Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yol polisi işini itirməmək üçün əməlini atasının üstünə atır”
“Yol polisi işini itirməmək üçün əməlini atasının üstünə atır”

Oktyabrın 9-da Goranboy rayonunun Xan Qərvənd kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Hadisə nəticəsində Xan Qərvənd kənd sakini Pərviz Rəfi oğlu Abbasov vəfat edib.

Bizimyol.info xəbər verir ki, Pərviz Abbasovun ailə üzvləri də hadisə zamanı yaralanıb. Onun azyaşlı uşaqları və həyat yoldaşı ağır bədən xəsarətləri ilə Gəncə şəhərində xəstəxanaya yerləşdirilib.

Qəzada həyatını itirən Pərviz Abbasovun atası Rəfi Abbasov bu hadisə ilə bağlı qeyri-obyektiv araşdırmadan narazıdır. O, iddia edir ki, qəzanı törədən şəxs gizlədilir, onun əvəzinə başqası məsuliyyətə cəlb olunur.

Rəfi Abbasovun sözlərinə görə, hadisəni törədən Tərtər rayon Polis Şöbəsinin əməkdaşı, yol polisi inspektoru İmran Hüseynovdur: “Bizim əldə etdiyimiz məlumata görə, hadisəni törədən polis əməkdaşı həmin gün toyda olub, spirtli içki qəbul edib. Belə bir vəziyyətdə nəqliyyat vasitəsini yüksək sürətlə idarə edib. Sürət həddi saatda 200 kilometrə qalxıb. Hadisədən sonra da qaçıb, yaralılara yardım etməyib. İndi onun polisdəki işi əlindən çıxmasın deyə, hadisəni atası Arif Hüseynovun üzərinə qoyurlar”.

Rəfi Abbasovun deyir ki, Hüseynovların yaxın qohumu Goranboy rayon Polis Şöbəsində işləyir və bu planlarını da onun vasitəsilə həyata keçirməyə çalışırlar.

Rəfi Abbasov məsələ ilə əlaqədar Daxili İşlər naziri Vilayət Eyvazova da müraciət edib.

“Mənim evim yıxılıb, ailəm məhv olub. Amma bunlar vəzifə itirmək hayındadır. Bu nə vicdana sığar, nə əxlaqa…”, - Rəfi Abbasov əlavə edib.

Goranboy rayon Polis Şöbəsindən isə istintaqın davam etdiyi, hadisənin obyektiv araşdırıldığı bildirilib.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »