Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Elə sahibkarlar var ki, şəxsi kapitalları belə qalmadı və tamamilə iflas oldu”
“Elə sahibkarlar var ki, şəxsi kapitalları belə qalmadı və tamamilə iflas oldu”

Afiq Ağaquliyev: “Banklar hazırki vəziyyətdə gələcək müştərilərinin artıq sıradan çıxdığını bilməlidir”

Bu ilin oktyabrın 1-nə Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmi 871,1 milyon manat təşkil edib ki, bu göstərici son bir ayda 3,7% azalıb. Problemli kreditlər bütöv kredit portfelinin 5,6%-inə bərabərdir. Azərbaycan Mərkəzi Bankından (AMB) Bizimyol.info saytına verilən məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 18,6%, ilin əvvəli ilə müqayisədə isə 2,5% azalıb.

Bank mütəxəssisi, problemli kreditlər üzrə hüquqşünas Afiq Ağaquliyev Bizimyol.info saytına açıqlamasında bildirdi ki, bu rəqəmlər həmin problemli borcların bağlanması mənasını ifadə etmir:

“Rəqəmləri elə göstərirlər ki, sanki bütün borclar bağlanılıb və ya bağlanmaq üzrədir. Borcların hansı hissəsi faiz dərəcəsi üzrə restrukturizasiya olunub və ya neçə faizi ümumi həll olunub, bununla bağlı dəqiq göstərici yoxdur. Borcların aşağı düşüb və ya qalxmasında kreditvermələr əsas rol oynayır. Məsələn; əgər ilin əvvəlindən bu günə qədər ölkə üzrə ümumi kreditlər portfeli 6,5 faiz təşkil edibsə, deməli kreditvermələrin sayı çoxalıb və rəqəmlər də şişirdilib. Buna görə də rəqəmlərə ciddi yanaşmaq olmaz”.

Ümumiyyətlə problemli kreditlərin hər zaman mövcud oldğunu deyən müsahibimizin sözlərinə görə, bu borclar banklarda verilən kreditlərin çox az bir hissəsini təşkil edib:

“Amma təssüflər olsun ki son zamanlar bu artıq belə deyil. Problemli kreditlərin əsas yaranma mənbəyi uzun müddətli öhdəliklər və bank faizlərinin çox olmasıdır. Uzun müddətli kreditlər vətəndaşların aylıq xalis mənfəətinə əsasən müəyyənləşdirilir və onların aylıq ödəniş etmə qabiliyyətini özündə əks etdirir. Biznes kreditlərində bankların təklif etdikləri faizlər sahibkarların bir malın üzərindəki faiz qazancına az qala bərabər idi”.

Ölkədə problemli kreditlərin həcminin bu qədər artmasının səbəbini pandemiya ilə əlaqələndirən mütəxəssis qeyd etdi ki, uzunmüddətli karantin rejimi nəticəsində bir çox fəaliyyət sahələrinin bağlı qalması da vətəndaşların ödəmə qəabiliyyətini aşağı saldı: “Xüsusilə də, şəhərdə olan kiçik pərakəndə satış məntəqələrinin əsas tədarükçüsü olan iri bazarlar 1 ildən artıq fəaliyyət göstərmədi. Bir çoxu onlayn satışdan istifadə etdi ki, bu vasitə ilə alıcılıq qabiliyyəti çox aşağı düşdüyü üçün bütün sahibkarların xalis mənfəət sıfıra bərabər oldu. Elə sahibkarlar var ki, şəxsi kapitalları belə qalmadı və tamamilə iflas oldu. Buna səbəb bankların vətəndaşa yumşaq və ya sərt davranması deyil, çünki gözlənilməz qlobal hadisələr vəziyyəti gərginləşdirdi və günlük gəliri satışdan asılı olan bir çox vətəndaş biznesini itirdi. Bu o deməkdir ki, bank müştərilərinin sayı getdikcə azalmağa doğru gedir. Banklar hazırki vəziyyətdə verdiyi krediti geri yığım etmək üçün yollar axtardığı bir dövrdə bilməlidir ki, gələcək müştəriləri artıq sıradan çıxıb. Fikrimcə, banklar pandemiyadan əziyyət çəkən sahibkarlara qalıq borcu ilə bağlı deyil, faktiki bağlanmış bizneslərinin inkişafına dəstək olmalıdır”.

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »