Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstiqlalçı deputatların pensiya problemi nə vaxt həll olunacaq?
İstiqlalçı deputatların pensiya problemi nə vaxt həll olunacaq?

Milli Məclisin deputatı Sabir Rüstəmxanlı: “Deyilənə görə, bununla bağlı xüsusi sənəd hazırlanır”

Hacıbaba Əzimov: “Əgər bizə belə can yandırırlarsa, Prezident İlham Əliyevə müraciət etsinlər”

1991-ci ildən bu günə qədər 18 Oktyabr tarixi Azərbaycanda müstəqillik günü kimi qeyd edilir. Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında “Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı” qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu.

“Konstitusiya Aktı”nın qəbul olunmasından 7 ay əvvəl, yəni 7 mart 1991-ci ildə SSRİ-nin saxlanması ilə bağlı referendum keçirilir. Həmin vaxt Azərbaycan Ali Sovetində səsvermə keçirilir. 350 nəfər deputatdan iştirak etməyənlər çıxılmaqla yerdə qalanlar (43 deputat əleyhinə olmaqla) SSRİ-nin saxlanılmasına səs veriblər. Rəsmi məlumata görə, həmin iclasda iştirak edən deputatların 254 nəfəri SSRİ-nin saxlanmasının isə lehinə, 43 deputat isə əleyhinə səs verib. 6 nəfər bitərəf qalıb, 47 deputat isə iclasda iştirak etməyib.

Artıq “Konstitusiya Aktı”nın qəbul olunmasından 30 il keçir. Hər il bu gün ölkədə xüsusi qeyd edilir, ancaq SSRİ-nin saxlanılmasına etiraz edən 43 deputat yada salınmır. Onu da deyək ki, onların bir çoxu artıq həyatda yoxdur: ya həlak olub, ya vəfat edib.

Dilarə Əliyeva və Aydın Məmmədov 1991-ci ilin aprelində Qax rayonunda avtomobil qəzasına salınaraq qəsdən öldürüldü, Eldar Bağırova, Şahmərdan Cəfərova qarşı terror aktı oldu, qətlə yetirildilər (Eldar Bağırov Birinci Qarabağ Müharibəsində məşhur özünümüdafiə batolyonu komandiri, Milli Qəhrəman Allahverdu Bağırovun qardaşıdır – red:), Tofiq Qasımov və Hicran Kərimli mühacirətdə rəhmətə getdilər. İsgəndər Həmidov, Yusif Səmədoğlu, İsmayıl Şıxlı, Tofiq Bağırov, İbrahim İbrahimli, Şadman Hüseynov, Məryəm Həsənova, Mürşüd Məmmədli, Ədalət Rəhimov, Faiq Baxşəliyev, Bayram Bayramov, Məmməd Xələfov xəstəlikdən vəfat ediblər.

Onu da bildirək ki, bu günə qədər ölkədə sağ qalanların sosial təminatı ilə bağlı heç bir iş görülməyib və pensiya problemi hələ də həllini tapmayıb. Müstəqillik günü ilə bağlı bir neçə dəfə Milli Məclisdə bu haqda müzakirələr aparılsa da, heç bir nəticəsi olmayıb. Hətta deputat, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, xalq şairi Sabir Rüstəmxanlı istiqlalçı deputatların pensiya probleminin həll olunması tələbi ilə çıxış edib.

Bəs bu tələbə hansı reaaksiya verildi? Bununla bağlı hansı instansiyalara müraciət edilib və nə cavab alınıb?

Sabir Rüstəmxanlı Sabir Rüstəmxanlı

Bu suallara cavab verən deputat Sabir Rüstəmxanlı Bizimyol.info saytına açıqlamasında məsələnin bir neçə dəfə Milli Məclisdə müzakirəyə çıxarıldığını bildirdi.

Onun sözlərinə görə, yaxın günlərdə problem yenidən parılamentdə gündəmə gətiriləcək:

“Bu barədə hətta aidiyyəti qurumlara da məlumat verilib. Deyilənə görə, bununla bağlı xüsusi sənəd hazırlanır”.

Bizimyol.info saytının suallarına cavabında istiqlalçı deputatlardan biri, professor Hacıbaba Əzimov bildirdi ki, ölkədə bəziləri ildə bir dəfə özlərini millətin qarşısında doğrultmaq üçün bu məsələni qaldırırlar.

Hacıbaba Əzimov Hacıbaba Əzimov

“Əgər bizə belə can yandırırlarsa, o zaman beş deputat bir yerə yığılıb problemin həll olunması üçün Azərbaycan prezidenti İlham Əliyevə müraciət etsin” – deyə müsahibimiz vurğuladı.

İstiqlalçı deputatlara təyin olunmuş pensiyaların hələ 2000-ci ildə Milli Məclisin keçmiş aparat rəhbəri Səfa Mirzəyevin məktubuna əsasən kəsildiyini deyən həmsöhbətimiz, keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun hələ Dövlət Sosial Müdafiə Fondunun sədri olarkən Səfa Mirzəyevlə məktub yazışmalarının olduğunu da diqqətə çatdırdı:

“Səfa Mirzəyev məktubunda göstərirdi ki, bu deputatlara pensiya şamil oluna bilməz. Onun məktubda hətta Müslümovu inandırmaq üçün müəyyən tezislər də irəli sürdüyü də iddia olunur. Bu məktubdan sonra pensiya məsələsi həllini tapmadı. İstiqlalçı deputatların çoxu səfalət içində və xəstəliklərdən öldü, bəziləri də sonradan, yəni 1991-1995-ci illərdə Milli Məclisin deputatları oldu”.

“Bəzi ölkələrdə keçmiş deputatlarla bağlı xüsusi qanunlar var. Ancaq bizdə belə bir qanun yoxdur”, - deyə vurğulayan H.Əzimov, 1996-cı ildə “Milli Məclisin deputatının statusu haqqında” Qanuna deputatların pensiya təminatı barədə belə bir bəndin də əlavə edildiyini xatırlatdı:

“Bənddə göstərilir ki, Milli Məclisin sabiq deputatı pensiya yaşına çatdıqda, fəaliyyətdə olan deputatın əməkhaqqının 80 faizi qədər pensiya alır. Bu gün həmin əlavə, bir də “Əmək pensiyası haqqında” Qanun əsas tutularaq, deputatlara pensiya müəyyən olunur. Həm əlavədə, həm də qanunda hər şey öz əksini tapıb və heç bir qaranlıq məqam qalmayıb. Milli Məclisi biz qurmuşuq, deputatı olmuşuq. Yaz-qış demədən, tətil və istirahət bilmədən və cüzi maaşla gecə-gündüz işlədik və müstəqil dövlətimizin qanunvericilik bazasını yaratdıq, dövlət atributlarını qəbul etdik. O cümlədən “Respublika günü haqqında”, “Dövlət bayramı haqqında” və “Dövlət müstəqilliyi haqqında” qanunlar qəbul etdik. Ancaq bu gün bizə qarşı diskriminasiya həyata keçirilir”.

Rövşən Ziya, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »