Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Oğlu ilə vaxt keçirməyi sevirdi, ancaq vətən sevgisi oğlundan da üstün idi"
"Oğlu ilə vaxt keçirməyi sevirdi, ancaq vətən sevgisi oğlundan da üstün idi"

İkinci Qarabağ Müharibəsindən bir il keçdi. Bir il öncə, minlərlə ailənin gözü yolda idi. Hər kəs müharibənin qələbə ilə bitməsini, övladının sağsalamat geri qayıtmasını gözləyirdi. Kazımovlar ailəsinin isə iki övladı müharibədə idi. Ailə Elçin Kazımovun ön cəbhədə olmasından və ona nəsə olacağından narahat olduğu bir zaman, Bakıda olduğunu düşündükləri oğullarının - Elvinin şəhid xəbəri ilə sarsılır...

Şəhid Elvin Kazımov, 1987-ci il dekabrın 3-də Bakı şəhərində anadan olub. 1993-2003-cü illərdə Xətai rayonunda 221 nömrəli tam orta məktəbdə, 2003-2006-cı illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2006-2010-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. Elvin Kazımov, 2010-cu ildə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı. 2016-cı ilin 2-5 aprel tarixlərində baş verən döyüşlərdə savaşıb.

Azərbaycan Ordusunun kapitanı olan Elvin Kazımov, 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Elvin Kazımov oktyabrın 6-da Talış döyüşləri zamanı şəhid olub.

Şəhid Elvin Kazımov Şəhid Elvin Kazımov

Şəhid Elvin Kazımov haqqında Bizimyol.info saytına qardaşı Elnur danışıb: "Elvinin ən böyük arzusu, oğlu ilə bağlı olub. Düşünürdü ki, oğlu böyüyəcək, savadlı və vətənə layiq bir oğul olacaq. Hər gün oğlu ilə vaxt keçirməyi sevirdi. Ancaq vətən sevgisi oğlundan da üstün idi, Elvin üçün".

Müharibə başlayanda Elvin, ailəsinə müharibə getdiyini demir. Hamı onu Bakıda təlimlərdə bilir. Yaxınları danışır ki, Elvin hər zaman işğal altında olan torpaqların işğaldan azad edilməsi üçün can atardı, bu barədə danışardı. Hər zaman öndə cəbhədə olmağı arzulayardı. Yalan danışmağı da sevməzdi, Elvin. Amma buna baxmayaraq, cəbhədə olduğunu gizlətmişdi ailəsindən. Şəhid olan gün anasının yuxusuna gəlir. Anası Fədayə xanım danışır ki, o yuxuda Elvinə yemək təklif edir: "Bikef idi. Dedim ki, Elvin, işə gedəcəksən gəl, yemək ye. Dedi, ana, dostlarım şəhid olub. Beləcə yuxudan ayıldım".

Elvin həyat yoldaşına da müharibəyə getməsi haqqında heç nə deməmişdi. Bəlkə də ailəsinin narahat olmamasını istəyirdi. Bəlkə də düşünürdü ki, sağ qayıdacaq və müharibədə keçdiyi döyüşlərdən qürurla danışacaq. Yoldaşı ilə hər gün danışan Elvin, akademiyada təlimdə olduğunu deyirmiş. Hər gün eyni saatda danışırmış ömür-gün yoldaşı ilə. Sonuncu dəfə oktyabrın 3-ü yoldaşına zəng vurur, övladı ilə də danışır, sağollaşır.

İki gün Elvindən xəbər ala bilməyən ailə, narahat olmağa başlayır. Elvinin qardaşı Elçin də müharibədə olub həmin zaman. Qardaşlar eyni istiqamətdə döyüşsə də, Elçinin Elvindən xəbəri olmayıb. Hər ikisi Talışkənd - Ağdərə istiqamətində döyüşüb. Elvin də bu istiqamətdə gedən döyüşlərdə şəhid olub. Ayağından yaralanıbmış, özü yarasını bağlayıb, qanı kəsib. Həmin ərazidən yaralıları çıxaran zaman, Elvin daha ağır yaralıları çıxarmağın vacib olduğunu deyib. Deyib ki, "mən yaxşıyam, siz daha ağır yaralanmış dostlarımızı çıxarın". Sonra minamyot qəlpəsi ilə şəhid olub.

Şəhid Elvin Kazımov, II Fəxri Xiyabanda dəfn olunub. Ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalı ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

İlahin, Bizimyol.info

Paylaş »
››› Soçi bəyanatında nələr var? - obyektiv baxış cəhdi
››› Soçidə qazandıqlarımız və itirə biləcəklərimiz
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Yuxuda "cənnət meyvəsi" nar görməyin yozumu nədir...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› XİN: "26 noyabr bəyanatında Azərbaycanın mövqeyini əks etdirən məqamlar tam şəkildə təmin edilib"
Son xəbərlər
Bütün xəbərlər »