Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Moskva görüşündən gözləntilər
Moskva görüşündən gözləntilər

Noyabrın 9-da Azərbaycan Prezidenti və Ermənistanın baş naziri Moskvada görüşəcək. Bu barədə Ermənistan KİV-nə istinadla Turan agentliyi məlumat yayıb. Xəbərdə deyilir ki, iki ölkənin başçısı iki sənəd imzalayacaq. Təbii ki, Rusiya Prezidenti Vladimir Putinin vasitəçiliyi ilə. Sənədlərdən biri Ermənistanla Azərbaycan arasında dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası haqqında olacaq.

Ermənistanın Aliq Media adlı saytı yazır ki, İrəvan və Bakı SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının xəritələrinə əsaslanaraq bir-birilərinin sərhədlərini və ərazi bütövlüyünü tanıyacaq. Bu yaxınlarda Rusiya lideri Putin, bu haqda Valday forumunda danışmışdı. Demişdi ki, Moskvadan başqa heç kim bu məsələni həll edə bilməz; xəritələr Rusiya Baş Qərargahındadır. Doğrudur, sonra Putin Minsk Qrupunun proseslərə dəstəyi ilə bağlı bir-iki növbəti (növbətçi) jest də etmişdi. Ancaq bunun sərhədlərə aid olmayacağına da eyham vuraraq. Və buradan ikinci sənəd də gəlir: Ermənistanın və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü tanıması haqda.

Bu sənədlər imzalandıqda Azərbaycanın və Türkiyənin, guya Zəngəzuru işğal edəcəyi haqqında istər Qərbdən, istər Şərqdən qaynaqlanan spekulyasiyalara da yer qalmayacaq. Elə, biri qonşumuz İran. Hələ 44 günlük müharibənin gedişində “Zəngəzur “qırmızı xətt”imizdir” demişdi. Hətta Ermənistana təzyiq edirdi ki, İrəvan İranın Zəngəzura qoşun çıxarmasına da razılaşsın. Ermənistan isə bunu Rusiya ilə razılaşdırmaq lazım olduğunu əsas gətirərək İrana “yox” demişdi. Buna görə də Tehran Azərbaycana pressinqi artırmışdı; guya bölgədə terrorçuların olması haqda fikir yaradaraq Rusiyanı və eləcə də, Qərbin özünü Azərbaycana qarşı çevirməyə ümidsiz cəhdlər etdi. Putin Valdayda “Ermənistan-Azərbaycan sərhədlərinə heç kim qarışa bilməz” deyəndə, elə İranı da nəzərdə tuturdu. Eyni zamanda Azərbaycanın əsas ərazisinin Naxçıvanla əlaqəsinin yaradılmasını, Ermənistanın Azərbaycanla və Türkiyə ilə sərhədlərini açmasını dəstəklədi. Beləliklə, Putin Ermənistan-Azərbaycan, Ermənistan-Türkiyə münasibətləri ilə bağlı mübahisələrə nöqtə qoydu. Bura nəinki Qərbin, hətta İranın da qarışmasına yer qoymadı. Prosesləri, Prezident Ərdoğanla və İlham Əliyevlə razılıq əsasında idarə etdi.

Belə olacağı əvvəldən də bəlli idi. Türkiyə və Rusiya prezidentlərinin sonuncu Soçi razılaşmaları “Zəngəzur” dəhlizinə də yaşıl işıq yandırmışdı. Bu fonda İranın aqressivləşməsi də burdan gəlirdi. Ankara və Moskva üstəgəl Bakı regionun problemlərini özləri həll etmək qərarı verdiyi zaman İran məğlub tərəfi – Ermənistanı dəstəkləməklə özü də özünü proseslərdən kənarda qoymağa əsas verdi. Putin bu məsələdə qərarlı, Ərdoğan israrlı idi; Türkiyə Prezidenti: “Zəngəzur dəhlizi ilə bağlı qərarımız dəyişməyib” dedi. Bundan öncə isə İlham Əliyev Füzulidəki çıxışında qəti sözünü dedi: sonu ölüm olsa da bu yoldan dönməyəcəyini bəyan etdi. Və İran yavaş-yavaş da olsa, öz mövqeyindən geri çəkilməyə başladı. Və bu gün İran Prezidenti Rəisi, İlham Əliyevə İslam Peyğəmbərinin mövludu münasibətilə təbrik məktubu göndərib. Məktubda əsas vurğu, iki ölkənin xalqları arasında “din qardaşlığı” faktoru üzərinə qoyulub. Beləliklə, Türkiyə-Azərbaycan-Rusiya üçlüsünün bölgədə üstün güc amili yaratdığını deyə bilərik. Moskvada haqqında danışılan iki sənəd imzalanandan sonra artıq Qarabağda “müstəqillik” sevdası tamamilə sıradan çıxır; Ermənistan bölgənin Rusiya hərbi kontingentinin nəzarətində qalan hissəsinə və ümumiyyətlə, Azərbaycana ərazi iddialarından imtina etmiş olur. Bu, əslində Azərbaycanın və təbii ki, Türkiyənin böyük diplomatik qələbəsi demək olacaq. Qarabağın Azərbaycandan qoparılması ideyasının və avantürasının müəllifləri və dəstəkçiləri 44 günlük müharibədən sonra bu il noyabrın 9-da ikinci dəfə uduzmağa çox yaxındırlar. Birinci dəfə döyüş meydanında məğlub olmuşdular, indi də danışıqlar masasında əllərinin arxasını yerə qoyacaqlar. Əslində isə bu cür gedişat Ermənistanın da xilası deməkdir. İrəvan özünütəcriddən və aqressiv militarizm yükündən azad olub inkişaf yoluna çıxa bilər. Əgər nəzərdə tutulan razılaşmalar Moskvada imzalansa və icra olunsa, bölgə yenidən şəkillənəcək. Türkiyə regionda möhkəmlənir, regional gücdən qlobal gücə doğru daha bir mühüm addım atmış olur. Azərbaycan isə subregional dövlətdən, regional gücə çevrilmək imkanı qazanır.

Hər halda noyabrın 9-na çox zaman qalmayıb. Gözləyək və nəticələrə baxaq.

Seyid Əhmədli, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »