Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ermənistan qarşılıqlı addımlar atmaqdan boyun qaçırır"
"Ermənistan qarşılıqlı addımlar atmaqdan boyun qaçırır"

Elxan Şahinoğlu: “Rəsmi İrəvan hələ də azərbaycanlı əsirlərlə bağlı məlumatları gizlədir”

Oktyabrın 19-da axşam saatlarında Bakıda saxlanılan daha 5 erməni diversantı Ermənistana təhvil verib. Bu barədə məlumat yayan erməni mediası, proses Rusiya sülhməramlı kontingentinin keçmiş komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə baş tutduğunu açıqlayıb. Qaytarılanlar Ambardanyan Mels Karapetoviç, Karapetyan Rafik Robertoviç, Manukyan Jora Vanoeviç, Manukyan Ovsep Robertoviç, Soqomonyan Sedrak Samveloviçdir.

Məsələ ilə bağlı fikirlərini Bizimyol.info saytına açıqlayan “Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, Azərbaycan müxtəlif vaxtlarda əsir düşmüş diversantların bir hissəsini Ermənistana təhvil verib: “Azərbaycan tərəfi tez-tez vurğulayır ki, 9 noyabrdan sonra ələ keçirilən erməni əsgərləri də əsir statusundadır və bununla belə, biz onları geri qaytarırıq. Əgər onların hər hansısa birinin əli bizim əsgərlərimizin və yaxud mülki vətəndaşlarımızın qanına batmayıbsa, xoşməramlı olduğumuzu göstərərək geri qaytarırıq. Amma dövlətimiz Ermənistandan bunun qarşılığında zəruri addımların atılmasını gözləyir. Dövlətimiz üçün milli və təhlükəsizlik maraqlarının təmin olunması daha önəmlidir. Əgər bu maraqlar təmin olunacaqsa və İrəvan da qarşılıq addımlar atacaqsa, rəsmi Bakı da bunun cavabını verəcək və digər əsirləri də geri qaytarmağa davam edəcək”.

Elxan Şahinoğlu Elxan Şahinoğlu

Qeyd edək ki, hazırda Ermənistanda I Qarabağ müharibəsi zamanı əsir və girov düşmüş xeyli sayda vətəndaşlarımız var. Rəsmi Bakının hərbi əsirləri geri qaytarması müqabilində onların da ölkəmizə təhvil verilməsi məsələsi gündəmdə saxlanılımı?

Politoloq, onların geri qatarılması məsələsinin də hər zaman gündəmdə saxlanıldığını diqqətə çatdırdı: “Hələlik rəsmi İrəvan bu barədə faktları gizlədir və onlarda belə bir məlumatın olmadığını iddia edir. Olsa da belə, çoxunun sonrakı illərdə dünyasını dəyişdiyini bildirir. Əgər belə bir fakt varsa, bunu da təsdiq etməlidirlər. Bu baxımdan da qarşı tərəfdən addımların atılmasını gözləyirik. Əsir və gürov düşmüş şəxslərin taleyi, xüsusilə də ad, soyadları ilə bağlı bütün məlumatları və hətta onların şəkillərini Ermənistana və beynəlxalq təşkilatlara verməliyik ki, onları axtarsınlar və harada olduqlarını bizə bildirsinlər. Yaşayırlarsa, harda olduqları, ölüb və ya həlak olublarsa, hansı şəraitdə dəyişmələri ilə bağlı dövlətimizə hesabat verməlidirlər. Bu proseslərin hamısı qarşılıqlı həyata keçirilməlidir”.

Politoloq düşünür ki, Azərbaycanın gördüyü işlər qarşılığında Ermənistanın heç bir addım atmaması mümkün deyil: “Əgər qarşı tərəfdən də qarşılıqlı addımlar atılmasa, rəsmi Bakı bütün prosesləri dayandırmağa məcbur olacaq. Bu zaman da iki ölkə arasında gərginlik davam edəcək. Bu da təbii ki, dövlətimizin maraqlarına uyğun olmayacaq. Çünki biz bölgədə sülh və qarşılıqlı əməkdaşlığın başlanmasında maraqlıyıq. Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanıyarsa, rəsmi Bakı da bu ölkənin ərazi bütövlüyünə hörmət bəslədiyini və tanıdığını bəyan edəcək”.

Onun fikrincə, əsas odur ki, üçtərəfli sülh sazişinin üzərində iş getsin və sərhədlərin müəyyənləşdirilməsi ilə bağlı addımlar atılsın: “Amma istər sülh sazişi, istər sərhədlərin delimitasiyası, istər dəhlizlərin açılması, istərsə də, əsir və girovla bağlı bütün tələblər bu gün də gündəmdə olsa da, Ermənistan heç bir addım atmır. Baş nazir Nikol Paşinyan bəzi addımların atılacağı ilə bağlı vədlər versə də, heç biri hələ də reallaşmayıb”.

Qeyd edək ki, 5 erməni əsirinin geri qaytarılması ilə bağlı bəzi maraqlı məqamları açıqlanıb. Belə ki, qaytarılanlar konkret cinayət əməlinə görə ittiham olunublar. Məsələn, Karapetyan Rafik Robertoviç, Soqomonyan Setrak Samveloviç, Ambardanyan Mels Karapetoviçin cinayət işi (digərləri ilə birgə) Azad Məcidovun sədrliyi ilə Ağır Cinayətlər Məhkəməsində aparılıb. Onlar CM-in 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və 228.3-cü (mütəşəkkil dəstə tərəfindən qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə suçlu biliniblər. 23 iyul 2021-ci ildə barələrində 6 il müddətinə həbs qərarı verilib. Manukyan Ovsep Robertoviçin (digərləri ilə birlikdə) cinayət işi hakim Faiq Qəniyevin sədrliyi ilə Ağır Cinayətlər Məhkəməsində sübut olunub. O da CM-nin Məcəlləsinin 228.3-cü və 318.2-ci maddələri ilə təqsirli bilinib. 29 iyul tarixində barəsindən hökm verilib, 6 il cəza alıb. Manukyan Jora Vanoeviçin (və digərlərinin) cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Eldar İsmayılovun sədrliyi ilə baxılıb. CM-in 228.3-cü və 318.2-ci maddələri ilə təqsirli bilinib, 22 iyulda barəsində 6 il həbs cəzası çıxarılıb.

Rövşən Ziya, Bizimyol.İnfo

Son xəbərlər
Bütün xəbərlər »