Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ankara-Bakı tandemi və Böyük Şahmat Taxtası
Ankara-Bakı tandemi və Böyük Şahmat Taxtası

Sanki hər şey məşhur strateq Zbiqnev Bjezinskinin “Böyük şahmat taxtası” kitabındakı kimidir. Kitabın bir hissəsi Cənubi Qafqazdan keçməklə Mərkəzi Asiyaya (Türküstana) çıxmaq planlarına həsr olunmuşdu. Bu, ABŞ-ın və müttəfiqlərinin bölgənin gələcək şəkilləndirilməsinə orta və uzaq perspektivli strateji baxışı idi. Gürcüstanın Rusiyadan qoparılması bu planın bir parçasıydı; Qara dənizlə Xəzəri birləşdrmək, oradan da Türküstana (Mərkəzi Asiyaya) çıxmaq... Hədəf Rusiya ilə Çin arasındakı mühüm strateji nöqtəyə varmaqdı. Və bu planda Qazaxıstan, eləcə də, Qırğızıstan böyük önəm kəsb edirdi. Manas hərbi bazası da bu məqsədlə qurulmuşdu. Özbəkistan isə üstün demoqrafiyası, əlverişli coğrafiyası, təbii ehtiyatları və etnik mozaikası baxımından bölgənin mərkəzi dövləti olaraq (həm də Əfqanıstanla sərhədlərinə, Əfqanıstandakı böyük özbək icmasına görə) Qərb üçün ayrı maraq daşıyırdı.

Ancaq Rusiya, Gürcüstanda ABŞ-ın Mərkəzi Asiyaya yolunu kəsdi. Böyük Şahmat Taxtasındakı oyunun o partiyası yarımçıq bitdi. Rusiya Gürcüstanın iki bölgəsini qoparıb götürdü, ancaq ABŞ da Gürcüstandan çıxmadı. Tərəflər heç-heçəyə “razılaşdılar”.

Daha əvvəl isə bu strategiyanı – Türk dövlətlərinin birliyi ideyasını Türkiyə prezidenti Turqut Özal reallaşdırmağa çalışdı. Ancaq bu, ona həyatı bahasına başa gəldi; Turqut Özal məhz Türküstan və Azərbaycan turnesinin sonunda zəhərlənərək həyatdan getdi. Turqut Özalın ölümünün ardınca Bakıda hərbi qiyam, siyasi çevriliş baş verdi və nə hikmətdirsə, Ağdərənin və Ağdamın ardınca məhz Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan rayonları – Azərbaycanın İranla 132 kilometrlik sərhəddi işğal edildi. Həmin ərəfədə - hələ 1993-cü ilin aprelində Rusiyanın məşhur hərbi icmalçısı Pavel Felgenhauer “Nezavisimaya qazeta”da yazdığı məqaləsində bu rayonlardan neft-qaz kəmərlərinin, nəqliyyat-kommunikasiya xətlərinin keçirilməsi planları və Ermənistanın məhz həmin bölgəni işğal edəcəyi haqda “proqnoz” vermişdi. Bu, əslində Rusiya hərbi kəşfiyyat sisteminə bağlı olan şərhçiyə xüsusi plan haqqında qəsdən ötürülmüş infomasiya idi. Hətta Felgenhauer Azərbaycanın bütün cənub sərhədlərinin, yəni Zəngilan – Astara xəttinin Ermənistanın nəzarətinə keçməsinə maraqlı olduğuna dair eyhamlar da vurmuşdu. Bu haqda əvvəl də yazmışdım. Qısası, 28 il bundan qabaq Türkiyə indiki stratejini reallaşdırmağa cəhd etmişdi. O zaman bunu Rusiya və İran pozmuşdular. Təbii ki, Ermənistanı maşa olaraq əllərində tutaraq.

Bu dəfə isə Türkiyə, başqa Türkiyədir. 28 il qabaqkı Türkiyədə Prezidentlə hökumət, parlament çoxluğu arasında ziddiyyətlər vardı. Bu, təkcə onların fərqli ideoloji görüşlərinə, fərqli partiya mənsubiyyətlərinə bağlı deyildi. Dövlətin xarici siyasət vizyonuna da fərqli yanaşmalar vardı. Ancaq indi Türkiyədə tək partiyanın hökuməti var və Prezident Ərdoğan, dövlətini artıq qlobal güc halına gətirməkdədir. Bunu Azərbaycan Prezidenti də dedi. Ərdoğanın Türk dünyasında və bütün dünyada önəmli faktorlardan birinə çevrildiyini dilə gətirdi. Bu, Türkiyənin artıq Böyük Şahmat Taxtasının arxasındakı mühüm oyunçulardan biri olduğunun bəyanı idi; Azərbaycan və Türkiyə, bir millətin iki dövləti olaraq bir-birindən güc alaraq böyüməkdədir. Türkiyə Cənubi Qafqaza gələrək, burada möhkəmlənərək Türküstana keçməkdəykən, Azərbaycanın geosiyasi önəmi əvvəlkindən qat-qat artır. Türkiyə, bölgədə prosesə Rusiyanın önəmli və Ermənistan baxımından həlledici təsirini düzgün hesablayaraq, Cənubi Qafqazı Ankara-Moskva dialoqunun əsas mövzularından birinə çevirə bildi və müzakirənin də mərkəzinə Qarabağı qoydu. Bunu bacardı. Türkiyə və Rusiya, Azərbaycanla birlikdə elə bir geosiyasi kombinasiya qurdular ki, plan reallaşacağı halda Cənubi Qafqaz münaqişə və dağıntılar zonasından sülh və tərəfdaşlıq bölgəsinə çevrilə biləcək. Bu dəfə Bakı və Ankara, elə bir praqmatik və sinxron siyasi xətt götürdülər ki, Moskvanı prosesə mane ola biləcək gücdən, nəhəng barış və quruculuq layihəsinin tərəfdaşına çevirdilər. Bölgənin başqa aktorlarına da bu regional sinergetikada öz yerini almaq təklif olundu. Prezident Ərdoğan, Zəngilandakı çıxışında İran, Ermənistan və Gürcüstanın da bu projedə rol almasının vacibliyini bir daha vurğuladı.

Yadınızdadırsa, hələ İkinci Qarabağ Müharibəsi günlərində - Azərbaycan İranla sərhəd bölgələri işğaldan azad etməkdəykən rəsmi Tehran: “İran-Ermənistan sərhəddi “qırmızı xətt”imizdir” demişdi. Yəni, Zəngəzuru özünün “qırmızı xətti” elan etmişdi. Ancaq Azərbaycan və Türkiyə bu xəttin rəngini dəyişmək, İran üçün “qırmızı” olan xətti, İran özü də daxil olmaqla bütün region üçün yaşıl zolağa çevirməyə başlayıb. Burda Ermənistan və İran da daxil, bütün bölgə ölkələrinə yaşıl işıq yandırılır. Tehranın elə özünün dəfələrlə bəyanatı olub ki, bölgənin problemlərinin həllinə kənar qüvvələr cəlb olunmasın. Bəli, Azərbaycan və Türkiyə, hazırda bunu edir və Füzuli-Zəngilan gedişləri, bəyanatları da göstərdi: Bakı və Ankara, bölgənin problemlırini həll etməyi də, perspektivlərini müəyyənləşdirməyi də bölgə dövlətlərinin özlərinə təklif edir.

Bununla yanaşı Prezident Ərdoğan Zəngilan bəyanatında Ermənistana Türkiyə ilə əlaqələri qurmaq şansını da vermiş oldu. Açması belə idi: əgər Ermənistan Azərbaycanla sülh sazişinə imza atarsa (sərhədlərini və ərazi bütövlüyü rəsmən tanıyarsa), o zaman Türkiyə də Ermənistana qapı açar. Bu, Azərbaycan üçün (tək Azərbaycan üçün deyil, bütün bölgənin gələcəyi üçün) çox mühüm və əvəzedilməz bir mövqedir. Daha əvvəl Türkiyə Ermənistana təklif edirdi ki, Azərbaycan torpaqlarını tərk etsin, Ankara ona sərhədini açsın. Çəkilmədi, əksinə, müqavimət göstərdi, Azərbaycan bu işi öz gücünə həll etdi. Ancaq Türkiyə sərhədlərini hələ də bağlı saxlayır; Ermənistanın Azərbaycana, eləcə də, Türkiyənin özünə qarşı ərazi iddialarından və təxribatçı mövqedən əl çəkdiyinə rəsmən əmin olmaq istəyir. Tamamilə haqlı və praqmatik yanaşmadır. Bu da Ərdoğanın səfərinə öz damğasını vurdu və Azərbaycanla qardaşlığın, müttəfiqliyin bir daha isbatıdır.

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
››› "Dərə xəlvət" və ya Cavid Qurbanova niyə "dayan" deyən yoxdur...
››› "Döyüşə gedəndə nə bələdiyyəni, nə də icra aparatını fikirləşdim"
››› Dünyanın ən soyuq şəhərləri: “Ağzımın suyu donub iynə kimi dodağıma batırdı” - Fotolar
››› Böyük Britaniya ordusu Rusiya sərhədlərinə yaxınlaşır: "Bu, hücum istəyinə işarədir"
››› “Qəza barədə fikir bildirmək hələ ki, tezdir”- Keçmiş nazirdən açıqlama
››› Yeni Avrasiya kiminlə və necə qurulur?
››› Dövlət Sərhəd Xidmətinin helikopteri qəzaya uğrayıb
Son xəbərlər
Bütün xəbərlər »