Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ömürlük status təklifi və veto hüququ
Ömürlük status təklifi və veto hüququ

Prezident İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyeva Qubadlının işğaldan azad olunmasının ildönümü günündə həmin rayonda idilər. Təməlqoyma mərasimləri oldu. Bir də rayon camaatının bir qrupu ilə görüşdülər.

Həmin görüşdə Milli Qəhrəman, Vətən Müharibəsi şəhidi, polkovnik Şükür Həmidovun atası Nəriman Həmidovla Prezident arasında maraqlı dialoq keçmişdi.

Nəriman Həmidov: ...Bizim qanunverici orqanımız olan Milli Məclisdən xahiş edirəm ki, Müzəffər Ali Komandan, Prezidentimiz cənab İlham Əliyevə “Azərbaycanın daimi Prezidenti” adı verilsin. Xahiş edirəm ki, xalqımız da, Milli Məclis də bunu qəbul etsin.

Prezident İlham Əliyev: Mən veto qoyacağam ona, mənim belə hüququm var... Bu səmimi sözlərə görə minnətdaram. Ancaq mənim üçün ən böyük mükafat bax, sizin burada olmağınızdır, keçmiş köçkünlərin gözlərindəki sevincdir, qürurdur...

Bu dialoq diqqəti Azərbaycan Respublikası Prezidentinin qanunlara veto hüququna yönəldir. Həmin hüquq Konstitusiyanın müvafiq maddəsində belə göstərilib:

Maddə 110. Qanunların imzalanması

I. Azərbaycan Respublikasının Prezidenti qanunları ona təqdim olunmuş gündən başlayaraq 56 gün ərzində imzalayır. Qanun Azərbaycan Respublikası Prezidentinin etirazını doğurursa, o, qanunu imzalamayıb öz etirazları ilə birlikdə göstərilən müddət ərzində Azərbaycan Respublikasının Milli Məclisinə qaytara bilər.

II. Konstitusiya qanunları Azərbaycan Respublikasının Prezidenti tərəfindən imzalanmazsa, qüvvəyə minmir. Azərbaycan Respublikasının Milli Məclisi 83 səs çoxluğu ilə qəbul edilən qanunları 95 səs çoxluğu ilə, 63 səs çoxluğu ilə qəbul edilən qanunları isə 83 səs çoxluğu ilə yenidən qəbul edirsə, belə qanunlar təkrar səsvermədən sonra qüvvəyə minir.

Beləliklə, Prezidentin veto qoyduğu, yəni imzalamayıb geri qaytardığı qanunlar təkrar maddədə göstərildiyi qaydada daha böyük səs çoxluğu ilə qəbul edilərək qüvvəyə minə bilər. Başqa sözlə, Milli Məclisin veto qoyukmuş qanunu qüvvəyə mindirmək səlahiyyəti var. O başqa məsələdir ki, Milli Məclisdəki hakim çoxluq Prezident İlham Əliyevin sədri olduğu Yeni Azərbaycan Partiyasına məxsusdur. Sədrin razılığı olmasa, belə bir qanun da olmayacaq deməkdir.

Ancaq Nəriman Həmidovun çağırışına Prezidentin verdiyi cavabda sanki bu məsələyə nöqtə qoyulur: "Qələbə bütün dünyaya bizim böyük xalq olduğumuzu göstərdi, eyni zamanda, bizi sözün yaxşı mənasında məcbur edir ki, biz qabağa ancaq düz yolla gedək. Bax, sizinlə bərabər, bütün Azərbaycan ictimaiyyəti ilə bərabər biz bu yolu gedəcəyik. İndi mən hansı statusda bu yolu gedəcəyəm, o, ikinci məsələdir. Əsas odur ki, ömrümün sonuna qədər mən bu yolla gedəcəyəm".

Ancaq və lakin... Burdan belə anlaşılır ki, işğal olunmuş torpaqların azad edilməsinə rəhbərlik etmiş dövlət başçısına gələcəkdə hansısa xüsusi status, xüsusi təminatlar verilə bilər. Yəni bu, istisna edilmir. Prezidentin sözlərindən görünür ki, o, gələcəkdə dövlət başçısı olmasa belə, Azərbaycan siyasətində və ya ümumiyyətlə, ictimai həyatında qalmaqda davam edəcək. Hansı statusda olmağı isə özü ikinci məsələ hesab edib.

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »