Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Zəhərlənmə əlaməti bir saata da ortaya çıxa bilər, 5 günə də"
"Zəhərlənmə əlaməti bir saata da ortaya çıxa bilər, 5 günə də"

Qax rayonunda daha iki ailənin altı üzvü göbələkdən zəhərlənib. Belə ki, ötən gün axşam saatlarında rayonun Ləkit kənd sakinləri olan bir ailənin üzvləri, 1966-cı il təvəllüdlü Məlik Məsim oğlu Şıxamirov və onun həyat yoldaşı 1972-ci il təvəllüdlü Pəri Qurban qızı Şıxamirova, ailənin gəlini 1996-cı il təvəllüdlü İlhamə Şıxamirova və ailənin övladı 2005-ci il təvəllüdlü Mehri Məlik qızı Şıxamirova zəhərlənmə əlamətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına daxil olublar. Müayinə zamanı Şıxamirovlar ailəsinin göbələk yedikdən sonra zəhərləndiyi məlum olub. Hazırda Şıxamirovlar ailəsinin müalicəsi xəstəxanada davam edir.

Bundan əlavə, şəhər sakinləri olan Eldar Əfəndiyev və onun həyat yoldaşı Səyyarə Məmmədova da göbələk zəhərlənməsi ilə Qax RMX-a müraciət ediblər. Eldar Əfəndiyevin vəziyyəti yüngül olduğundan ona ilkin yardım göstərildikdən sonra evə buraxılıb və onun həyat yoldaşı Səyyarə Məmmədovanın müalicəsi xəstəxananın Reanimasiya şöbəsində davam etdirilir.

Qeyd edək ki, ötən ay Qaxın Tasmaslı kəndində bir ailənin bir neçə üzvü göbələkdən zəhərlənmişdi. Kənd sakini Mübariz Qasımov, onun oğlu 12 yaşlı Murad Qasımlı və 9 yaşlı qardaşı oğlu İbrahimxəlil Qasımzadə göbələkdən zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti ağır olduğundan Bakıda yerləşən Respublika Toksikologiya Mərkəzinə köçürülüblər. Zəhərlənən 12 yaşlı M.Qasımlı xəstəxanaya çatan zaman, 9 yaşlı İ.Qasımzadə isə gecə saatlarında dünyasını dəyişib.

Qida zəhərlənmələri arasında, göbələk zəhərlənmələri daha təhlükəli hesab edilir. Bir çox göbələk növləri zəhərli olduğu üçün, hər göbələyi yemək sağlamlıq üçün həyati təhlükə daşıyır.

Göbələk güvənli yerdən alınmalı, yedikdən sonra ürəkbulanması, qusma kimi əlamətlər varsa, dərhal həkimə müraciət edilməlidir.

Mütəxəssislərin fikrincə, göbələk zəhərlənmələri yaz və payız aylarında daha çox baş verir. Göbələklər, rütubətli mühitləri çox sevir. Göbələyi yedikdən 2-24 saat içində zəhərlənmə meydana gələ bilər. Bu da göbələyin növü, tərkibində olan zəhər və ya üzərində olan bakteriyalarla əlaqəlidir. Hər göbələyin təsiri fərqlidir. Bu gün marketlərdə satılan göbələklər zəhərsizdir. Ancaq təbiətdə yetişdirilən göbələklərdə müxtəlif zəhər çeşidləri var.

Həkim terapevt Xatirə Əhmədova Bizimyol.info saytına açqılamasında bildirib ki, göbələk zəhərlənmələri orqanizmə və orqanlara müxtəlif təsirlər göstərə bilir. Bəzisi sinir sisteminə, bəzisi ağciyərlərə, bəziləri isə böyrəklərə təsir edir.

  • Bəzi göbələklərin tərkibində olan muskarin zəhəri, sinir sistemini oyandırararaq təzyiqi salır, göz bəbəklərində böyümə, görmə qabiliyyətinin azalması, nəfəs çatışmazlığına səbəb olur. Bədənimizin parasempatik sistemini oyandırararaq bölgə zəhərlənməsi yaradır.
  • Fallotoksin və yaxud amatoksin zəhəri olan göbələklər, qaraciyər və böyrəkləri çürüdür.
  • Korpin adlı zəhərin olduğu göbələk isə spirtli içki ilə qəbul edildiyi zaman, spirtli içkidən zəhərlənməyə səbəb olur. Bu zaman, xəstənin üzü qızarır və qusmağa başlayır.

Bəzi göbələklərdə olan zəhərlər, ilan zəhəri qədər təhlükəli ola bilər. Göbələk zəhərlənməsi; göbələyin növünə, tərkibində olan zəhərə və qəbul edilən göbələyin miqdarına görə dəyişir. Bəzi göbələklərdən bir dənə yemək belə, ölümə səbəb ola bilər. Bəzi göbələklərdən yüzlərlə yemək belə, az zəhərlənmə ilə nəticələnə bilir. Göbələk zəhərlənməsi, müalicə edilmədikdə öldürür. Göbələk zəhərlənməsi, eynən ilan sancması təsirinə malikdir. Çünki ilan zəhərlənməsi də sinirə təsir edir.

Göbələyi yedikdən sonra hansı müddətə zəhərlənmə əlamətləri görünə bilər?

Həkim bildirir ki, göbələk zəhərlənməsi zamanı, əlamətlər müxtəlif zamanlarda ortaya çıxa bilər: "Zəhərlənmə əlaməti bir saata da ortaya çıxa bilər, 5 günə də. Bəzən təbiətdə yetişən və xalq tərəfindən zəhərsiz olduğu düşünülən göbələklər, çox yeyildiyi zaman ürək bulanma, qusma və ishal kimi əlamətlər ortaya çıxa bilər. Bunun səbəbi göbələklərin üzərində olan bakteriyalardır"...

Göbələklər yaxşı yuyulmadığı zaman üzərində qalan bakteriyalar, ağır metallar müəyyən təsirlər göstərə bilər. Həkim qeyd edir ki, göbələk zəhərlənməsi zamanı zəhərlənən şəxs, həkimə gedərkən yediyi göbələkdən yanında aparsa yaxşı olar. Əlamətlər müşahidə edildikdən sonra xəstənin qusdurulması düzgün deyil. Xəstəyə müdaxilə edilmədən həkimə aparmaq lazımdır. Xəstəxanada xəstədən qan analizi götürülür. Bu analizlə zəhərin böyrəklərə və yaxud qaraciyərə verdiyi zərər müəyyənləşdirilir. Bəzi hallarda xəstədə koma, şok, təzyiqin düşməsi kimi hallar müşahidə edilir. Bəzən qaraciyər və böyrək funksiyasını itirə bilər. Bu zaman xəstəyə təcili qaraciyər və yaxud böyrək köçürülməsinə ehtiyac yarana bilər. Qaraciyər nəqli olmayan xəstələrdə, bədəndə amonyak yığılaraq ölümə yol aça bilər. Göbələk zəhərlənməsinə qarşı hərhansı bir panzəhər yoxdur. Ancaq zəhərlənmənin bədənə verdiyi fəsadlar aradan qaldırılır.

Göbələkdən zəhərlənməmək üçün...

Mağazalarda satılan göbələklərdən başqa göbələk yeməyin. Ağac altında, çöldə yetişən heç bir göbələk növü yeyilməməlidir. Adətən rəngli göbələklər zəhərli olur. Göbələyin üzərində rəng varsa, bu göbələklər çox təhlükəlidir. Və onları yemək zəhərlənmək deməkdir.

Valideynlər, uşaqlarını göbələklə bağlı məlumatlandırmalıdır. Uşaqlar, evdən kənarda göbələk yeməməlidir. Piknik ərazilərində olan göbələklər yığılmamalı və yeyilməməlidir.

"Qatıqla yeyilən göbələk zəhərləməz" fikrinin doğru olmadığını qeyd edən həkim bildirir ki, xalq arasında göbələklərlə bağlı miflər var:

"Yaxşı bişirilmiş göbələkdə zəhər ola bilməz", "Göbələyi sirkəli və duzlu suda saxlasanız, zəhəri yox olar", "Göbələyi günəş altında qurudan zaman zəhəri gedir", "Çöldə-bayırda yetişən göbələk zəhərli deyil", "Göbələk dərildiyi zaman rəngi dəyişməsə zəhərli deyil", "Ağaclarda olan göbələklər zəhərsizdir" və s. bu kimi fikirlər yanlış fikirlərdir.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »