Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Yəqin ki, o dünyada olsa da, mən öz haqqımı tələb edəcəm"
"Yəqin ki, o dünyada olsa da, mən öz haqqımı tələb edəcəm"

“Avtomobil cənnəti” şəhərin “parklama cəhənnəmi”ndən reportaj

Bakıda avtomobil sayı get-gedə artmaqda davam edir. Yolda uzun saniyələr, hətta dəqiqələri çəkən qırmızı işığın sürücüləri bezdirməsindən əlavə, bir də avtomobilini necə gəldi, harda gəldi park edənlər günün səhər saatlarında piyadalardan tutmuş, digər sürücülərədək hər kəsin zəhləsini tökür, əsəblərini tarıma çəkirlər.

Bu gün həmin məsələ barədə reportaj hazırlamağı düşündüm və şəhərə çıxıb müəyyən müşahidələr aparmağa başladım. Üzü 20 Yanvar metrosu istiqamətinə gedən avtobusda idim, “Şamaxinka” adlanan yerə çatdıqda, sürücü qabağındakı taksini dayanacaqdan çıxarmaq üçün bir neçə dəfə siqnalladı. Deyəsən, çıxmaq niyyəti yox idi, ya da maşının salonunu özünə tabe edən “Can alanlar, can gedirik almağa” mahnısı taksi sürücüsünün bu siqnalı eşitməsinə imkan vermirdi. Yaranmış situasiyada can almağa tələsən isə Ordumuzun nümayəndələri yox, məhz, mindiyim avtobusun sürücüsü idi. Nəhayət, taksiyə bir müştəri əyləşdikdən sonra maşın yerindən götürüldü.

Avtobus sürücüləri, taksi sürücülərini sanki özlərinə düşmən görürlər. Xüsusilə də, el arasında “bir manatlıq taksi” adlandırdıqları avtomobil sürücülərini. Onlar, lazımsız anda avtobusun yanlarından, sürücü jarqonu ilə desək “obqon” edərək (ötüb keçərək), dayanacağa daxil olur və sərnişini avtobus sürücüsünün “caynağı”ndan xilas etməyə çalışırlar. Bir də görürsən, ümumiyyətlə, dayanacaqda taksi əlindən yer yoxdu. Hətta bəzən dayanacaqda gözləməli olan sərnişinlər, həmin dayanacaqdan 20-30 metr kənarda gözləməli olurlar.

Ancaq məsələnin kökü təkcə taksilərlə bitmir. Evə qayıdarkən, həmin taksilərdən birinə yaxınlaşdım. Avtobus olmadığından, elə həmin taksilərdən biri ilə getməli idim. Elə yolüstü taksi sürücüsü ilə də bu barədə söhbətləşdik. Parklama yerinin olmadığını, olduqda belə, qazandığının yarısını elə həmin parklamadakı nəzarətçilərə verdiyini dedi. Soruşdum ki, həmin nəzarətçilərə nə qədər pul verir? Dedi ki, yarım saat üçün 1 manat. Dedim: “Səncə, bu, çox deyil?” Dedi: “Nə edim?! Onlar da mənim kimi bütün günü çörəkpulu dərdindən qışın soyuğunda, yayın cırhacırında ayaqüstə gözləyirlər. Kasıbın dərdindən kasıb anlayar...” Məsələni elə yerə aparıb bağladı ki, mən də özlüyümdə onunla razılaşdım. Ancaq bu, təbii ki, hər səhər-axşam lazımsız yerlərdə maşın park edib, insanların zəhləsini tökməyə, lazımsız əsəb-stress yaratmağa əsas vermir. Mövzu isə taksi-avtobus-dayanacaq üçbucağı ilə yekunlaşmır.

Bəs buna nəzarət etməli olan qurumlar, dövlət orqanları nə işlə məşğul olur?

Heç olmasa, 3 aydan bir rayonlararası, eləcə də, şəhərdaxili yolların yenidən təmir-bərpası üçün milyonlarla manat vəsait ayrılır. Nəyə görə bu vəsaitin müəyyən bir hissəsi hazırda dünya praktikasında öz keyfiyyətini, səmərəliliyini isbat etmiş binaşəkilli avtomobil parklarının inşasına ayrılmır? Yaxud yeraltı dayanacaqların sayı nə üçün azlıq təşkil edir? Ümumiyyətlə, yeraltı, yaxud binaşəkilli dayanacaqların tikilməsi üçün gərək evlərimiz İçərişəhər ətrafında, yaxud 28 may metrosu yaxınlığında olsun? Bəli, həmin bu yerlərdə adını çəkdiyim avtomobil parkları var və çox zaman həmin ərazilərdə tıxac sayı az olur. Burada hər hansısa “1 manatlıq” taksiyə çox az rast gəlinir. Xalq arasında “badımcan” və “pomidor” adlanan taksilər (onlara rənglərinə görə belə deyilir – red.) mədəni şəkildə, sürücüləri hay-küy salmadan öz sərnişinlərini gözləyirlər.

Artıq mentalitetimizə “yol mədəniyyəti” adlanan bir anlayış da daxil olub. Adətən qarşında dayanmış və çox yavaş hərəkət edən maşını xəbərdar etmək üçün öz maşınının işıqlarını bir neçə dəfə yandırıb-söndürürsən və qarşıdakı sürücü bunu yan aynalardan görüb anlayır ki, “tısbağa yerişi” yerimək lazım deyil. Və sürətlənir. Siqnal isə artıq bir çoxları üçün təhqir rəmzidir. Xüsusilə də, uzun-uzadı, kəsib-kirimək bilməyən siqnallar. Bu növ siqnallar, adətən, yolun düz ortasında maşınını “parkovka” edib, hansısa iş dalınca gedən bəzi sürücülər üçün verilir. Mövzudan iki sual ortaya çıxır: ya bizdə maşın park etmə mədəniyyəti kifayət qədər inkişaf etməyib, ya da “at arabası” dövründə qalmışıq və aidiyyatı qurumların park anlayışı sıfıra bərabərdir. Yoxsa, avtobus dayanacağında taksi, maşınların keçdiyi yolun ortasında sərnişinlər gözləməli olmazdılar.

Yeri gəlmişkən, hamımızın bildiyi kimi, qanuni, yaxud da qanunsuz şəkildə “parkovka” edilmiş maşın dayanacaqlarına elə rusca “parkovşik” (avtomobil dayanacaqlarına nəzarət edən şəxs – red.) adlandırdığımız şəxslər nəzarət edir. Redaksiyamızdan bir qədər aralıda – Nərimanov metrostansiyasına yaxın yerdə əyninə sarı gödəkcə geyinmiş, üzünü tük basmış orta yaşlı bir oğlanın əl hərəkətləri ilə bir maşının dayandığı yerdən çıxmasına köməklik etdiyini gördüm. İşini bitirdikdən sonra ona yaxınlaşıb söz soruşmaq istəyəndə, əl işarələri ilə bildirdi ki, o, eşitmə və danışma əngəllidir. Məyus oldum. Axı adicə anbardar, yaxud bəzən fəhləlik üçün üç dil bilgisi tələb olunan ölkədə maşın dayanacağına nəzarət edən birinin fiziki qüsurlu olması və bu halda ona sarı gödəkcə geyindirib maşınların başına nəzarətçi qoyulması necə olub ki, bəzi qurumlarımızın “gözündən qaçıb”? Bu şəxs orda hç bir maşın səsini, çağırışı eşitmir, problemi olsa, dərdini deyə bilmir. Hansısa nəqliyyat vasitəsinin siqnalını eşitməməyi, ona nə zamansa həyatı bahasına başa gələcək. Bəs buna məsuliyyəti daşıyan kim, ya da kimlər olacaq?

Onu da deyim ki, bu şəxslər heç bir yerdən maaş almırlar və gündəlik qazanc üçün ordadırlar. Yaşadığım ünvanın yaxınlığında yerləşən iri bir ticarət mərkəzi, hardasa 8 ildən artıqdır ki, fəaliyyət göstərir. Özünün kiçik bir maşın parklama bölgəsi var. Ordakı nəzarətçilər bir neçə dəfə dəyişilsə də, son zamanlar yaşlı bir kişi dayanan və çıxan maşınlara nəzarət edərək, gündəlik hər maşından 30-40 qəpik qazanır. O da ki, sürücü insaflı olanda. Bu gün həmin ağsaqqalla iri ticarət mərkəzi önündə kiçik söhbətimiz baş tutdu. Öyrəndim ki, onun 64 yaşı var və adı Məzahirdir. Mən çox zaman onu müşahidə edəndə, o, mağaza ətrafına yığılmış pişiklərlə məşğul olur və onlara yem verir, hətta pişiklər üçün kartondan balaca yer də düzəldib. Məlum oldu ki, Məzahir dayı burada işləsə də, mağaza rəhbərliyindən heç bir maaş almır. Dediyinə görə, əvvəllər yanında bir köməkçisi də var imiş. Ancaq o, içki qəbul edib, insanları narahat etdiyinə görə həmin adamı işindən qovublar və mağaza rəhbərliyi Məzahir dayıya: “Sən qalıb işləyə bilərsən” deyib. Daha sonra isə, ümumiyyətlə, o da aylıq 60 manat əməkhaqqı aldığı bu işindən hansısa şəxsi səbəbdən dolayı uzaqlaşıb. Amma yenə də həmin mağaza önündə maşınlara nəzarət edir. Deyir ki, gündəlik, 5-6 manat qazancı olur: “Sürücülərdən eləsi var ki, çıxarıb 1 manat verir. Bəzən də olur ki, vermirlər. Sağolsun, mağaza rəhbərliyi. Yeməyimi özləri verirlər və imkan yaradıblar, burada işləyirəm. Daha nə deyim? Bir də gündəlik qazancımdan 2 manat 50 qəpik icra nümayəndəsinə verirəm, mənə dəyib toxunmurlar”.

Bunun səbəbini soruşduqda, məlum oldu ki, sən demə, icra nümayəndəliyində işləyən hansısa “2 manat 50 qəpiklik” şəxs, bu kişinin gündəlik qazancına göz dikib və bildirib ki, əgər ona “haqqını” verməsə, Post-Patrul xidmətinə məlumat verəcək və Məzahir dayı sonuncu çörək qapısından da olacaq. Məzahir dayı əvvəlcə əlini cibinə atıb həmin adamın nömrəsini və adını vermək istədi. Birdən nə düşündüsə, telefonu yenidən cibinə saldı. Nə qədər təkid etsəm də, razılaşmadı. Dedi: “Üzrlü say, verə bilməyəcəm, problem istəmirəm. Mənim axirət inancım var, yəqin ki, o dünyada olsa da, mən öz haqqımı tələb edəcəm”. Ədalətin bu dünyada da tətbiq edilə biləcəyini Məzahir dayıya bildirsəm də, razı sala bilmədim. Dedi: “Gündəlik yemlədiyim bu pişiklərin duası mənə bəsdir”.

Analoji hadisə İçərişəhər və 28 may metrostansiyası yaxınlığında da baş verir. Metro yaxınlığındakı dayanacaqlara nəzarət edən Rafael, Elçin və Əli adlı parklama nəzarətçiləri dedilər ki, onlar da gündəlik qazanca işləyirlər, maaş almırlar: “Əvəllər burada ödəmə aparatı var idi, maşın sahibləri ödənişi ora edərdilər. Biz isə maşınlara nəzarət edərdik. Ordan da bizə müəyyən maaş ayrılardı. İndi həmin aparatları söküb aparıblar. Gündəlik səhər saat 8-dən axşam saatlarınadək burda işləyirik, ancaq vaxt tamam olanda gəlib qazancımızın yarıdan çoxuna şərik çıxırlar”.

Rafael bildirir ki, tanımadığı bir şəxs hər gün ondan 50 manat pul alır: “Mən əvvəl burdakı (28 may metrostansiyası qarşısındakı parklama-nəzarət stansiyası – red) stansiyada işləyirdim, 500 manat maaş verirdilər. Daha sonra məni çıxardılar, indi öz adamlarıdır. Məni isə bura “parkovşik” veriblər. Gündəlik 60 manat qazancım olsa da, 50 manatını onlara verirəm”.

Yaranmış problemdə adı çəkilən nəzarətçilərin qorxaraq adını və vəzifəsini gizlətdikləri, hər gün gündəlik xərac verdikləri bu şəxslər kimlərdir? Onlar nə üçün bu adamların qazandığı 20-30 qəpiyə göz dikib? Hər gün hüquq-mühafizə orqanlarımızın fəaliyyətindən ağızdolusu danışan qurum və quruluşlar nə üçün belə məsələlərdə ağızlarına su alıb otururlar? Bəlkə, elə həmin o qurumlar da bu qaçaq-quldur dəstələri ilə əlbirdir?

Məsələyə hüquq-mühafizə orqanları diqqət yetirməli, Bakı Nəqliyyat Agentliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi öz reaksiyalarını bildirməli və üzərlərinə düşən vəzifəni layiqincə icra etməlidirlər. Qanun hər kəs üçündür!

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »