Dumanlı dağların başında durdum,
Dumandan özümə bir xeymə qurdum.
Keçdi xəyalımdan öz gözəl yurdum
Dumanlar başımda dastana döndü....
Gözəl ifası ilə yaddaşlara yazılan şəhidimiz Xudayar Yusifzadənin şəhidlik zirvəsinə ucaldığı gündür. Düz bir il əvvəl, İkinci Qarabağ savaşından torpaqlarımız uğrunda qəhrəmancasına döyüşən 22 yaşlı Xudayar, gülərüzü və gözəl ifası ilə hələ uzun illər yaddaşlarımızda yaşayacaq.
Xudayar Yusifzadə, 1998-ci il iyulun 15-də Bərdənin Qazıqurdalı kəndində doğulub. Dünyaya gəldikdən 24 gün sonra atası dünyasını dəyişən Xudayar nənəsinin himayəsində böyüyüb. Uşaqlıqdan musiqiyə həvəsi olan balaca Xudayar, Bərdə 1 saylı uşaq musiqi məktəbinin xanəndəlik ixtisası üzrə bitirir. Musiqiçi də ola bilərdi əslində. O isə ürəyinin səsini dinləyir və hərbçi olur. Hərbi xidmətini başa vurduqdan sonra kiçik gizir hərbi rütbəsini alaraq sərhədlərin keşiyində dayanır.
Döyüş yoldaşları Xudayarın ən böyük arzusunun Şuşanı görmək olduğunu danışırmış. Amma Şuşanı görmək, 22 yaşlı Xudayara qismət olmur. Oktyabrın 22-də Zəngilan uğrunda gedən döyüşlərdə Ağbənd istiqamətində qəhrəmancasına şəhid olur.
Gənc şəhidimizin ifaları, onun ölümündən sonra sosial şəbəkələrdə paylaşılır. Hamı, müharibənin və qan-qadanın içində olmasına baxmayaraq üzündən əskik olmayan təbəssümünə baxaraq qürur duyur ki, bu vətənin Xudayar adlı övladı olub.
Xudayar Yusifzadə Bərdə Şəhidlər Xiyabanında dəfn edilib. Ölümündən sonra ölkə başçısının sərəncamı ilə "Azərbaycan Bayrağı" ordeni, "Vətən uğrunda" medalı, "Zəngilanın azad olunmasına görə" medalı ilə təltif edilir.
Xudayar şəhid olduqdan sonra onun ifasında "Vətən yaxşıdır" - "Xudayar" təsnifi orenjeman olunub və Abbas Bağırov tərəfindən duet şəklində səsləndirilib.
44 günlük müharibə Azərbaycanın qələbəsi ilə başa çatdı. 30 ildən çox düşmən tapdağı altında olan torpaqlarımız işğaldan azad edildi. Torpaq uğrunda, Xudayar və onun kimi minlərlə igid şəhid oldu. İllər keçəcək, amma bu Vətən Xudayarı və onun kimi şəhid olmuş oğullarını heç bir zaman unutmayacaq.
Ölüm Allah əmridir. Kimi avtomobil qəzasında ölür, kimi xəstəlikdən və s. digər səbəblərdən. Amma qəhrəmancasına şəhidlik zirvəsinə ucalmaq hər kəsə nəsib olmur. Şəhidlər Allahın seçdiyi insanlardır. Allah onları seçərək yüksək zirvəyə şəhidlik zirvəsinə ucaldır. Xudayar da yüksəklərdədir. Zirvələrdən baxıb sevildiyi üçün qürur duyur, gülümsünür.
Allah bütün şəhidlərə rəhmət eləsin, sənə də nur üzlü şəhidim. Rahat uyu, unudulmursan!
İlahin, Bizimyol.info