Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dini bölücülər necə yanıldılar?
Dini bölücülər necə yanıldılar?

Milli tolerantlığımızla fəxr edirik. Bu haqda yazmışıq. Ancaq iftixar duyduğumuz bir özəlliyimiz də var: dini tolerantlıq. Bu haqda da əvvəllər bir az yazmışıq; başqa coğrafiyalarda qarşı-qarşıya gəlib toqquşan, hətta savaşan... dinlər bizim coğrafiyamızda barışır. Həm də ilk dəfə deyil. Biz tarix boyu müxtəlif dinlərin ya içindən, ya yanından keçib gəlmişik. Son dayanacağımız İslam. Ancaq heç vaxt heç bir dinin üstündən keçmədik. İnsanları bizə inandırmaq üçün başqa inandıqlarından imtinaya sövq etmədik. Biz deyərkən: Türk qövmü. Biz deyərkən: Azərbaycan.

Dünyanın məşhur araşdırma xidmətləri də dünyada xalqların dinə yanaşmasını ölçüb. Hər dəfə Azərbaycanı, əsasən sekulyar bir toplum kimi “kəşf ediblər”. Üstəlik, bizim Konstitusiyamızda da din dövlətdən ayrıdır.

Bəli, din dövlətdən ayrıdır. Ancaq bu o demək deyil ki, din ayrıdır, dövlət ayrıdır. Dövlət də insanlardan ibarətdir və dövlətdəkilərin də dini var, inancı var. Ancaq Azərbaycanda dinin dövləti yoxdur. “Dövlətdəkilərin dini var” dedik. Ancaq bu yaxın – cənub qonşumuzdan bizə sırınan (sırımağa çalışdıqları) süni “siyasiləşdirilmiş İslam” modeli deyil. Din adına məzhəbçilik doktrinası deyil; məzhəbçi ayrımçılığın inkarına hesablanmış bir inanc sistemidir. Dini dərin və qaranlıq məzhəbçilik çuxuruna endirmir. Allahın müqəddəs kəlamlarını siyasi və şəxsi konyukturalara tabe etmir. Dini – məqsədli siyasi və sair qatqılardan arınmış olaraq qəbul edir. Çünki Sədi Şirazi demişkən: “Yazan bilir, kağızda nə yazıb”. Kimlərsə Allah yazanı öz maraqlarına uyğun biçimdə yozursa, bu, bizim dinə baxışımıza tərsdir. Və bizdə başqa dinlərə də belə yanaşılır. Hansı din olursa-olsun, onun ayrımçı, illah da radikal məzhəbçiliyi bizdə qəbul görməyib.

Bu yaxınlarda dövlətin təhlükəsizliyinə məsuliyyət daşıyan orqanlar, bəzi addımlar atdılar. Bəzi əməliyyatlar keçirildi, həbslər oldu. Bir sıra saytlar bağlandı, radikal ocaqlar söndürüldü... Nə üçündür bunlar?! O maraqlı qüvvələr, bu addımları İslam dəyərlərinə hücum kimi qiymətləndirəcəklər. Belə də edirlər. Ancaq bölücü məzhəbçilik nə zamandan İslam sayıldı ki?! Nə zaman din sayıldı?! Din, özünün təmiz anlamında birləşdirici koqnitivdir, məzhəbçilik isə bölücülük, hətta savaş, qan, gözyaşıdır...

Azərbaycanda bu bölücü yanaşma ilə uğur qazana biləcəkləri düşünənlər yenə də bərk yanıldlar. Bizim toplumda din üzərindən çat yaratmaq cəhdləri həmişə olub və olacaq. Ancaq yüzillərdir ki, bu, alınmır. Təkcə İslam içində ayrımçılığa qarşı durmaqla qalmamışıq. Tam fərqli din mədəniyyətlərinə qucaq açmışıq. “Hər kəsin inancı özünə” dedik. Müstəqil dövlətçiliyimizin ilk qanunlarından biri “Dini etiqad azadlığı haqqında” oldu. Və zamanla bu qanun daha da cilalandı, Azərbaycan həyatının mükəmməl bir hüquq olayına çevrildi.

Azərbaycan toplumunun aparıcı qüvvəsi (əsas da maarifçi ziyalılar), hansı dindən qaynaqlanır-qaynaqlansın, bir təhlükəli meylin də fərqindədir. Bu da dini mövhumatdır. Azərbaycan, dünyəvi dövlət olsa da, dinin mövhumatçı meyllərdən qorunmasına da öz dəstəyini verir. Çünki dini mövhumat təkcə adından çıxış etdiyi dinə deyil, dünyəvi dövlətçilik modelinə, sekulyar cəmiyyət dəyərlərinə də təhlükədir. Əgər onu cilovlamasan, öldürücü təhlükəyə çevrilə bilər. Bizim gözümüzün önündə dini xurafat, mövhumat üzündən dini dəyərlərin təhrif olunması verdi və bu da dinlə dövlətin iç-içə olduğu bəzi dövlətlərin, hətta bütöv ölkələrin dağılmasına yol açdı. Ayrı-ayrı tarixi-dini şəxsiyyətlərin, dünyadan köçmüş və ya hazırda yaşamaqda olan din xadimlərinin az qala ilahiləşdirilməsi, onların Allaha az qala (bəzən də elə gerçəkdən) şərik qoşulması... bütün bunlar təkcə bu yanlışa yenik və ya şərik düşmüş dövlətlərin deyil, onların xalqlarının da faciələrinə gətirib çıxarıb. Bunun çox bariz kədərli nümunələri bu gün də gözümüzün qarşısındadır. Azərbaycanın da keçmişində - tarixinin zülmət bucaqlarında mövhumatın kütlələri əsir aldığı zamanlar olmuşdu. Hadisələri, prosesləri, bütün olmuşları və olacaqları heç bir formal məntiqə və heç bir duyğu qavramına uyuşmayan forma və biçimlərdə “izah etmək” meylləri vardı və təəssüf ki, zəif də olsa, hələ var. Bu, reallıqdan qaçmaq, irrealı gerçəklik adına sırımaq xəstəliyinin bəzi qalıntıları hələ də cəmiyyətimizdən təmizlənməyib. Dövlətin bu meyllərə qarşı mübarizəsinin çox sadə və tutarlı məntiqi əsası var: mövhumat dinləriçi və dinlərarası münasibətləri də öz dağıdıcı axınının qabağına qata bilər. Bu da ölkəmzdə dini tolerantlıq ortamının pozulmasına, qarşıdurmalara yol açar deyə dövlət üzərinə düşən addımları atmalıdır və atır.

Düşünün: mövhumat cəmiyyətimiz üçün, yaşam ortamımız üçün, sabit inkişafımız üçün bu qədər təhlükəli olmasaydı, zamanında Mirzə Fətəli, Seyid Əzim, Mirzə Ələkbər Sabir, Mirzə Cəlil, Hüseyn Cavid, Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqvediyev... kimi nəhəng simalar ona qarşı savaşmazdı ki!

Bu gün də ictimai vicdanımızın böyük bir kəsiminin – mütərəqqi, ayıq ziyalılarımızın mövhumata, hər cür xurafata qarşı durması cızdığımız yolun doğruluğuna sübutdur. Bizim dövlətimiz də son zamanlar daha qətiyyətlə bu dağıdıcı amilin üzərinə gedir və dini inancların sağlam əsaslarda və bir-birinə sayğı ortamında yaşamasını dəstəkləyir. Bunu cəmiyyət olaraq təqdir etməliyik.

Seyid Əhmədli, Bizimyol.info

Bu məqalə Medianın İnkişaf Agentliyinin onlayn media subyektlərinə (vebsaytlara) maliyyə dəstəyi çərçivəsində hazırlanıb.

İstiqamət: 6.3.15. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf istiqamətləri

Paylaş »
››› Ulduz  falı: 09 dekabr, 2021-ci il – Parlaq və ruhlandırıcı hadisələrin günüdür
››› Manatı nə gözləyir: "Hökumət inflyasiyanı önləmək imkanına malik deyil"
››› Sonuncu xəbərdarlıq: "Əgər Zəngəzur dəhlizi açılmasa, Laçın dəhlizini bağlayacağıq"
››› “Bu, Azərbaycanın Qarabağdan sonra ikinci qələbəsidir” - İran və Gürcüstanla razılaşma
››› Ukrayna açıq şəkildə Rusiya ilə döyüşə hazırlaşır
››› Türkiyədə İbrahimoviçə qəzəbləniblər
››› Küçələrdə qəpik-quruş qazananlara hücum: Ləğv etmək, yoxsa səliqəyə salmaq...
Son xəbərlər
Bütün xəbərlər »