Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Badamdar sürüşmə zonasında son durum necədir...
Badamdar sürüşmə zonasında son durum necədir...

Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarında hələ 3 il əvvəl sürüşmə baş vermişdi. Böyük bir torpaq kütləsi yamacdan yola tökülərək bütün yolu bağlamışdı. İstinad divarları dağılmış, sürüşmə də vaxt keçdikcə böyümüşdü. Təhlükəli ərazidə yaşayan vətəndaşlar da ərazidən köçürülmüşdü. Həmin vaxt Ekologiya və Təbii Sərvətlər Nazirliyindən müvafiq şöbənin əməkdaşları, sürüşməyə səbəb kimi ərazidə yerləşən yüzlərlə evin kanalizasiya sisteminin olmamasını göstərmişdi. Çünki adıçəkilən ərazidə mərkəzləşdirilmiş kanalizasiya sistemi olmadığı üçün sakinlər kanalizasiya sularını "şambo" lara axıdırdı. Kanalizasiya və qurunt suları isə, yeraltından süzülərək yamaca toplanırdı. Havalar bir balaca soyuyan kimi, yağıntılar artan kimi yamac sürüşməyə başlamışdı.

Mütəxəssislərin fikrincə, yamaclar, maili və torpaq qatı tez doya bilən qumlu-gilli suxurlardan ibarət olduğu üçün yağıntılar çox olduğu dövrdə torpaq aşağı istiqamətdə hərəkətə başlayır. 3 il əvvəl qırılma nöqtəsi 10 metrdən çox idi. ETSN-nin əməkdaşları həyətlərə baxış keçirirdi və sürüşmənin aktivliyini izləmək üçün mayaklar qoyulurdu. Sonra məlumat verildi ki, həmin ərazidə Fövqəladə Hallar Nazirliyinin müvafiq şöbəsi yoxlamalar aparır, vəziyyəti dəqiqləşdirmək üçün xaricdən mütəxəssislər dəvət edilir.

Ötən ilə qədər ərazidə heç bir iş görülmürdü. Hətta avtomobillər təhlükəli yolu enişli-yoxuşlu yola çevirmişdi. Yəni, təpənin üzərinə çıxan zaman qarşını görmədikləri üçün səs siqnalı verərək hərəkət edirdilər. Yolda qəribə bir mənzərə yaranmışdı. Təsəvvür edin, yolun ortasında böyük bir təpə vardı. Elə bir təpə ki, yolu ikiyə bölür və qarşı tərəfi görünməz edirdi.

Yay aylarında yağıntılar olmadığı üçün, ərazidə sürüşmə müşahidə edilmirdi. Təhlükəli zaman isə payız-qış ayları idi. Ekspertlərin fikrincə, ən təhlükəli zaman yuxarıda olan qayaların qopraq aşağı düşməsi zamanı olacaqdı. Böyük ölçüyə malik olan qayalar, aşağıda fəaliyyət göstərən restorana və insanlara zərər verə bilərdi.

Ərazidə hadisə baş verən gündən çadır qurulmuşdu və 3 ilə yaxın həmin çadır, FHN-nin çadırı adlandırılırdı. Və nəhayət bu il, nazirlik hərəkətə keçdi. Artıq həmin ərazidə dəmir-beton suvayların hörülməsi işləri həyata keçirilir.

Bizimyol.info xəbər verir ki, bu barədə jurnalistlərə Fövqəladə Hallar Nazirliyinin (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin “Azərinşaatlayihə” institutunun geoloji axtarış şöbəsinin rəisi Samir Vəliyev jurnalistlərə açıqlamasında deyib. O, qeyd edib ki, bu mərhələ də yekunlaşandan sonra isə yamacın yuxarı hissəsində ankerlənmə işləri davam edəcək. Bu da yamacbərkitmə işlərinə aiddir.

"Burada dərinliyi 5-6 metr olmaqla ankerlər vurulacaq və daha sonra üzəri betonla hamarlanacaq. Bu işlər bitəndən sonra isə sürüşmə sahəsində ehtimal olunan infiltirasiya olunmuş digər suları kənarlaşdırmaq üçün qaleriyalar quraşdırılacaq. Tam yekunlaşan zaman isə yamacda abadlıq işləri aparılacaq” - deyə S.Vəliyev bildirib.

Bəli, 3 illik sürüşmənin qarşısı alınır. Ancaq belə bir sual ortaya çıxır: Həmin əraziləri "Azərsu" ASC kanalizasiya sistemi təmin edibmi?

İnandırıcı görünmür (!)

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »