Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Artıq İran Azərbaycana qarşı səhv etdiyini başa düşüb"
"Artıq İran Azərbaycana qarşı səhv etdiyini başa düşüb"

Sədrəddin Soltan: “İran Azərbaycanın iqtisadi-ticari dövriyyəsində aparıcı tərəfdaş deyil”

Son dövrlər Azərbaycanla İran arasında münasibətlərin gərginləşməsi iqtisadi-ticarət münasibətlərinə də mənfi təsir göstərməkdədir. Ötən ayın ortalarında İİR Silahlı Qüvvələri Azərbaycan sərhəddində hərbi təlimlər keçirdi. Bunun ardınca da bəzi İran rəsmiləri, diplomatları və deputatları Azərbaycanla bağlı kəskin bəyanatlar və fikirlər səsləndirdilər və daxili işlərimizə müdaxilə edən açıqlamalar verdilər. Bu amillər də tərəflər arasındakı münasibətləri daha da gərginləşdirdi. Beynəlxalq iqtisadi təhlilçilər belə hesab edirlər ki, bu, iki ölkənin ərazisində və regionda sabitliyə böyük zərbədən başqa, böyük bir böhranın yaranmasına, həm də tərəflər üçün mümkün iqtisadi itkilərin artmasına səbəb ola bilər.

Qeyd edək ki, iki ölkə arasında uzun illərdir mövcud olan idxal-ixrac əməliyyatları digər illərə nisbətə bu il bir qədər zəifləyib.

Diqqətə çatdıraq ki, Azərbaycanın İrana həyata keçirdiyi ixrac əməliyyatları sırasında xam neft və təbii qaz mühüm yer tutur. Təkcə bu ilin yanvar-sentyabr aylarında İrana 169 milyon 395 min ABŞ dolları həcmində ixrac həyata keçirilib. Ancaq ixrac olunan qeyri neft-qaz məhsullarının ümumi həcmi 21 milyon 058 min dollar təşkil edib ki, bu da ümumi ixraca nisbətən 0.14 faiz deməkdir. Qonşu ölkəyə ixrac olunan qeyri neft-qaz məhsulları içərisində pambıq mühüm yer tutur. Belə ki, cari dövrdə bu ölkəyə 4,3 milıyon ABŞ dolları dəyərində pambıq göndərilib ki, bu da ümumi ixracın 21,47 faizini təşkil edir. İxrac məhsulları arasında ipək (dəyəri 1.41 milyon ABŞ dolları), qara metaldan hazırlanan məmulatlar (dəyəri 1,12 milyon dollar), dənli bitkilər (dəyəri 1,08 milyon dollar), heyvanlar üçün hazır yemlər (dəyəri 1,03 milyon dollar) və digər məhsullar üstünlük təşkil edir.

Cari dövrdə İİR-dan Azərbaycana 272 milyon 208 min dollarlıq qeyri-neft məhsulları idxal olunub ki, bu da ümumi idxala nisbətən 3.26 % təşkil edir. İdxalda əsas ölkələr arasında 8-ci yerdə dayanır.

Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Sədrəddin Soltan Bizimyol.info saytına açıqlamasında, son 1 ildə bu ölkənin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı həyata keçirdiyi siyasətini qarşılqılı münasibətləri daha da zəiflətdiyini söyləyib.

Sədrəddin Soltan Sədrəddin Soltan

Son 9 ay ərzində tərəflər arasında ticarət dövriyyəsi 4 milyon dollara çatdığını söyləyən ekspertin sözlərinə görə, bu məbləğ daha çox ola bilərdi: “Ancaq son dövlərdə Tehranın davranışları Azərbaycan kimi zəngin bazarda onlar üçün ciddi problemlər yaradır və iqtisadiyyatlarına pis təsir edir. İranın Azərbaycan ərazisindən tranzit xətt kimi istifadə etməsi və buna alternativ olaraq Ermənistanın seçilməsi də əlaqələri daha da zəiflədib. Ancaq məlumdur ki, Ermənistan heç zaman Azərbaycanın bazarına, iqtisadiyyatına və digər sahələrinə alternativ ola bilməz. Ümid edirik ki, bundan sonra İran səhvlərini başa düşərək məsələlərə daha aydın şəkildə yanaşacaq, Azərbaycanla iqtisadi-ticari münasibətlərini yenidən inkişaf etdirməyə cəhd edəcək”.

Onun sözlərinə görə, İranın istehsal edərək Azərbaycana idxal etdiyi məhsullar həm daxili tələbatımızın ödənməsi üçün kifayət etmir, həm də Azərbaycan istehlakçılarının itefadə etdiyi məhsullarla müqayisədə çox geri qalır: “Belə ki, 20-30 il əvvəl biz İrandan istənilən məhsulları ala bilirdik. Çünki, ölkəmizdə iqtisadi vəziyyət çox gərgindi, alıcılıq qabiliyyəti çox aşağı idi və istehsalat sahələri iflic vəziyyətinə düşmüşdü. Buna görə ordan aşağı keyfiyyətə malik məhsulları almağa məcbur idik. Ancaq sonrakı illərdə ölkə iqtisadiyyatında baş verən sürətli inkişaf bu ölkəyə olan tələbatımızı azaltdı və onların istehsal etdiyi keyfiyyətsiz imtinaya səbəb oldu. Hətta bir neçə il əvvəl Ermənistan da İranda istehsal olunan tikinti materiallarından imtina etdi və bu materialları Türkiyədən almağa üstünlük verdi. Çünki qardaş ölkədə istehsal olunan bütün məhsullar texnoloji cəhətdən yüksək keyfiyyətə malikdir”.

Əvvəllər İrandan ölkəmizə əsasən yeyinti məhsulları və gündəlik təlabat mallarının idxal olunduğunu xatırladan S.Soltan, bu məhsulların bir qisminin ölkəmizdə istehsal edildiyini, bir qisminin isə Türkiyədən alındığını vurğuladı: “Artıq Azərbaycan İrandan bu sahədəki asılılığını minimuma endirib. Son bir il ərzindəki pandemiyadan və sərhədlərin bağlı saxlanılmasından sonra yaranan şərait göstərdi ki, İran Azərbaycanın iqtisadi-ticari dövriyyəsində aparıcı tərəfdaş deyil. Son hadisələr isə göstərdi ki, Azərbaycan bu ölkəsiz də yaşaya bilər, ancaq İran Ermənistanla bütün münasibətləri kəssə, Ermənistan əhalisi ac qalacaq”.

Ümumiyyətlə İrandan idxalın 1/3-ni və ya 151 milyon dollarını təbii qaz təşkil edir. Hazırda Naxçıvanın təbii qaza olan tələbatı İrandan idxal hesabına ödənilir.

Bu məsələyə toxunan həmsöhbətimiz qeyd etdi ki, iki ölkə arasında təbii qaz mübadiləsi bağlı anlaşma mövcuddur: “İran bu gün qaz hasilatına və ixracına görə dünyanın aparıcı dövlətlərindən biri olsa da, ölkənin qazlaşdırılmasında geri qalır. Xüsusilə də sərhədyanı bölgələrinin qazla təminatı ölkəmizdən idxal etdiyi təbii qazın hesabına həyata keçirilir. Azərbaycan bu gün öz qazını satmaq üçün rahat şəkildə alıcı tapa bilir. Sadəcə, həm qonşuluq siyasəti, həm də bu ölkədə milyonlarla Azərbaycan türkünün yaşaması kimi amillərə görə öz qazını bu ölkəyə satırdı”.

Ancaq son dövrlərdə İran iri yük maşınları qanunsuz yollarla azad olunmuş ərazilərə keçir və oradan Xankəndinə, sonra isə Yerevana və digər Ermənistan şəhərlərinə hərəkət edirdilər. Buna kəskin etirazla qarşılıq verən rəsmi Bakı yük avtomobillərin qarşısını kəsdi və onların Qarabağ vasitəsilə Xankəndinə keçməsinin qarşısını aldı.

İranın Ermənistanla birlikdə Qafan-Gorus yoluna alternativ yol çəkmək istəıdiyini söyləyən həmsöhbətimiz bildirdi ki, onlar həmin yolla Gürcüstana, oradan da Avropaya çıxacaqlarını güman edirlər: “Amma bu yol üçün külli miqdarda maliyyə vəsaiti lazımdır ki, bu da nə İranda, nə də Ermənistanda var. Onlar sadəcə Qafan-Gorus istiqamətində sabir yol çəkmək istəyirlər ki, bu da geniş bir layihəyə çevrilə və həyata keçirilə bilməyəcək. Ermənistan bu gün artıq dalana dirənib və heç hara çıxışı qalmayıb. İranın bu ölkə ilə istənilən layihəsi uğursuzluğa düçar olacaq. Artıq rəsmi Tehran səhv addımlar atdığını etiraf etməyə başlayıb. Məsələn, dünən İranın Yollar və Nəqliyyat Agentliyinin nəqliyyat şirkətlərinə bu istiqamətdə fəaliyyətlərini dayandırmaları ilə bağlı göstəriş verməsi də səhvə yol verdiklərini sübut edir. Tehranda artıq başa düşürlər ki, Gorus-Qafan yolunun bəzi hissələri hazırda Rusiya sülhməramlı qüvvələrinin nəzarətində olsa da, Azərbaycanın tərkib hissəsidir. Ora rəsmi Bakının icazəsi olmadan daxil olaraq fəaliyyət göstərmək mümkün deyil. Bunu artıq həm İran, həm də aparıcı dünya dövlətləri də açıq şəkildə görür”.

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »