Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”
“250 min manatı icra başçısı mənimsəyib, amma məni həbs ediblər”

“Göyçay rayon icra başçısı Mehdi Səlimzadənin törətdiyi cinayətə görə məni şərləyib həbs ediblər”.

Bu sözləri Göyçay rayonu Qarayazı kənd sakini hazırda Şəki Penitensiar Müəssisəsində saxlanılan Əliyev Loğman Kərim oğlu Bizimyol.info-ya açıqlaması zamanı bildirib. Şikayətçinin sözlərinə görə, o, bu qanunsuzluğa etiraz olaraq 17 sentyabr 2021-ci il tarixdən ölüm aclığı aksiyasına başlayıb.

“Mənə qarşı irəli sürülən ittiham tam qanunsuzdur. Həmin pulları mən yox icra başçısı Mehdi Səlimzadə mənimsəyib ki, buna dair konkret və mötəbər subutlarım var.

Mən 2015-ci il tarixdə Göyçay rayon Sanitar-Təmizlik idarəsinin rəisi vəzifəsinə təyin edilmişəm.

Mehdi Səlimzadə isə 2016-cı ilin iyun ayında Göyçay rayon icra hakimiyyəti başçısı vəzifəsinə təyin edilib.

Mehdi Səlimzadənin tapşırığına əsasən işə əlavə qəbul edilmiş şəxslər adları işdə getsə də, özləri heç vaxt işə gəlməyiblər. Onların əmək haqları isə birbaşa Mehdi Səlimzadəyə çatıb.

Əgər istintaq düzgün aparılarsa, bu, subut olunacaq. Çünki çoxlu sayda işçinin bir neçə il işə gəlmədən maaş almasını Göyçay rayon Sanitar-Təmizlik idarəsinin mühasibi Həmid Həmidov, mühəndis Fatma Hümmətova bilib və sənədlərə imza ediblər. Həmin şəxslərin işə gəlmələri barədə davamiyyət kitabına imzaları mühəndis Fatma Hümmətova özü edib. Bu cinayətləri birbaşa Mehdi Səlimzadənin sifarişi ilə ediblər. Onlar isə hazırda qorxularından susublar. Ancaq ortada konkret subutlar var”.

Şikayətçi bildirir ki, o, Mehdi Səlimzadənin bu işə son qoymasını təkidlə tələb etdiyi üçün onu qanunsuz işdən çıxardıb və daha sonra oğlunun köməkliyi ilə onu həbs etdirməyə nail olub.

“Hətta mən işimə bərpa olunmaq üçün məhkəməyə müraciət etdim və Ağdaş rayon məhkəməsinin 03 fevral 2021-ci il tarixli qətnaməsi ilə işimə bərpa olundum. Buna görə təlaşa düşən Mehdi Səlimzadə oğlunun köməkliyi ilə mənə qarşı qondarma cinayət işi açılmasına nail oldu. 24 avqust 2021-ci il tarixdə məni həbs etdilər. Hazırda barəmdə olan qondarma cinayət işinə Şəki Ağır Cinayətlər Məhkəməsində baxılır.

17 sentyabr 2021-ci il tarixdə cinayət işim üzrə hazırlıq məhkəməsi keçirildi. Mən məhkəmə hazırlıq iclasında qanunsuz həbs olunmağıma etiraz olaraq ölüm aclığı aksiyasına başlamağımı elan etdim”.

Əliyev Loğmanin sözlərinə görə, cinayət  ittihamında qeyd edilən 250 000 manat pulu icra başçısı Mehdi Səlimzadə mənimsəyib.

“Buna dair konkret və mötəbər subutlar var. Bu gün həbsdə mən yox, Mehdi Səlimzadə həbs olmalıdır. Həmin pullar isə hazırda sürücüsü olan qardaşı oğlu Toğrul Səlimzadə vasitəsilə Mehdi Səlimzadəyə çatdırılıb. Bundan əvvəl isə onun pul yığanı Mehdi Səlimzadənin digər qardaşı oğlu Səməd idi. Aralarında pula görə narazılıq oldu deyə onu uzaqlaşdırdı. Mehdi Səlimzadənin bütün fəaliyyəti ağır cinayətlərlə doludur.

Mən mətbuat vasitəsiilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə müraciət edirəm: Məni qanunsuz həbs ediblər, xahiş edirəm mənim şikayətim obyektiv araşdırılsın,  törətdiyi ağır cinayətə görə həbsdə Mehdi Səlimzadə özü olmalıdır”,- deyə şikayəçi bildirib bildirib.

Göyçay rayon İcra Hakimiyyətindən Bizimyol.info-ya açıqlama verilərək bildirilib ki, Loğman Əliyev Sanitar Təmizlik İdarəsinə rəhbərlik etdiyi dövrdə ciddi maliyyə və digər pozuntulara yol verdiyi üçün aidiyyatı orqanların apardıqları araşdırmalar nəticəsində açılmış cinayət işi hazırda müvafiq məhkəmədə baxılır və məhkəmə tərəfindən məsələyə hüquqi qiymət veriləcək.

Leyla Mirzə, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »