Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan qələbəsinin əsası - milli birlik
Azərbaycan qələbəsinin əsası - milli birlik

Dünən Füzuli şəhərinin yenidən əsası qoyuldu. Yeni bir Füzuli şəhəri olacaq. Həm də əvvəlkindən çox böyük. Köhnə şəhər 410 hektar sahədə yerləşirdi. Yenisinin ən 4-5 dəfə böyük olacağı gözlənilir. Eyni zamanda daha müasir, gözəl bir şəhər qurulacaq. Ən başlıcası, Füzuli rayonunun, o cümlədən, şəhərinin önəmi və strateji əhəmiyyəti daha da artıb. Təkcə, rekord sayılacaq qədər qısa müddətdə hava limanının tikilməsi və ona beynəlxalq status verilməsi faktının özü də yetərli idi.

Dağlıq Qarabağ Muxtar Vilayəti mövcud olduğu dövrdə Qarabağ bölgəsində Xankəndinin inzibati mərkəz olaraq ayrı bir önəmi vardı və indi də var. Şuşanın həmişə ayrı bir yeri vardı və var. Başqa bölgələrin də hər birinin ayrı-ayrı Azərbaycanın ictimai, iqtisadi, mədəni həyatında özünə məxsus əhəmiyyəti var. Qarabağın dağətəyi və düzən hissələrindəki beş rayon arasında Ağdam və Füzuli həm ərazisinə, həm əhalisinə, həm iqtisadi, logistik və sair imkanlarına görə fərqlənirdi. Bu anlamda bütövlükdə Qarabağ bölgəsində, o cümlədən, Füzulidə başqa bir özəllik də olub. Bu da orada müxtəlif xalqların nümayəndələrinin yaşaması idi. Sovet dövründə də, müstəqilliyin ilk illərində də Füzuli rayonunda əhalinin çoxluğu (97 faizə yaxın) Azərbaycan Türkləri olub. Bununla yanaşı, rayonda ruslar, talışlar, ləzgilər, kürdlər, ermənilər və gürcülər də yaşayıb. Bu rayonda tatar ailələri də vardı. 1993-cü ildə Ermənistan Silahlı Qüvvələrinin bölmələri Füzuli rayonunu işğal edən zaman əhalini didərgin saldı. Yəni, təkcə titul xalqın – Azərbaycan Türkləri ilə yanaşı sadaladığımız xalqların nümayəndələrini də öz yurd-yuvalarından etdi. Bütün Qarabağ uğrunda olduğu kimi, Füzuli rayonu uğrunda da döyüşlərdə Azərbaycanda yaşayan bütün xalqların övladları döyüşüb və şəhid olub, yaralanıb. Bu, həm birinci, həm də ikinci Qarabağ müharibələrinə aiddir.

Məlumdur ki, işğalçı erməni ordusunun bölmələrinin ən möhkəm müdafiə qurğularının olduğu iki əsas istiqamətdən biri Füzuli rayonu ərazisində idi. İşğalçı ordu Füzuli şəhərini (daha doğrusu, onun xarabalıqlarını) qalaya çevirməyə çalışmışdı. Orada böyük canlı qüvvə cəmləşdirmişdi, eyni zmanda bir neçə qatdan müdafiə xətti qurmuşdu. Buna görə Azərbaycan Silahlı Qüvvələrinin komandanlığı daha az itki ilə Füzuli şəhərini götürmək üçün gələcəkdə tarix kitablarına, hərb elminə yazılacaq manevr edib Hadrutu azad edərək, Füzuli şəhərinə düşmən qüvvələrinin arxasından həmlə edərək götürüb. Füzuli qələbəsi, əslində, Şuşa qələbəsi qədər tarixə düşəcək hadisədir. Bu qələbənin qazanılmasında Azərbaycan ordusunun sıralarında xidmət edən və Azərbaycandakı müxtəlif xalqları təmsil edən əsgər və zabitlərimiz vuruşub.

Bakı şəhər sakini, rus milliyyətindən olan Denis Pronin də öz döyüş yoluna Füzuli rayonundan başlayıb, Cəbrayıl uğrunda döyüşlərdə qəhrəmanlıqla şəhid olub.

Bu, təkcə Füzuli rayonuna aid deyil, başqa rayonlarımızn azad edilməsində də biz eyni milli həmrəyliyi, birliyi gördük. Bu, Azərbaycan fenomenidir. Azərbaycandan da dəfələrlə böyük olan ölkələr var ki, onların istər cəmiyyətində, istər ordusunda milli ayrı-seçkilik faktları çox geniş yayılıb. Azərbaycanda isə, biz bunun əksini görürük. Özünü “İslam Respublikası” elan etmiş İran işğalçıların arxasında dayandığı zaman xristian və yəhudi dininə mənsub insanlar müsəlman Azərbaycan Türkləri ilə birlikdə bu müqəddəs torpaqlar uğrunda canlarını əsirgəmirdilər. Azərbaycanın fenomenal olayı da budur. Çünki Azərbaycanda heç vaxt bu əsasda ayrı-seçkilik olmayıb və yoxdur. Yalnız Qarabağ bölgəsində 80-ci illərin sonu-90-cı illərin əvvəllərində xaricdən qızışdırılan separatçı qüvvələr, eləcə də, terrorçu dəstələr Azərbaycan dövlətindən bu bölgəni ayırmağa çalışdılar. Ancaq ölkəmizdə xalqın birliyi, istər milli, istər dini, istər siyasi, istər sosial həmrəyliyi bu planların qarşısını aldı. Bu gün Qarabağda Azərbaycan bayraqları dalğalanır. Hazırda Rusiya sülhməramlı qüvvələrinin məsuliyyət ərazisində yaşayan erməni milliyyətindən olan şəxslərə də Azərbaycan dövləti sahib çıxır; onlara Azərbaycanın suverenliyi çərçivəsinə qayıdıb Azərbaycan vətəndaşlığını daşımaq və Azərbaycan cəmiyyətinə inteqrasiya edib normal yaşamaq təklif olunur. Qarabağ uğrunda gedən döyüşlərdə də Azərbaycan ordusu dinc sakinlərə qarşı diqqətli, mərhəmətli yanaşdı. Heç bir dinc sakinin zərər çəkməsinə imkan verilmədi. Bu, Azərbaycan cəmiyyətinin insani təbiətindən və Azərbaycan dövlətinin hüquqi mahiyyətindən irəli gəlir.

Bu gün 18 oktyabr Azərbaycanın müstəqilliyinin bərpa olunmasından 30 il keçir. 1991-ci ildə Dövlət Müstəqilliyinin Bərpa Olunması haqqında Konstitusiya Aktı, 1995-ci ildə müstəqil Azərbaycan Respublikasının ilk və bu gün də qüvvədə olan Konstitusiyasında vətəndaşların milli və dini hüquqlarına da böyük bir fəsil həsr edilib və sonrakı 30 ildə də bu Konstitusion təminatlar icra edilib və edilməkdədir. Azərbaycan burada yaşayan bütün xalqların Vətənidir: bu, tarixən belə olub, belədir və belə də qalacaq.

Seyid Əhmədli, Bizimyol.info

Bu məqalə Medianın İnkişaf Agentliyinin onlayn media subyektlərinə (vebsaytlara) maliyyə dəstəyi çərçivəsində hazırlanıb

İstiqamət: 6.3.15. Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf istiqamətləri

Paylaş »
››› "Azəravtoyol"dan "duzsuz" açıqlama, yaxud "kürək" siyasəti...
››› Diplomatiyanın "Soçi dəhlizi"...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Yaponiyada "yaddaş silmək" təcrübəsi - Tibbdə maraqlı yenilik
››› Almaniya və Çexiyada "Omikron" ştammı aşkar edilib
››› Ermənistanda kriminal aləmin ondan çox nümayəndəsi saxlanılıb
››› Partlayış baş verən mədəninin direktoru həbs edilib
Son xəbərlər
Bütün xəbərlər »