Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...
Azərbaycan ordusu Türkiyə modelinə necə keçir...

“Mənim sədaqətim, mənim şərəfimdir”. Bu cümlə, Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin devizidir. Bəli, Ordunun təməli sədaqətdən başlayır. Xalqına və yurduna sədaqət andı içən və əyninə hərbi mundir geyinən hər bir kəs üçün onun Vətəninə, xalqına, dövlətinə olan sədaqəti, məhz, onun şərəfidir.

İkinci Qarabağ müharibəsində öz sözünü söyləmiş, biləyinin haqqını artıqlaması ilə göstərmiş Azərbaycan Ordusunun bu böyük qələbəsinin ardında, əlbəttə ki, o ordunun sıralarından çıxmış minlərlə şəhidin mübarək qanı var. Canlarından, ailələrindən, isti evlərindən, şirin xəyallarından keçdilər. Məqsəd bir idi – Yurdu yaşatmaq.

Hüseyn Nihal Atsızın dediyi kimi:

“İnsan doğar beşikdə, məzarda yatmaq üçün,

Qəhrəmanlar can verər, yurdu yaşatmaq üçün”.

...Azərbaycan Ordusunun Xüsusi Təyinatlı Qüvvələri qazanılmış şanlı zəfərə ən böyük imzanı atan bölmələrdən biri, bəlkə də birincisidir. Təkcə Şuşa şəhərinin işğaldan azad olunduğu gün odlu silahlardan istifadə edilmədiyi və şəhər uğrunda gedən döyüşlərdə igidlərimizin düşməni əlbəyaxa döyüşlə necə məhv etdikləri barədə kifayət qədər məlumatlar, qazilərimizin verdiyi müsahibələr var. Erməni generalını çılpaq əlləri ilə boğaraq general-mayor Polad Həşimovun qisasını yerdə qoymayan Xüsusi Təyinatlı Qüvvələrin şəhidi, 19 yaşlı Dövlətzadə Cəbrayıl. Rütbəsi polkovnik olsa da, millətin ona “cənab general” deyə xitab etdiyi polkovnik Tehran Mənsimov. XTQ-nin bölük komandiri baş leytenant Qəzənfər Ağayev. Və adını çəkmədiyimiz yüzlərlə XTQ-nin hərbi qulluqçuların döyüş zamanı göstərdiyi saysız-hesabsız qəhrəmanlıqların bir çoxu hələ də sirr olaraq qalıb.

Hər bir ölkə üçün onun Xüsusi Təyinatlı Qüvvələri, həmin ölkənin ordusunun bel sütunudur. NATO dövlətləri hər il XTQ-nin təlimləri üçün, eləcə də maddi vəziyyətlərinin daha da yaxşılaşdırılması və şəxsi heyətin peşəkarlaşdırılması məqsədilə milyonlarla dollar vəsait ayırır. Qardaş Türkiyə Cümhuriyyəti də, məhz həmin ölkələrdən biridir. İllərlə terror təhdidi altında varlığını sürdürmüş və daim terrora qurbanlar vermiş Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələri, son zamanlar sıxlaşdırdığı hərbi təlimlərdə “canımız, qanımız bir” dediyi Azərbaycana xüsusi yer verir. Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunun da qatıldığı “Sarsılmaz Qardaşlıq-2021” və başqa hərbi təlimlərdə XTQ hər zaman xüsusi peşəkarlığı ilə fərqlənib.

Son zamanlar işğaldan azad olunan bölgələrdə xüsusi təyinatlı hərbi hissələrin açılması və dövlət rəhbərliyinin bu hərbi hissələrə və eləcə də, şəxsi heyətə ayırdığı diqqət, İkinci Qarabağ müharibəsindən sonra daha da artıb. Gedişat isə göstərir ki, Azərbaycan Ordusunda çağırış sistemi ləğv oluna və müqaviləli hərbi qulluqçulara üstünlük verilə bilər. Görünür, ordumuz getdikcə peşəkarlaşmış hərbçilərdən təşkil olunacaq.

Mövzu ilə bağlı Bizimyol.info saytı ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Elxan Şıxəliyevin rəyini öyrənib. Ekspert deyib:

Elxan Şıxəliyev Elxan Şıxəliyev

““Şuşa bəyannaməsi”ndən əvvəl Prezident İlham Əliyev Silahlı Qüvvələrimizin Türkiyənin mini modelinə keçidi yönündə “Yeni Yol” xəritəsi təqdim etmişdi. “Şuşa Bəyannaməsi”ndən sonra isə artıq orduda praktiki işlər başladı. Türkiyə Silahlı Qüvvələrinin modelində mövcud olub, bizdə olmayan müəyyən məsələlər həyata keçirildi. Xüsusilə, bizdə Quru Qoşunlarının qərargahı yox idi. Quru Qoşunlarımız olsa da, ancaq elə adlandırılmırdı. Onlar, ümumiyyətlə, Müdafiə Nazirliyinin tərkibində idilər. Daha sonra isə quru qoşunlarının qərargahı yaradıldı və komandanlıq təyin edildi. Quru Qoşunlarının tərkibi Türkiyə Silahlı Qüvvələrinin modelinə uyğun olaraq formalaşdırıldı. Daha sonra isə yaradılmış qərargaha Türkiyə Cümhuriyyətindən üç general təyin olundu. Onların Azərbaycana ezam olunmasından məqsəd bu proseslərin koordinasiyasını təşkil etmək idi. Qarşılıqlı koordinasiyada ezam olunmuş generallarla bərabər həm də yeni strukturların yaradılması prosesi də gedir. Quru Qoşunlarının tərkibində Xüsusi Təyinatlı bölmələrin yaradılması. Kəlbəcər və Laçında açılan yeni hərbi hissələri də “Komando” hərbi hissəsi adlandırırlar. Bu, Quru Qoşunlarının tabeliyində ayrıca əməliyyat briqadası olacaq. Bizdə XTQ ümumi olaraq var, amma adı çəkilən bu bölmə özü xüsusi tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulub. Onlar dağ-təlim kurslarında iştirak edəcəklər”.

Ekspert daha sonra qeyd edib: “Bu yaxınlarda Türkiyənin “Əyridir Dağ” komando mərkəzindən bizim bir qrup hərbçi (müqaviləli hərbçilər – red.) bu kursu bitirərək, həmin hərbi hissələrə ilk heyət olaraq təyin olundular. İndi həmin hərbi hissələr, çox güman ki, gələcəkdə Quru Qoşunları Xüsusi Təyinatlılarının bazası rolunu oynayacaq”.

Elxan Şıxəliyev, müqaviləli hərbi xidmət məsələsinə də toxunub: “Müqavilə əsasında ordu sıralarında xidmət aparılması uzun müddətdir ki, var. Bunlara müqaviləli-maaşlı əsgərlər də demək olar. Onlar həqiqi hərbi xidmətdən sonra müqavilə əsasında müddətdən artıq hərbi xidmətə cəlb olunurlar və dövlətdən maaş alırlar. Müharibə zamanı isə müqavilə əsasında hərbi xidmətə cəlb edilmiş müddətdən artıq həqiqi hərbi xidmət qulluqçularının müstəsna və həlledici rolları oldu. Onlar manqa və bölmələrin idarə edilməsində, eləcə də, başqa tapşırıq və vəzifələrdə əsas rol oynadıqlarına görə sayları artırılacaq. Ancaq ümumi şəkildə Azərbaycan Ordusunun müqaviləli xidmətə keçməsindən danışmağımız tez olardı. Bəli, Ordunun əsas aparıcı gücü həmin müqavilə əsasında xidmət edən əsgər və çavuşlardır. Bu say isə ümumi Ordumuzun üçdə bir hissəsinədək artırılıb çatdırıla bilər. Bu məsələ uzunmüddətli olduğundan, müəyyən prioritetlərə baxılaraq qərar veriləcək”.

“Tam müqavilə ilə həqiqi hərbi xidmətə, peşəkar orduya keçid və çağırış sisteminin ləğv olunması barədə düşünmək, mənə elə gəlir ki, hələ tezdir. Səfərbərlik ehtiyatlarımız kifayət qədər çox olduğundan, bu məsələ balanslı şəkildə həyata keçirilir” - deyə hərbi ekspert əlavə edib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »