvəllər çox az olurdu. Ancaq indi həm maarifləndirmə, həm də məcburetmə tədbirləri nəticəsində gələn ildən artımların baş verəcəyi proqnozlaşdırılır”.

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »