Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İran burada özünün 5-ci kolonunu da formalaşdırıb"
"İran burada özünün 5-ci kolonunu da formalaşdırıb"

İkinci Qarabağ Müharibəsindən sonra Azərbaycana qarşı münasibətlərində öz dostluğunu və sıx əməkdaşlığını daha da gücləndirən bir sıra Qərb dövlətləri və eləcə də qonşu dövlətlərlə yanaşı, təəssüf ki, münasibətlərində getdikcə soyuqlaşan və Azərbaycana qarşı çox zaman kəskin mövqe sərgiləyən bir çox dövlətlər də oldu. Onlardan biri də siyasi-iqtisadi münasibətlərimizin dərin tarixi kökə malik olduğu cənub qonşumuz İrandır.

İranda yaşayan otuz milyonun üzərində azərbaycanlı, hər iki dövlətin bir-birinə qarşı siyasi, iqtisadi və sosial münasibətlərində yönləndirici və əsas amil təşkil edən məsələlərdəndən biri olub. Lakin İkinci Qarabağ Müharibəsi zamanı İran-Azərbaycan sərhədindən qanunsuz hərbi nəqliyyat vasitələrinin Ermənistana, eləcə də qızğın müharibənin getdiyi Qarabağ torpaqlarına daşınması, iki dövlət arasında müharibədən sonra getdikcə daha da soyuqlaşan siyasi münasibətlərin əsasını qoydu. Nəqliyyat vasitələrinin dövlət sərhədindən qanunsuz nəqlinin videomateriallarla isbatını qəbul etməyən İran tərəfi, müharibədən sonra da öz din adamları və dövlət rəsmiləri vasitəsilə Azərbaycana qarşı müəyyən siyasi və dini təzyiqləri artırmaqda davam etdi. Belə ki, İran Ali dini rəhbərinin Ərdəbil üzrə nümayəndəsi və imamcüməsi Ayətullah Seyid Həsən Amilinin Azərbaycana qarşı işlətdiyi “şirin quyruğu ilə oynamasınlar” ifadəsi Azərbaycan tərəfindən qarşılıqsız qalmadı və ölkə Prezidenti həmin ittihamlara gərəkli cavabı verərək, bildirdi ki, İranın hansısa əyalət mollası ağzını açıb Azərbaycana qarşı iftiralar uydura bilməz: “Əfsuslar olsun ki, rəsmi şəxslər, bizə qarşı əsassız ittihamlar irəli sürməyə başlamışlar. Guya ki, Azərbaycan bu bölgələrə İsraili gətirib. Gözlərini açsınlar, görsünlər. Bunlar İsraili burada harada görüblər?! Burada bir adam da yaşamır. Burada bir bina da yoxdur. Sübutlar var? Yoxdur. Sübutlar yoxdursa, hər kəs gərək dediyi sözlərə görə cavabdehlik daşısın. Biz imkan verə bilmərik ki, bizə qarşı kimsə əsassız iftira uydursun".

Prezident İlham Əliyevin müəyyən xarici və daxili media qurumlarına müsahibəsi zamanı İranla bağlı verilən suallara qətiyyətlə və birmənalı cavablar verməsi, iranlı din rəhbərlərinin Azərbaycana qarşı yersiz ittihamlarına cavab verməli olan bir qrup azərbaycanlı axundların, nüfuzlu din xadimlərinin, eləcə də Qafqaz Müsəlmanları İdarəsi rəhbərliyinin öz susqunluğundan əl çəkib ən azından müəyyən mövqe bildirməsinə səbəb oldu.

Son zamanlar baş verən bəzi hadisələr, xüsusilə də Hüseyniyyə məscidinin qapadılması, Hacı İlqar İbrahimoğlunun və onun timsalında müəyyən nüfuzlu din adamlarının Dövlət Təhlükəsizliyi tərəfindən müvəqqəti saxlanması, 2015-ci ildə aparılmış Nardaran əməliyyatının davamı kimi görünür və bununla Azərbaycan hakimiyyəti, İrana və onun ölkəmizdəki müəyyən şəbəkələrinə mesaj verir.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

“Atlas Araşdırmalar Mərkəzi”nin rəhbəri Elxan Şahinoğlu Bizimyol.info saytına bildirib ki, Azərbaycan İranın daxili işlərinə heç zaman qarışmayıb, ancaq İran tərəfi otuz ildir ki, Azərbaycanın daxili məsələlərinə müdaxilə edir: “Mənə elə gəlir ki, bu, siyasi bir addım idi. Ermənistan-Azərbaycan müharibəsi zamanı Güney Azərbaycanın bəzi şəhərlərində - Təbrizdə və  Ərdəbildə Azərbaycana dəstək aksiyaları keçirildi. Çox təəssüf ki, İran polisi və xüsusi xidmət orqanları dəstək aksiyalarını keçirənlərin bir qismini həbs etdilər. İndi də həbsdə olanlar var. Azərbaycan, heç zaman İranın daxili işlərinə qarışmayıb, amma İran son otuz ildə Azərbaycanın daxili işlərinə kifayət qədər qarışıb. Hətta özünün burda 5-ci kolonunu da formalaşdırıb. Biz isə İranın daxili işlərinə heç bir zaman qarışmadıq. İranda yaşayan azərbaycanmeyilli insanlara dövlət səviyyəsində və lap elə gizli yollarla dəstək verilmədi, mənəvi dəstək isə hər zaman olub. Amma son hadisələr göstərir ki, İran tərəfindən ölkəmizin daxili işlərinə müdaxilələr artırılıb və onlar ağızlarına gələni danışırlar. Mənə elə gəlir, İnsan Haqları Təşkilatının İrandakı vəziyyətlə bağlı verdiyi bəyanat Azərbaycan hakimiyyətinin xeyir-duası ilə hazırlanmışdı və bu, doğru strategiya idi. Son dindirilmələrə gəldikdə, bu da bir siyasi mesajdır. Əslində bununla rəsmi Bakı, Azərbaycan cəmiyyətinə və İrana bir işarə verdi ki, biz sizin adamlarınızı tanıyırıq, onların kim olduğunu bilirik. Bu, həm onlara da xəbərdarlıqdır, ona görə ki, İranla münasibətlərdə ehtiyatlı olsunlar. Həm də İrana xəbərdarlıqdır ki, adamlarınızı tanıyırıq və necə ki, siz Azərbaycana dəstək verən insanları həbs etmisiniz, biz də eyni addımı burda ata bilərik”.

Siyasi epskert Azərbaycanla-İran arasında kəşfiyyat müharibəsinin gedib-getməsinə də reaksiya bildirib: “Azərbaycanla İran arasında kəşfiyyat müharibəsi 30 ildir ki, gedir. İran kəşfiyyatı, Azərbaycanda hər zaman fəal olub. Məzhəb, təhsil və media qollarından müəyyən təzyiqlər göstərilib. Gəlin, faktlarla danışaq; otuz il ərzində İran kəşfiyyatına çalışan nə qədər azərbaycanlı həbs olunub? Hansı ki, bizim öz vətəndaşlarımızdır. İndi isə gəlin, baxaq görək, İranda Azərbaycana çalışan bir kəşfiyyat nümayəndəsi həbs olunubmu? Yox. Bu, nədən xəbər verir? Biz qonşumuzun daxili işlərinə heç bir zaman qarışmamışıq. Bəs İran niyə daxili siyasətimizə qarışıb? Ona görə ki, istəyib Azərbaycan ona itaət etsin. Çünki İranda yanlış olaraq düşünürlər ki, bütün şiə-müsəlman ölkələri İrana itaət etməlidir. Necə ki, Livan itaət edir, hansı ki, orada Hizbullah şiə qruplaşması mövcuddur, Suriyada Bəşər Əsəd rejimi, Yəməndə silahlı qruplaşmalar və s. Amma Azərbaycan bu yolu getmir, bizim üçün məzhəb vacib element deyil və biz öncəliklə təhlükəsizlik maraqları ilə çıxış edirik və təhlükəsizlik maraqları əsasında da Türkiyə, Pakistan və İsraillə də əməkdaşlıq edirik. Bu isə İranın xoşuna gəlmir. Ona görə də, bəzən kobud surətdə Azərbaycanın daxili işlərinə müdaxilə edirlər. Azərbaycan isə İranla münaqişə istəmir, əksinə, İranla qonşuluq və dostluq münasibətlərinin qurulmasını istəyir. İstəyir ki, İranla ortaq layihələrdən, əməkdaşlıqlardan danışaq. Ancaq İran yenə əvvəlki kimi daxili işlərimizə müdaxilə edərsə, Qarabağa hərbi yüklər daşıyarsa, əlbəttə ki, münasibətlər heç bir zaman normallaşmayacaq. İrana simpatiyası olan insanlar düşünməlidirlər ki, bir ölkə ki, sənin torpağını işğal edən dövlətə dəstək verir, onunla ciddi əlaqələr qurur, ona necə sitayiş etmək olar?

İranla Azərbaycan arasındakı təhsillə bağlı əməkdaşlığa gəldikdə, burada ciddi məhdudiyyətlər qoyulmalıdır. Təhsil siyasətinə də yenidən diqqət yetirməliyik. Burda təkcə təhsil yox, səhiyyə məsələsi də var. Təəssüf ki, bizim səhiyyəmiz o qədər bərbad gündədir ki, sərhəd rayonların vətəndaşları, eləcə də kasıb təbəqədən olan vətəndaşlar da gedib İranda müalicə alırlar. O təbəqə, sanki İran səhiyyəsindən asılı vəziyyətə düşüb. Təbii ki, bu da yaxşı hal deyil. Biz öz səhiyyəmizi də düzəltməliyik ki, İrana ehtiyacımız qalmasın, vətəndaşlarımız məhz öz ölkəmizdə müalicə olunsunlar. Bu problemlər də bir qrup vətəndaşın İrandan asılılığını artırır. Bunun özü də Milli Təhlükəsizlik məsələlərinə aiddir”,– deyə, siyasi ekspert bildirib.

Mətin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »