Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi
Təbii qaz faktoru - İranın şıltaqlıqlarının daha bir səbəbi

Bölgədə sözünün eşidilməsini istəyən Tehranın rəsmi Ankara və Bakı ilə masaya əyləşməsi şərtdir

İranın geosiyasi planda şıltaqlıqları, əsəbi davranışları, əslində, boşuna deyil, dövlət maraqları baxımından başa düşüləndir. Şübhəsiz, bir tərəfi də yenə Avropanın nəhəng qaz bazarı uğrunda gedən savaşla əlaqədardır. Avropanın qazla təmin olunması avropalılar üçün həyati mahiyyət daşıyır. Elə buna görə də, təbii qazın dünya bazarında artan qiymətləri fonunda mövcud regional toqquşmalar yaxın gələcəkdə fərqli geosiyasi və geoiqtisadi çalarlarda büruzə verməkdə davam edəcək.

Yaxın Şərq, Türkiyə və Azərbaycan nəzərdə tutulan marşrutların üzərində yerləşir və bölgənin son on beş ildir ki, barıt çəlləyinə çevrilməsində bu amil az əhəmiyyət daşımır. İqtisadiyyatı böyük ölçüdə neft-qaz satışından asılı durumda olan və Avropaya illik 200 milyard kubmetr qaz satan Rusiya bu yağlı bazarı kimsəylə bölüşmək niyyətində deyil, ələlxüsus da böyük qaz yataqları olan Qətər və İranı bütün mümkün hərbi-siyasi gedişlərlə bu prosesdən kənarda saxlamağın hesablarını qurur rəsmi Moskva. Qətər və İran qazı Avropaya yol tapa bilsə, bu, Rusiyanın Avropaya təzyiq imkanlarının, demək olar, sıfırlanması anlamına gələcək və bu günə qədər hərbi-siyasi, geopolitik planda həyata keçirilən bütün işlər suya düşəcək.

Putin administrasiyasının ölkəsinin İraqda, Suriyada hərbi-siyasi varlığını sürdürməsi həm də bu ərazilərdən keçməsi planlaşdırılan qaz kəmərləri layihələrini beşikdəcə boğmaq, reallaşmasına mane olmaq, imkan verməmək məqsədi güdür. Hazırda Qətər-Səudiyyə Ərəbistanı-İordaniya-Suriya-Türkiyə marşrutu üzrə ərəb qazının Avropaya daşınması proqramı üzərində qafa yoran ölkələrin əsas məqsədi Rusiyanın bu bölgədə söz sahibi olmasına imkan verməməyə, onların strateji əhəmiyyət daşıyan nəhəng layihələrinə hər fürsətdə pəl vurmağa cəhd edən Moskva ilə dil tapmağa çalışmaqdır. Moskva bu layihənin işə düşməsinə özünə kəsilmiş ölüm hökmü kimi baxır və əngəl olmağa çalışır. Elə ona görədir ki, bu prosesdə yuxarıda adı keçən ölkələrlə yola getməyən İranı hərbi-siyasi güc kimi İraq və Suriyada ön plana çıxarıb. İran Suriyada öz canlı qüvvəsini qurban verməklə faktiki Rusiyanın əlinə oynayır, fəqət hansı miqyasda tələyə düşdüyünü də anlamaq istəmir.

Avropa qaz bazarından öz payını almağı düşünən daha bir marşrut isə İranın bədnam qonşu, Azərbaycanla müharibədə məğlub olmuş Ermənistan üzərindən keçməklə Gürcüstan vasitəsi ilə Qara Dənizə çıxış əldə etməsidir. Fars körfəzi-Qara dəniz xətti İranın qlobal bazarlara çıxış baxımından ən çox ümid bəslədiyi marşrutdur. Bir müddət əvvəl İran rəsmilərinin Tiflis səfərinin məqsədi də, elə sözügedən marşrutun perspektivləri barədə gürcü isteblişmentini məlumatlandırmaq və onları layihənin parlaq gələcək vəd etməsinə inandırmaq idi. Tehranın mümkün görünə bilən bir başqa layihəsi isə Fars körfəzi-Aralıq dənizi coğrafiyasını əhatə edən İran-İraq-Suriya-Türkiyə qaz marşrutu ola bilər, ancaq hər bir halda, Türkiyə faktoru molla rejimini bu mövzuya isti yanaşmaqdan çəkindirir, çünki Türkiyənin bölgədə artan nüfuzu, regional gücə çevrilməsi, söz sahibi olması İran adlı dövlətə sərf etmir. Yeri gəlmişkən, Qətər qazının Rusiyanın müdaxiləsindən kənar bölgədən keçirilməsinin başqa alternativi də var və hazırda bu istiqamətdə müəyyən işlər görülür. Söhbət Qətər-Səudiyyə Ərəbistanı-İraq-Türkiyə xəttindən gedir. İran hər vəchlə İraqda ona bağlı olan qüvvələr vasitəsi ilə buna da əngəl ola biləcəyini düşünürdü, lakin İraqda baş tutan son seçkilərdə İrana meylli qüvvələrin prosesi uduzması, Tehranı əndişələndirən əlavə faktora çevrilməkdədir və nəticə etibarilə İran burada da uduzmuş sayılır. Hər bir halda, İran dövləti bütün bu sadalanan geosiyasi və geoiqtisadi ehtimallar içindən uduşlu çıxmaqdan ötrü yolunu yenə Ankaradan və Bakıdan salmağa məcbudur. Ümumi planda isə, bu projelərin də Rusiyanı az qayğılandırmadığı faktdır.

İran, əslində, öz mavi yanacağını qonşusu Azərbaycanda artıq işə düşən beynəlxalq qaz kəmərləri ilə Türkiyədən keçməklə Avropaya sata bilər. Bunun üçün qlobal əhəmiyyət daşıyan müvafiq infrastruktur mövcuddur. Hətta Azərbaycan hökuməti dəfələrlə siyasi mövqeyini bu şəkildə ifadə edib ki, Azərbaycanı Avropa ilə bağlayan qaz kəmərlərindən bölgənin təbii qazla zəngin ölkələri olan Türkmənistan və İran da istifadə edə bilər. Fəqət fars-molla rejimi öz qaz ehtiyatları hesabına Azərbaycanla Türkiyənin birlikdə əlavə geosiyasi və geoiqtisadi güc əldə etməsində, divident qazanmasında maraqlı deyil. Təbii, bu planda Rusiyanın da istəklərini nəzərə alan Tehran fərqli strategiyalar üzərində baş sındırır. Şübhəsiz, bütün bu yanlış gedişlər İran üçün yaxşı heç nə vəd etmir, o mənada ki, mollalar unudur ki, onları Azərbaycan və Türkiyə üzərindən dünya bazarına çıxaran real qaz kəmərlərindən uzaqda tutmaqla, Kremlin tələsinə düşmüş olacaqlar, bir sözlə, son nəticədə həm Əli aşından ola bilərlər, həm Vəli.

Rusiya hər nə qədər də Yaxın Şərqdə oyununu İranla birlikdə qurduğu görüntüsünü yaratsa da, zəngin İran qazının da Avropa bazarlarına çıxmasında maraqlı deyil. Əslində, rəsmi Moskva İranın hərbi potensialından həm İraqda, həm də Suriyada döyüş meydanlarında istifadə etməklə, zaman keçdikcə həm onu zəif salmaq, həm də öz planları yerinə oturana qədər ləngitmək niyyətindədir. Çünki bölgədə bütün daşlar yerinə oturanda, sular durulanda Tehranın kürəyinə ilk bıçağı elə Rusiyanın sancacağını ağlı başında olan hər kəs başa düşür. Azərbaycanla bağlı son geosiyasi intriqada, özünü çörəyi əlindən alınmış cığal uşaq kimi aparan Tehranın ağzını ovan Moskvanın eyni addımı digər məsələlərdə də nümayiş etdirməyəcəyinə zəmanət yoxdur. Tehran isə hələ də işə yaramayan bölgəsəl imperialist xislətinin qurbanı olmaqda davam edir və yersiz geosiyasi şıltaqlıqlar onlara proseslərə daha rasional yanaşmağa mane olur. Mənim düşüncəmə görə isə, hazırda Tehran üçün ən unikal çıxış və çözüm yolu kimi, 44 günlük Vətən Savaşından sonra yaranan yeni reallıqlar fonunda bölgənin geosiyasi və geoiqtisadi mənzərəsini dəyişə bilmək, güc balansını yenidən format etmək üçün təcili olaraq Ankara və Bakı ilə bir masaya əyləşməsi ciddi zərurətə çevrilib. Əhalisinin böyük qismi müsəlman olan Türkiyə və Azərbaycanla həm siyasi, həm də iqtisadi planda bütün tərəfləri razı sala biləcək uzlaşma nöqtələrinin tapılması İranı və dindaşları olan Türkiyə ilə Azərbaycanı Qərbin, Şimalın və hətta Şərqdə ciddi mənada boy göstərən Çinin mümkün təzyiqlərindən qoruya bilər. Ancaq bölgənin ağası olmaq iddiasından illərdir əl çəkməyən İranın həm atom bombasına sahib olmaq illüziyaları, həm də heç kimlə ittifaq olmağı yaxına buraxmamaq, əksinə bölgə ölkələrini özündən asılı vəziyyətə salmağa hesablanan yanlış siyasəti onu quyunun dibinə salıb, bütün geosiyasi və geoiqtisadi proseslərdən kənarda tutub. 21-ci əsrdə isə, radikal dini-ideoloji baza üzərindən hibrid təsiretmə rıçaqları ilə fərqli ölkələrdə formalaşdırdığı tərəfdaş qruplar, hətta silahlı terror alyansları vasitəsilə dövlətlərə təsir etmək, onların geosiyasi, regional iqtisadi planlarını pozmaq cəhdləri effekt verməyəcək.

İran bu gün coğrafi olaraq müsəlman ölkələri ilə həmsərhəddir və maraqlıdır ki, qonşu olduğu heç bir ölkə ilə siyasi-iqtisadi münasibətləri istənilən səviyyədə deyil, heç nə rəvan getmir, hər biri ilə mübasibətlərində müəyyən xoşagəlməz çatlar var. Əvvəlcə bunları düzəltməyə borclu olan İranın uzun illərdir ağır sanksiyalar altında əzilən, bərbad vəziyyətə düşən iqtisadiyyatını ayağa qaldırması, regional iqtisadi layihələrdə iştirak etməsi üçün Türkiyə və Azərbaycanla münasibətlərinə yenidən baxmasında, buradan yola çıxaraq gerçək müsəlman həmrəyliyi fonunda, bölgədə söz sahibi olmağa cəhd edən regiona yad güclər - Çin, Rusiya və Qərb üzərində gözlə görünə bilən üstünlük qazanması üçün real şansları var. Bundan ötrü Tehranın heç bir siyasi-iqtisadi perspektiv vəd etməyən Ermənistanla münasibətləri üzərindən regionda böyük dövlətlərin də xeyir-duası ilə başlanması zəruri olan ciddi layihələrə mane olmaq yerinə, Türkiyə və Azərbaycanın söz söz sahibi olduğu projelərə qoşulması ən düzgün seçim olacaq. Əhalisinin böyük bir hissəsi Azərbaycan türkləri olan İranı bu qarmaqarışıq çıxılmazlıqlardan xilas edəcək yeganə faktor Türkiyə və Azərbaycan üzərindən Avropaya açılmaqdır, bu şans qapısının onun üzünə bağlanıb bağlanmadığını gedişat göstərəcək. Ancaq burası dəqiqdir ki, Şiə pərdəsi altında mənimsədiyi fars şovinizmi sayəsində Türk düşmənçiliyini hər fürsətdə körükləməsi ona xeyirdən çox, ziyan gətirəcək.

Mirzə Rəşad Bakuvi Mirzə Rəşad Bakuvi

Mirzə Rəşad Bakuvi

Son xəbərlər
Bütün xəbərlər »