Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi, general-polkovnik Arzu Rəhimov Türkiyə Respublikasının Azərbaycan Respublikasındakı hərbi attaşesi general-mayor Zekeriya Yalçın ilə görüşüb.
Bizimyol.info xəbər verir ki, bu barədə Dövlət Xidmətindən verilən məlumatda bildirilib.
Qeyd olunur ki, general-polkovnik Arzu Rəhimov ölkəmizdə fəaliyyətə başlaması münasibətilə yeni təyin olunan hərbi attaşeni təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Azərbaycanda hərbi attaşe kimi fəaliyyət göstərəcəyindən məmnunluğunu ifadə edən general-mayor Zekeriya Yalçın iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişafının yüksək səviyyədə olduğunu bildirib.
Görüşdə Azərbaycan-Türkiyə arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb, hərbi sahədə əməkdaşlıq, o cümlədən hərbi xidmətə çağırış və səfərbərlik sahəsində təcrübə mübadiləsinin daha da genişləndirilməsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.