Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ata Abdullayev məhkəmədə ağladı
Ata Abdullayev məhkəmədə ağladı

Ata Abdullayev məhkəmədə ağladı, onun 10000 tələb edib “iPhone 11 Pro Max” aldığı şəxs danışdı: “Bu adam pulla sifarişlər yerinə yetirir”

Özünü video-bloger kimi təqdim edən, müxtəlif adamları onlar haqqında rüsvayedici məlumatlar yaymaqla hədələyib pul tələb edən Ata Abdullayevin işi üzrə məhkəmə istintaqı başlayıb.

Bizimyol.info xəbər verir ki, oktyabrın 19-da Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyilə keçirilən məhkəmə prosesində Ata Abdullayevin şantaj edib pul aldığı iddia olunan şəxslərdən biri ifadə verib. O, Avropa Oyunları, Formula-1 yarışları kimi tədbirlər zamanı Gənclər və İdman Nazirliyinin nəzdində yaradılan Tədbir Əməliyyat Komitəsində mühasib kimi çalışan Elmar Əliyevdir. O, ifadəsində bildirib ki, Ata Abdullayev əvvəlcə 10 min manat pul tələb edib. O pulu ala bilməyəndə canlı yayımda onun haqqında həqiqətə uyğun olmayan fikirlər səsləndirib. İddia edib ki, Avropa Oyunları zamanı istifadəyə verilmiş Atletlər Kəndindəki evlərdən mebel və başqa məişət əşyalarını satıb.

Elmar Əliyevin sözlərinə görə, Ata Abdullayev özü ona zəng edib: “Əvvəl əhəmiyyət vermədim ki, nə istəyir, eləsin. Mənimlə aqressiv damışırdı, nə dediyini tam anlamaq olmurdu. Keçmiş biznes şərikim Turalla aramızda problem yarandı, bundan sonra Ata Abdullayev mənə zəng elədi. Mənə deyirdi ki, sən məmursan, dövlətin malını yeyirsən, talayırsan, satırsan. Halbuki, mən heç vaxt dövlət qulluğunda işləməmişəm. Müddətli müqavilə ilə işləmişəm. O, mənə zəng eləyəndə fikirləşdim ki, tanınan adam deyiləm, məmur deyiləm, niyə mənə zəng eləsin? Anladım ki, şərikim Turalın sifarişidir. Ata Abdullayev özü də növbəti zəngdə mənə dedi ki, sən Turalı döymüsən və s. Onda əmin oldum. Pulu verməyəndə canlı yayım açıb, mənim haqqımda danışdı. Mənə qohumlar xəbər verdi. Dedilər ki, bunun sifarişlə işlədiyini hamı bilir, nə istəyir, ver, əl çəksin. Bakıda bir çox adamlar bir-birini tanıyır, iş üçün harasa CV verirsən, ona görə fikirləşdim ki, verim, əl çəksin. Sonra məlum oldu ki, fikrini dəyişib, telefon istəyir. Dostumdan xahiş elədim, 2400 manata aldı, Ata Abdullayev adam göndərmişdi, ona verdi. Dostum telefonu alanda kodunu çəkib saxlamışdı. Bundan sonra Ata Abdullayev məndən əl çəkdi, canlı yayımı da sildi”.

Zərərçəkmiş qismində tanınan Elmar Əliyev dindirmənin sonunda bildirib ki, telefonu tələb edir: “Bu adam pulla sifarişlər yerinə yetirir. Bunu hamı bilir. Ona görə də bu, canlıya çıxanda mənə dedilər ki, hamı bilir niyə eləyir, nə istəyir ver, əl çəksin”.

Ata Abdullayev bu yerdə zərərçəkmişin dediyinə əsəbiləşib: “Məni təhqir eləməyin. “Hamı bilir” sözü təhqirdir…”

Ata Abdullayev zərərçəkmişin yalan danışdığını, onun haqqında heç bir video yaymadığını, onu hədələyib pul istəmədiyini bildirib: “Mən bu gün fəxr edirəm ki, İlham Əliyev ideyalarına qulluq edirəm. Bu gün DTX-da qardaşlar məni qoruyur, Allah da onları qorusun. Məni bu adam olmayan video ilə məni ittiham edir. Belə şey olar? Hanı bir sübut? “Bəlkə müstəntiq Stiv Cobsdan arayış alıb? Heç bir sübut yoxdur. Olmayan video ilə məni ittiham edirlər”.

Ata Abdullayev həbsdən çıxmaq istədiyini də bildirib: “Mən buradan çıxmaq istəyirəm. Mən Heydər Əliyevin, Zərifə xanımın, şəhidlərimizin, atamın məzarını ziyarət eləmək istəyirəm. Mən 8 aydır 6 kvadrat metrlik otaqda tək qalıram. Düzdür, iki dəqiqədən bir mənim təhlükəsizliyimi, psixoloji durumumu yoxlayırlar. Cənab hakim, mənim atam yoxdur, sizdən ata kimi xahiş edirəm...”

Ata Abdullayev məhkəmədə bir neçə dəfə ağlayıb.

İş materiallarında onun dörd nəfəri şantaj edib, onlar haqqında rüsvayedici məlumatlar yaymamaq üçün pul tələb etdiyi bildirilir. Zərərçəkmişlərdən yalnız Elmar Əliyev məhkəməyə gəlmişdi. Digər üç nəfər növbəti məhkəmə iclaslarında dindiriləcək.

İttiham aktında göstərilib ki, Ata Abdullayev Elmar Əliyevdən başqa, Abşeron rayon İcra Hakimiyyətinin Masazır qəsəbəsi üzrə nümayəndəsi Şahlar Həsənovdan 6000 pul istəyib. O, icra nümayəndəsini Masazırda məişət tullantılarının vaxtında daşınmamasıyla bağlı video yaymaqla hədələyib.

Sahibkarlar Cəmil Babayev və Elçin Əliyevi isə onların ağac kəsməsi, qanunsuz tikinti aparması haqda videomateriallar yaymaqla hədələyib pul tələb etdiyi bildirilir. Ata Abdullayevin məhkəməsi oktyabrın 26-da davam edəcək.

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »