Bir müddət əvvəl, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən icbari tibbi sığorta xidmətləri sahəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə dair yekun qərar qəbul edilib. İşə baxılması zamanı özəl tibb müəssisələrinin icbari tibbi xidmətlər göstərməsinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulması və həmin xidmətlər bazarına yeni iştirakçıların daxil olmasına süni maneələrin yaradılması ilə sahibkarların və istehlakçıların mənafelərinin pozulmasına, rəqabətin məhdudlaşdırılmasına gətirib çıxara bilən hərəkətlərə yol verildiyi müəyyən olunub.
Dövlət xidmətinin veridiyi qərara əsasən, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsə icbari tibbi sığorta xidmətləri göstərmək üçün müraciət edən özəl tibb müəssisələrinə hüquqi əsas olmadan məhdudiyyətlərin qoyulmaması, həmin müəssisələrlə müvafiq müqavilənin bağlanması və antiinhisar qanunvericiliyinin pozulmasına səbəb olan digər halların aradan qaldırılması barədə göstəriş verilib.
Məsələ ilə bağlı, “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”ndən Bizimyol.info saytının sorğusuna cavab olaraq bildirilib ki, icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində vətəndaşlara tibbi xidmətlər, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində olan dövlət tibb müəssisələrində göstərilir. TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisələrində müvafiq xidmətin göstərilməsi mümkün olmadığı təqdirdə vətəndaşa müqaviləli tibb müəssisəsinə göndəriş verilir.
Qeyd edilib ki, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (Agentlik) 19 tibb müəssisəsi ilə müqavilə bağlayıb. Özəl xəstəxanaların seçimi prosesinə gəldikdə isə, bu zaman müəyyən kriteriyalar nəzərə alınır: "Məsələn; belə müəssisələr daha geniş spektrdə xidmət təklif edən xəstəxanalar olmalıdır ki, vətəndaş ona lazım olan ambulator və ya stasionar tibbi xidməti əldə edə bilsin. Həmin tibb müəssisəsində Xidmətlər Zərfində nəzərdə tutulan tibbi xidmətlərin göstərilməsi üçün ixtisaslı həkim və digər tibb heyəti, eləcə də avadanlıq və təchizat olmalıdır".
Agentlikdən bildirilib ki,vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən verilən göndəriş vərəqəsi əsasında müqaviləli tibb müəssisəsinə müraciət etdikdə Xidmətlər Zərfi çərçivəsində tibbi xidmətlərdən ödənişsiz yararlanır. Bu halda müvafiq tibbi xidmətin dəyəri müqaviləli tibb müəssisəsinə Agentlik tərəfindən ödənilir. Vətəndaş TƏBİB-in tabeliyində olan dövlət tibb müəssisəsi tərəfindən göndəriş vərəqəsi almadan birbaşa müqaviləli tibb müəssisəsinə müraciət edərsə, tibbi xidmətin dəyərini tam həcmdə öz vəsaiti hesabına ödəməlidir.
Hazırda agentliklə müqaviləli tibb müəssisələri aşağıdakılardır və onların sayı davamlı yenilənir:
- Bakı Sağlamlıq Mərkəzi Publik hüquqi şəxs
- Mərkəzi Klinik Xəstəxana
- Caspian International Hospital
- Respublika Diaqnostika Mərkəzi
- Gəncə Müalicə-Diaqnostika Mərkəzi
- Gəncə Beynəlxalq Xəstəxanası
- Azərbaycan Tibb Universiteti Tədris Cərrahiyyə Klinikası
- Mərkəzi Neftçilər Xəstəxanası
- Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-Tibb Baş idarəsi
- EGE Hospital
- Sumqayıt Hospital
- Avrasiya Hospital
- Xüsusi Müalicə Sağlamlıq Kompleksi
- Leyla Medical Center
- Badam Medical Center
- Lor Hospital
- Məlhəm Beynəlxalq Hospital
- “OKİ” Özəl Tibbi Müalicəxanası
- “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (Zəfəran Hospital)
İlahin, Bizimyol.info