Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı
Rüsumların kəskin artırılması kasıbların imkanlarını daha da məhdudlaşdırdı

Azərbaycanda məhkəməyə müraciətlər üçün rüsumlar kəskin artırıldı. Bu da pozulmuş hüquqlarını məhkəmə vasitəsilə bərpa etməyə çalışan aztəminatlı vətəndaşların durumunu çətinləşdirdi. Çünki yeni qiymətlər sosial-iqtisadi durumu yaxşı olmayan vətəndaşların cibinə uyğun deyil.

Bizimyol.info xəbər verir ki, indiyə qədər iddiaların həcmindən asılı olaraq, dövlət rüsumu iki formada tətbiq olunurdu: məbləği 500 manata qədər olan iddialar üzrə 20 manat, 500 manatdan artıq məbləğ üçün isə 30 manat.

Artıq isə bu qayda dəyişib. İddia tələbi 1000 manata qədər olduğu halda, məhkəməyə müraciət üçün rüsum 30 manatdır. 1000 manatdan 10 min manata qədər olduqda 30 manat və üstəlik, iddia tələbindəki məbləğin 1 faizi qədər rüsum müəyyənləşdirilib. Tələb 10 min manatdan 100 min manata qədər olduğu hallarda rüsum 120 manat+iddia tələbinin 0.3 faizi olur. Məhkəmə iddiasında 100 min – 1 milyon arası tələb edildikdə, 390 manat+tələb olunan məbləğin 0.1 faizi olacaq. İddia tələbi 1 milyon manatdan yüksəkdirsə, o zaman 1290 manat + tələb olunan məbləğin 0,05 faizi qədər rüsum ödənilməlidir.

Bundan başqa, şəxs mülkiyyətilə bağlı (mənzil, torpaq sahəsi və s.) məhkəməyə şikayət etmək istəyirsə, 100 manat rüsum ödəməlidir.

İş üzrə icraata xitam verilməsi, iddianın baxılmamış saxlanılması, məhkəmə cərimələri, müvəqqəti təminat tədbirinin tətbiqi və ya bundan imtina barədə qərarlardan şikayət üçün rüsum tələbi 50 manatdır.

Səməd Rəhimli Səməd Rəhimli

Hüquqşünas Səməd Rəhimli deyir ki, onsuz da 3 il əvvəl ölkə nümayəndəlik institute ləğv olunmaqla, məhkəməyə müraciət etmək istəyən aztəminatlı vətəndaşların vəziyyəti çətinləşdirilmişdi. Çünki əvvəl vətəndaşı etibar etdiyi istədiyi hüquqşünas məhkəmədə təmsil edə bilərdisə, həmin dəyişiklikdən sonra məhkəmələrdə nümayəndə qismində ancaq Vəkillər Kollegiyasının üzvü çıxış edə bilər. Bu da o deməkdir ki, vətəndaş vəkillə müqavilə bağlayıb, ona pul ödəməyə məcburdur.

Hüquqşünasın sözlərinə görə, rüsumların kəskin artımı isə orta statistic azərbaycanlının gəlirləri fonunda kifayət qədər yüksəkdir və vətəndaşın məhkəməyə çatımlılıq hüququnu səmərəsizləşdirir: “Mülki işlərin əksəriyyəti mübahisəli olur və məhkəməyə müraciət edən tərəf işi udacağına əmin deyil. Uduzacağı təqdirdə isə bütün məhkəmə xərcləri onun üzərində qalır. Belə olan halda, rüsumların bahalığına görə vətəndaşların bir çoxu məhkəməyə getməkdən imtina edəcək”.

Rüsumların artırılması məsələsi Milli Məclisdə müzakirə ediləndə dəyişikliyin tərəfdarı olanların arqumenti bu idi ki, məhkəmələrin yükü azaldılsın, iddia ərizələrinin, şikayətlərin keyfiyyəti artsın.

Vəkil Bəxtiyar Hacıyev də hesab edir ki, rüsumların artması məhkəmələrin vətəndaşlar üçün əlçatanlığını, müraciət imkanlarını məhdudlaşdırır. Bu isə ümumilikdə cəmiyyətin mənafeyinə ziddir.

Vəkilin sözlərinə görə, rüsumlar artırılanda mütləq əhalinin, xüsusən aztəminatlı ailələrin durumu nəzərə alınmalıydı: “Əgər məhkəməyə müraciət etmək hüququ qanunvericiliklə təsbit olunubsa, bunun üçün şərait də olmalıdır”.

Vəkillər Kollegiyasının sədri Anar Bağırov bildirib ki, rüsum dəyişikliyilə yanaşı, mülki işlər üzrə aşağı instansiya məhkəmələrində aztəminatlı şəxslərə dövlət hesabına hüquqi yardımın göstərilməsi məsələsi də təcili təmin olunmalıdır: “Əks halda, dövlət rüsumunun artmasıyla yanaşı, pulsuz hüquqi yardıma çatımlılığın təmin olunmaması aztəminatlı şəxslər üçün mülki iddialar üzrə məhkəməyə müraciət etmək, hüquqi yardım almaq hüquqlarını ciddi şəkildə məhdudlaşdıracaq”.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »